Böyük şair Corc Noel Qordon Bayron (1788–1824) “Çayld Haroldun səyahətləri” poeması işıq üzü görər-görməz, böyük futbolçu Lionel Messi isə 2006/07 mövsümünün oyunlarından birində, “Real”ın qapısından dalbadal 3 top keçirəndən, futbol dili ilə desək, xettrik edəndən dərhal sonra məşhurlaşıblar.
Azərbaycanda məşhurlaşmaq üçün nə dahiyanə poema yazmaq lazımdır, nə də bir oyunda 3 qol vurmaq.
Azərbaycanda məşhurlaşmaq üçün Balabəy olmaq kifayətdir.
Balabəyi az qala hamı tanıyır. Və bu şəxs Bayron, ya da Messi kimi milyonların sevimlisinə çevrilə bilməsə də, məşhurlaşa bilib. Əminlik hissi ilə deyirəm ki, bu adamı təkcə doğulub boya-başa çatdığı rayonda deyil, bütün bölgələrdə tanıyırlar.
Özü də təkcə respublikamızın bölgələrində yox.
Bu şəxsin başına gələnlər haqda məlumatların post-sovet məkanına səpələnmiş və Azərbaycanda baş verən əhəmiyyətli, necə deyərlər, taleyüklü məsələlərlə permanent olaraq maraqlanan həmyerlilərimizə operativ şəkildə çatmadığını düşünmək ən azı sadəlövhlük olardı.
Təsəvvür edin, yuxarıda adı çəkilən şəxs, yəni Balabəy son bir neçə gün ərzində düz 3 dəfə diqqəti çəlb edə bilib.
Əvvəlcə məmləkətimizin dilbər güşələrindən birində yerləşən şadlıq sarayında baş tutmuş toy məclisində bəy qismində iştirak etdikdən dərhal sonra gəlinin qaçması ilə.
Hadisədən 3-4 gün sonra verdiyi açıqlama ilə. APA TV-yə verilmiş açıqlamadan aşağıdakı cümlələr xüsusilə yaddaqalan, həm də ibrətamizdir: “ Özümə qız da tapmışam. Məhərrəmlikdən sonra evlənəcəyik. Bilirsiniz keçmişi keçmişdə buraxdım. Yeni həyata davam edirəm.”
Və nəhayət, sözü gedən toydan bir həftə sonra yeni addımla. Noyabrın 11-də qafqazinfo.az Balabəyin “heç nəyə baxmayaraq” yenidən evlənmək üçün qız qaçırması ilə bağlı məlumat yayıb.
Elə həmin xəbərdə Balabəyin ailə üzvlərinin “polis şöbəsinə müraciət edərək bu biabırçılığa son qoyulması üçün araşdırma aparılmasını və onlara dəyən maddi ziyanın ödənilməsini tələb edəcəkləri” bildirildi. Balabəyin yaxınları toy məclisinin keçirilməsi, qızıl-zinət və geyim əşyalarının alınması üçün xərclədikləri 8 min manat pulun verilməsini, sonra isə qızın ailəsinin bəy evindən cehizlərin aparılmasını istədiklərini deyiblər.
Buna deyərlər nyusmeykerlik.
Özü də ən yüksək dünya standartlarına müvafiq tərzdə.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 122-123)