Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu dünən başa çatıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilib.
Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində son illər ərzində mili at cinslərimizin dünyada Azərbaycan brendi kimi tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında Vindzor Kral Atçılıq Şousunda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.
Vindzor Kral Atçılıq Şousunda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarıblar. Təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənib, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanıb.
Cari ildə 80 yaşını qeyd edən bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi şou-kompozisiya hazırlanıb. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.
Milli musiqi alətlərimiz tütək, zurna, balabanda və digərlərində ifa olunan milli mahnıların bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlayıb. Nəzərdə tutulmuş tarixlərdə hər gün 15 dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları diqqəti xüsusilə cəlb edib.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru, Əməkdar jurnalist Rövşən Cahangirov, xoreoqrafı Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının bədii rəhbəri, Əməkdar artist Fərid İbrahimov və suvarilər dəstəsinin quruluşçu təlimatçısı İmran Əhmədlidir.
Mayın 14-də mötəbər qonaqların iştirakı ilə Azərbaycan Günü keçirilib. Həmin tədbirlər ərəfəsində verilmiş ziyafətdə Azərbaycandan məhz bu tədbir üçün xüsusi olaraq hazırlanmış məhsullarla, “Mangal Steak house Zaqulba” sarayının rəhbəri Namik Məmmədovun və baş aşpaz Oktay Cəfərovun hazırladığı milli mətbəximizin nümunələri qonaqlara təqdim olunub. Nahar ziyafətinə digər mötəbər qonaqlarla yanaşı, Edinburq hersoqu, şahzadə Edvard və xanımı Edinburq Hersoginyası və digər kral ailəsi üzvləri qatılıb.
Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş Azərbaycan pavilyonunda Qarabağ atının təsvirləri, tarixi çövkən yarışlarının fotoşəkilləri və bunlara dair qonaqlara verilən məlumatlar böyük maraqla qarşılanıb. Pavilyonda, həmçinin dekorativ-tətbiqi sənət rəssamı Aygün Nağıyevanın əsərlərindən ibarət 22 əl işi nümayiş etdirilib və “Qarabağ möcüzəsi” əsəri şahzadə Edvarda hədiyyə edilib.
Ziyafətin sonunda şahzadə Edvardla Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti görüşüb və şahzadəyə xüsusi hədiyyələr təqdim olunub.