– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?
– 1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışıram. İnstitutda IX əsrdən əlyazma kitablar saxlanılır. Vəzifəm bu kitabların fotosürətini, plyonkası çəkmək sonra oxucuların istifadəsinə verməkdir.
AĞACOYMA MƏŞĞUL OLMAĞA BAŞLAYANDA 48 YAŞIM VAR İDİ
– Ağacoyma sənəti ilə məşğul olmaq çoxdankı arzum idi. Ərəb əlifbası həmişə diqqətimi çəkib. Bu əlifbanın gözəlliyinə daha çox qəbir daşları və məscid divarlarında rast gəlirik. Həmişə fikirləşmişəm ki, əlifba kompozisiyalarını ağac üzərində göstərmək olarmı? Bir-iki yazını ağacda işlədim. Nəticə gözlədiyimdən daha yaxşı alındı. Alınan işi sənət adamları, xəttatlara göstərdim. Onlar zəhmətimə müsbət qiymət verəndən sonra, sənətin arxasınca getməyə qərar verdim. Və başladım Azərbaycan klassiklərinin adını ağac üzərində işləməyə. Nəsrəddin Tusi, Məhəmməd Füzulidən başladım. Ərəb dilini bilmirdim deyə, dili bilən adamlardan xahiş edirdim ki, istədiyim sözü yazsınlar. Söz düzgün yazılandan sonra onu kağızda kəsib, qəlib götürüb, sonra ağac üzərində işləyirdim. 1982-ci ildən ağacoyma ilə məşğulam. Sənətə başlayanda 48 yaşında idim. İndiyə kimi 54-55 işim var.
– Təxminən 35 ildir ağacoyma ilə məşğulsunuz. İndiyə kimi fərdi sərginiz olubmu?
– Fərdi sərgim 1 dəfə, 2000-ci ildə Bakıda olub. Amma ümumilikdə çox sərgidə iştirak etmişəm.
ƏN ÇOX ÜZƏRİNDƏ ÇALIŞDIĞIM İŞ 7 AY VAXTIMI ALIB
– Bir əsər hansı müddətə hazır olur?
– Ən azı 3 aya. Ən çox üzərində işlədiyim iş isə 7 ay olub. Elə ən çox sevdiyim işim də odur.
– Ağacları haradan əldə edirsiniz?
– Oğlum mebel şirkətində çalışır. Çox vaxt oradan tapıram. Bəzən isə heç tanımadığım insanlar ağac hədiyyə edirlər. Bir dəfə işdən çıxırdım, gördüm Namiq adlı bir nəfər məni gözləyir. 1 gün əvvəl məni televiziyada göstərmişdilər. Televiziyadan tanımışdı məni. Dedi həyətimdə bir qoz ağacı var. Hədiyyə etmək istəyirdi.
– Sənətə olan diqqətdən razısınızmı?
– Təəssüf, diqqət gözlədiyimdən azdır. Bizim xalq çox müdrik xalqdır. Yaradan bizə hər şey verib. Bəlkə ona görə biz onun qədrini bilmirik. Dəfələrlə fikir vermişəm ki, xaricilər sənətimə özümüzünkülərdən daha çox maraq göstərir.
– Amma işlərim diqqət mərkəzindən tam kənarda qalır deyə bilmərəm. Məsələn, 2000-ci ildə haqqımda Azərbaycan Dövlət Televiziyası tərəfindən “İki ömür” adlı televiziya filmi çəkildi. “Soltan Məhəmməd”, “Rəhil” əsərlərim Berlin şəhərindəki İslam Mədəniyyəti Muzeyinin ekspozisiyasında saxlanılır. Bundan əlavə, M.Füzulinin 500 illiyi ilə bağlı YUNESKO-nun xətti ilə Parisdə keçirilən yubiley tədbirində iki işim nümayiş olunub. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Səudiyyə Ərəbistanında keçirilən “Azərbaycan Mədəniyyət Günləri” çərçivəsində təşkil olunan sərgidə iştirak etmişəm. 2009-cu ildə işlərimlə bağlı Həcc ziyarətinə getdim. 2010 və 2012-ci illərdə isə Türkiyədə sərgiyə dəvət edilmişəm.
– Qarabağla bağlı işiniz var? Qarabağ düyünü sənətinizdə hansısa formada öz əksini tapıbmı?
– Təəssüf ki, yox. Çünki bu işdə mücərrəd ideya ortaya qoyulur. Birbaşa Qarabağla bağlı işim olmasa da çalışmışam, getdiyim ölkələrdə sənəti layiqincə təqdim edim. Həmişə klassiklərin adını canlandırıram ki, işlərə baxan əcnəbi də görsün ki, Nizami, Füzuli bizimdir. Vətəni bu cür təbliğ etməyə çalışıram.
– Çox sağ olun, işlərinizdə uğurlar.
– Diqqətiniz üçün minnətdaram. Sizə, 1905.az portalına uğurlar arzulayıram.
Hazırladı: Aynur Hüseynova, 1905.az
29 aprel 2015-ci il