
Azərbaycanın qeyri-neft ixracı son 6 ildə iki dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, hələ də ÜDM-də, ixracda neft və qazın böyük payı var.
“Bununla yanaşı, son 6 ildə qeyri-neft ixracı təxminən iki dəfə artıb. Sənaye zonalarında 170-dən çox müəssisə fəaliyyət göstərir, 4 milyard dollardan artıq sərmayə yatırılıb və 10 mindən çox iş yeri yaradılıb. Əvvəllər qeyri-neft ixracımız əsasən kənd təsərrüfatı məhsullarından ibarət idi. İndi isə emal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının payı daha çoxdur. Rəqabətqabiliyyətli sənaye yaratmaq üçün innovasiya və texnologiya həlledici əhəmiyyət daşıyır”, – deyə nazir müavini diqqətə çatdırıb.