Bu ilin yanvar-fevral aylarında Azərbaycandan həyata keçirilən ixracın böyük hissəsi xam neft, neft məhsulları və təbii qazın payına düşüb.
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin ilk iki ayı ərzində ölkədən ixracın həcminin 84,58%-ni xam neft, 4,52%-ni neft məhsulları,188868,16 min dolarını və ya 4,51%-ni isə təbii qaz təşkil edib.
İxracda payına görə sonrakı yerləri bitki və heyvan mənşəli yağlar (ümumi ixracda 1,13%), şəkər (0,82%), qara metallar və ondan hazırlanan məmulatlar (0,45%), meyvə-tərəvəz (0,35%), alüminium və ondan hazırlanan məmulatlar (ya 0,32%) tutur.
Vəziyyət belədir.
Dünyada isə bestseller, yəni yaxşı satılan kitab ixrac edən ölkələr də var. Hərçənd ki, bestseller ixracı gömrükçülərin hesabatına düşmür, hər halda düşməməlidir. Amma hamı bu məsələdən xəbərdar olur. Deyək ki, Norveçin, ya da Fransanın bestseller ixracı barədə çoxları məlumatlıdır. Ən azı, təkrar edirəm, ən azı ona görə ki, Norveçin Nesbösü, Fransanın da Myussosu var.
Norveçli Yu Nesbö 1960-cı ildə anadan olub. 37 yaşında çap edilmiş ilk romanı sensasiya doğurub. “Gönlücə” («Flaggermusmannen») adlı bu romanı tənqidçilər “ani bestsellər” kimi səciyyələndiriblər. Məhz “Gönlücə”yə görə Nesbö Skandinaviyanın çox nüfuzlu “Şüşə açar” mükafatına layiq görülüb…
Fransız Giyom Myusso 1974-cü ildə anadan olub. 2004-cü ildə “Sonra…”(«Et Aprés…») adlı ilk romanının əlyazmasını nəşriyyatlardan birinə göndərib. Bu roman 1 milyon nüsxədən artıq tirajla çap edilir. Onlarla dilə tərcümə edilmiş roman Jil Burdo tərəfindən «Fidélité Films» kompaniyasında ekranlaşdırılıb. Filmdə Romen Dyupri, Con Malkoviç, Yevancelina Liilli çəkiliblər…
Nesbö və Myusso bir kitab yazıb məşhurlaşdıqdan sonra qələmi yerə qoymayıblar. Nesbönün Harri Holle adlı polis haqqında yazdığı romanlar çox böyük tirajlarla çap edilməkdədir. (Elə “Gönlücə” bu seriyanın ilk romanı olub.) Myussonun “Sonra…”dan sonra yazdığı romanlar da böyük uğur qazanıb.
Bax belə. Bir filmimizdə rəhmətlik Mirzə Babayevin canlandırdığı surətin təbirincə desək, bəs niyə bizdə o əjdahadan (yəni bestsellerdən) yoxdur?
Axı bu məmləkətdə hətta “Samiraldo” ləqəbli Samir haqqında da roman yazılır…
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 82-83)