Azərbaycan “Şərq tərəfdaşlığı sammitinin yekun Bəyannaməsinin müəyyən müddəalarını blok etmək istəyib.
APA-nın Riqaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin prezidenti Martin Şultz bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bəzi müddəalarla razılaşmayıb.
M. Şultz Azərbaycanın daxili siyasəti ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib, bununla belə, Azərbaycan hakimiyyəti ilə dialoqu davam etdirməyin tərəfdarı olduğunu vurğulayıb.
Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov isə M. Şultzun hər dəfə bir bəhanə ilə Azərbaycanın əleyhinə addımlar atdığını deyib: “Onun beynində, fikrində həmişə Azərbaycan var. Bu sammitin məqsədi Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” dövlətlərinin əməkdaşlığının indiki vəziyyətini, problemlərini, perspektivlərini müəyyənləşdirməkdən, nəzərdən keçirməkdən ibarətdir.
Şübhəsiz, bununla bağlı Avropa İttifaqı ilə əməkdaşlığımızda müəyyən sözümüzü, mövqeyimizi bildiririk. Bu forumun yekun Bəyannaməsinə ciddi iradlarımız var. Biz Bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının xarakterinə uyğun saymırıq. Azərbaycan postsovet məkanında Avropa İttifaqı ilə uğurlu, hərtərəfli əməkdaşlıq edən dövlətdir. Amma Bəyannamədə Azərbaycanla bağlı müddəalar o ruha cavab vermir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan narazıyıq. Bütün bunları biz açıq şəkildə Avropa İttifaqı rəhbərliyinə, burada iştirak edən bütün dövlətlərin nümayəndə heyətlərinə çatdırdıq.
Bununla bağlı çox böyük gərginlik yarandı. Biz ümumilikdə Bəyannaməyə razılıq veririk, amma xüsusi mövqeyimizi bildirməklə… Xüsusi mövqeyimizi isə rəsmi surətdə yazıb göndərəcəyik. Biz Avropa İttifaqı ilə sıx enerji, siyasi islahatlar, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq edirik, ikinci belə dövlət yoxdur. Amma bizi başqa dövlətlərlə eyniləşdirmək lazım deyil.
Azərbaycan prezidenti də dəfələrlə deyib ki, Avropa İttifaqı ilə münasibətlərimiz xüsusi xarakter daşımalı, aramızda strateji tərəfdaşlıq olmalıdır. Biz münasibətlərimizi bu istiqamətdə qurmaq istəyirik.
Bu dəfə də təklifimiz və tələbimiz bu idi ki, Avropa İttifaqı ilə münasibətlərimizi başqaları ilə eyni çərçivədə yox, ayrıca – strateji tərəfdaşlıq sənədi ilə quraq. Danışıqlar da bu istiqamətdə gedirdi. Təkliflərimiz Avropa İttifaqı tərəfindən nəzərə alınmasa, gələcəkdə bu əməkdaşlıq, bu əməkdaşlığın xarakteri ilə bağlı mövqeyimizi bildirəcəyik”.