Filologiya üzrə fəlsəfə doktorları Dilbər Camali və Aysel Əhmədova ilə Orxon-Yenisey abidələrinin öyrənilməsindən danışdıq.
Fuad Babayev: Orxon-Yenisey abidələri haqqında orta statistik Azərbaycan ziyalısı, xüsusilə bu abidələrin oxunmasının 130 illik yubileyi ilində nələri bilməlidir?
Dilbər Camali: Orxon-Yenisey abidələri türk xalqlarının ortaq dil abidəsidir. Bu abidələr Azərbaycan dili başda olmaqla, bütün türk dillərinin kökündə dayanır. Hər bir millət, hər bir xalq öz tarixi kökləri və qədim abidələrinin zənginliyi ilə öyünür. Bizim də bu baxımdan Orxon-Yenisey abidələri ilə öyünməyə haqqımız var. Təbii ki, türk dilinin tarixi ondan çox qədim dövrlərə gedib çıxır. Amma əlimizdə olan abidələrin, yazılı mənbələrin tarixi VI-VII əsrləri, yəni Orxon-Yenisey abidələrinin yarandığı dövrü əks etdirir. Bu abidələrin dilinin zənginliyi, onun gözəlliyi və ahəngi bizə sübut edir ki, türk dilləri bu dövrdən daha qədimdir. Biz bu tarixi eramızdan əvvəlki dövrə apara bilərik. Orxon-Yenisey abidələrinin dilinin mükəmməl quruluşu qədim türk dilinin lüğət tərkibini əks etdirir. Bu abidələrdəki cümlə quruluşu, ifadə tərzi, xaqanların xalqa xitabəti və s. məzmunlu mətnlər qədim türk dilinin köklərini bizə göstərir. Orxon-Yenisey abidələri sübut edir ki, biz də qədim xalqlardan biriyik.
Fuad Babayev: Beləliklə, orta statistik Azərbaycan ziyalısı bilməlidir ki, Orxon-Yenisey abidələri bizim dilimizin qədim köklərə malik olmasını sübut edən faktorlardan biridir.
Aysel Əhmədova: Dilbər xanımın da qeyd etdiyi kimiOrxon-Yenisey abidələri əlimizdə olan, oxuya və dilini tədqiq edə biləcəyimiz ən qədim türk abidələrindəndir. Onlardan əvvəl mövcud olan müəyyən abidələrdəki mətnlərin həcmi çox kiçikdir və oxunması mübahisə doğurur. Ancaq bu abidələr həqiqətən də dilini öyrənə biləcəyimiz, başa düşəcəyimiz və müasir Azərbaycan dilində köklərini axtara biləcəyimiz abidələrdir. Əgər bu abidələrin dilini bilsək müasir Azərbaycan dilində gedən prosesləri, burada işlənən sözləri, qrammatik quruluşu daha yaxşı başa düşərik. Ona görə də məncə Azərbaycan dili ilə məşğul olan hər bir şəxs bu dilin köklərini və inkişaf proseslərini öyrənmək üçün ilk növbədə Orxon-Yenisey abidələrinin dilinə müraciət etməlidir. Çünki dildə baş verən inkişaf prosesləri davamlıdır. Dildə gedən həmin prosesləri ardıcıl izləmək müasir dövrdə də onun hansı inkişaf prosesinə məruz qalacağını, necə dəyişəcəyini müəyyənləşdirməyə imkan verə bilər.
Fuad Babayev: Aysel xanım, Siz “Orxon abidələrinin dilində söz yaradıcılığı”, Dilbər xanım isə “Orxon-Yenisey abidələri linqvokulturoloji aspektdə” mövzusunda müvafiq olaraq 2021-ci və 2022-ci illərdə dissertasiya işini müdafiə etmisiniz. Bu mövzular üzərində neçə il çalışıbsınız?
Dilbər Camali: Dilçilik İnstitutunun Türk dilləri üzrə doktoranturasına2013-cü ilin axırında qəbul olundum. Tədqiqatın yazılması, sənədləşmə və pandemiya ilə birlikdə elmi işimin müdafiəsi 10 il çəkdi.
Aysel Əhmədova: Mən doktoranturaya 2015-ci ildə qəbul olundum, 2017-ci ildə artıq dissertasiyamı tamamlayaraq müzakirəyə vermişdim. Amma Pandemiya və sənədləşmə məsələləri mənim də müdafiəmi yubatdı. Amma müdafiəyə qədər də mən araşdırmalarımı davam etdirirdim.
Fuad Babayev: Sovet dövrü ilə müqayisədə müstəqillik dönəmində Orxon-Yenisey abidələrinin öyrənilməsində nə dəyişdi?
Dilbər Camali: Keçən əsrin əvvəllində türk abidələrinin araşdırılması, ümumiyyətlə türk sözünün adını hallandırmaq belə təhlükəli idi. Türk dilini araşdıran alimlər amansız təqiblərə məruz qalırdı. Hətta 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak edən bütün türkoloqlar, ədiblər, tədqiqatçılar 1937-ci il repressiyasının qurbanı oldular.
Fuad Babayev: O qurbanların arasında Salman Mümtaz da var idi.
Dilbər Camali: Bəli. Həmin dövrdə elmimizin qaymaqları məhv edildi. Amma Stalinin ölümündən sonra cəmiyyətdə yumşalma getdi, repressiyaya məruz qalanlara bəraət verildi. 80-ci illərdə bu sahə üzrə Əbülfəz Rəcəbli (filologiya elmləri doktoru – red.) ciddi araşdırmalar aparıb. Əbülfəz Rəcəbli ilə yanaşı Əlisa Şükürlünun (filologiya üzrə fəlsəfə doktoru – red.) və Yunis Məmmədovun (filologiya üzrə fəlsəfə doktoru – red.) da Orxon-Yenisey abidələrinin araşdırması sahəsində böyük xidmətləri var. Bu 3 alimdən başqa Əbülfəz Quliyevin (Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü – red.) vəGəncə Dövlət Universitetinin professoru, filologiya elmlər doktoru Yadigar Əliyevin adlarını çəkə bilərəm. Mənim opponentim olan Yadigar ƏliyevinAzərbaycanda tapılmış Orxon abidələri ilə bağlı araşdırması da var. Orxon əlifbası ilə yazılmış həmin abidələrə həsr edilmiş araşdırma kitab halında (Əliyev Y. V. Azərbaycanın qədim türk runik yazılı abidələri, 2008 – red.) nəşr olunub. Azərbaycanda Orxon-Yenisey əlifbasının izlərinə Tovuzda, Cəlilabadda və cənub bölgəsində rast gəlinib. Amma bu kitabələr oxunmur, sadəcə işarələrdir. Yəni bu kitabələrdə hər hansı sözün və ya fikrin olması barədə mülahizə yürütmək mümkün deyil. Firudin Cəlilovun (filologiya elmləri doktoru – red.) kitabında Azərbaycanda tapılan Orxon əlifbası ilə bağlı məlumatlar var.
Fuad Babayev: Sovet dövründə bu sahəyə olan qısqanclıq müstəqillik illərində kütləvi maraqla əvəz olunub?
Dilbər Camali: Kütləvi maraq deyə bilmərik.Orxon-Yenisey abidələri çox təəssüf ki, yalnız filologiya fakültəsində tədris olunur. Yalnız filologiya fakültəsinə qəbul olunan tələbələrin bu abidələrdən xəbəri var.
Aysel Əhmədova: Orada da yalnız filoloqlara keçirilir, müəllim ixtisasına yiyələnmək istəyənlərə Orxon-Yenisey abidələri haqqında məlumat verilmir.
Fuad Babayev: Bu abidələr kitabələrlə bağlı olduğu üçün həm də epiqrafik hadisədir.
Dilbər Camali: Müstəqillik dövründə Dövlət Başçısı İlham Əliyevin fərmanı ilə (Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman nəzərdə tutulur – red.) dövriyyə buraxılan 5 manatlıq əsginasın üzərində Bilgə xaqanın (Göytürk xaqanı (716-734) – red.) bir bəndlikməşhurifadəsi yer alıb. Bilgə xaqanın öz xalqına xitabət nümunəsidə deyilir ki, Göydə mavi göy çökmədikcə, altda yer dəlinməzsə, türk milləti Sənin birliyini, törəni kim poza bilər?!
Təmkin Məmmədli: Orxon əlifbasının arami və ya Çin əlifbasından törəmə olduğu fikri elmi dairələrdə qəbul edilmiş faktdır?
Dilbər Camali: Mən Orxon-Yenisey əlifbasını öz kitabımda (“Orxon-Yenisey abidələri linqvokulturoloji tədqiqi”, Bakı, 2023-red.)araşdırmışam. Bu araşdırmalarda mənim gəldiyim qənaət Firudin Cəlilovun əsərlərində da öz təsdiqini tapıb. Alimlərin bir qismi qeyd edir ki, Orxon-Yenisey əlifbası arami əlifbasından təsirlənərək yaradılıb. Anna Mari Qaben kimi bir qisim türkoloqlar isə soqd əlifbasının təsirini ön plana çəkirlər. Orta İran dillərindən biri olan Soqd ölü dil hesab olunur. Mən Orxon, yəni Göytürk damğaları ilə Soqd əlifbası arasında heç bir bənzərlik görmürəm. Soqd əlifbası indiki fars əlifbasına bənzəyib.
Fuad Babayev: Türkiyədə Orxon-Yenisey abidələrinə maraq varmı? Yəqin ki, orada Orxon-Yenisey abidələrinin araşıdırılmasına daha əvvəl başlanıb. Bu sahədə Azərbaycan türkologiyasının Türkiyə alimləri ilə əməkdaşlığı hansı səviyyədədir?
Aysel Əhmədova: Türkiyədə 1921-ci ildə Orxon-Yenisey abidələri çap olunub, 40-cı illərdə onun araşdırılması davam edib. Həmin dövrdə Azərbaycanda bu abidələr demək olar ki, tanınmırdı, biz onun tədqiqi ilə məşğul olmurduq. Bizdə bu sahə 60-cı illərdən etibarən tədqiqata cəlb edilib. Türkiyə Orxon-Yenisey abidələrinin öyrənilməsi sahəsində daha böyük ənənəyə malikdir. Qardaş ölkədə bu gün də Orxon-Yenisey abidələri ilə bağlı tədqiqatlar aparılır, kitablar nəşr olunur. Orxon-Yenisey abidələri bütöv götürülsə də, Yenisey abidələri Orxon abidələrindən bir qədər fərqlidir. Onlar daha kiçik abidələrdir. Hazırkı dövrdə də bu abidələrin tapılması və araşdırılması davam edir.
Fuad Babayev: İstisna etmirik ki, yenə də tapıla bilər.
Dilbər Camali: Keçən ilBilgə xaqanın atasının kurqanı tapıldı.
Aysel Əhmədova: İltəriş xaqanın abidəsi tapıldı. Monqolustan ərazisində, Orxon çayı vadisində. Yenisey abidələri daha çox kiçikhəcmli abidələr, əşyalar üzərində tapılmaqda davam edir. Türkiyəli alim Ərhan Aydın müxtəlif vaxtlarda nəşr etdirdiyi kitablarda Yenisey abidələri haqqında ətraflı məlumat verir. Hazırda 150-yə yaxın Yenisey abidəsi var.
Dilbər Camali: Yenisey abidələrini hansı alimin kəşf etdiyini, hazırda hansı muzeydə və hansı inventar nömrə ilə saxlanıldığını əks etdirən cədvəli mən öz kitabıma daxil etmişəm.
Aysel Əhmədova: Türkiyədə tədqiqatlar bu gün də davam edir. Bizdə isə Yenisey abidələri demək olar ki, tədqiqatdan kənarda qalıb. Azərbaycanda Orxon-Yenisey abidələri adı altında aparılan tədqiqatların çoxunda Orxona xüsusi fikir verilir. Çünki bunlar böyükhəcmli abidələrdir, dil xüsusiyyətləri daha güclüdür, rəsmi dil nümunəsdir. Yenisey abidələrindəki mətnlərin ən böyüyü 20 sətirdən ibarətdir. Ona görə də bizdə tədqiqatdan kənarda qalıb. Amma Türkiyədə ona da xüsusi fikir verilir.
Dilbər Camali: Mən deyərdim ki, biz bu sahədə Türkiyədən yüz il geridəyik.
Aysel Əhmədova: Türkiyədə qədim uyğur abidələri Orxon-Yenisey abidələri ilə müqayisəli şəkildə araşdırılır. Bizdə bu sahələrə maraq hələ indi başlayır.
Təmkin Məmmədli: Orxon və Yenisey əlifbaları arasında fərq var, yoxsa hər iki əlifba identikdir?
Aysel Əhmədova: Əlifba olaraq bir-birinə çox yaxındır.
Təmkin Məmmədli: Orxon və Yenisey əlifbasında neçə hərf var?
Aysel Əhmədova: 38 hərf var.
Dilbər Camali: 38 damğa qeydə alınıb. 4-ü sait, 4-ü samitdir.
Təmkin Məmmədli: Orxon-Yenisey abidələrinə əsasən türk inancları barədə nə demək olar? Qədim türklər təktanrılı (monoteist), yoxsa çoxtanrılı (politeist) dini inanca sahib olublar?
Dilbər Camali: Çox zaman türkologiyada şamanizm ( ruhlara, magiyaya sitayiş etməkdən ibarət din forması. Şamanizm təsəvvürlərinə görə, fövqəltəbii qabiliyyətə malik şaman ekstaz vəziyyətində xeyir və şər ruhlarla ünsiyyətə girir, onlardan nəyisə xahiş, yaxud tələb edə bilir – red.) ilə tenqriçilik, yəni tanrıçılıq qarışıq salınır.Tanrıçılıq yerin, göyün, bəşəriyyətintək tanrı tərəfindən yaradılmasına inamdır.
Çoxtanrılıq olmayıb. Orxon-Yenisey abidələrini yaradan göytürklərin dini təsəvvürlərində bəzi yardımcı qüvvələr olsa da onlar təktanrılı inanc sisteminə sahib idilər.
Təmkin Məmmədli: Həmin qüvvələri ilahiləşdirmirdilər?
Dilbər Camali: Həmin yardımçı qüvvələr Allah səviyyəsində deyildi. Misal üçün Umay xatun adlı ilahə xəstə uşaqların himayəçisi kimi göstərilir.
Aysel Əhmədova: Umay həm də qadınların himayəçisidir. Abidələrin xüsusiyyətləri də göstərir ki, onlar Göy Tanrıya inanıblar. Elə tanrı sözü də göy sözündən gəlir.
Fuad Babayev: Bu abidələrin əhəmiyyətli hissəsinin tapıldığı Rusiyada Orxon-Yenisey abidələrinin araşdırılması hansı səviyyədədir?
Dilbər Camali: XVIII əsrdə İsveçlə Rusiya arasında gedən müharibədə əsir düşən isveç zabiti Filip Stralenberq Sibirdə sürgündə olarkən oradakı daş kitabələr haqqında ətraflı məlumat toplayıb. 1730-cu ildə vətəninə qayıdan Stralenberq “Avropa və Asiyanın şimal və şərq hissələrinin tarixi-coğrafi təsviri” adlı kitab nəşr etdirib. Türkologiyada ilk dəfə bu abidələriStralenberq kəşf edib, amma oxuya bilməyib. Bu abidənin hansı xalqlara mənsub olması barədə mübahisələr gedib. Bir çox alimlər Orxon-Yenisey abidələrini oxumağa cəhd etsələr də, bu, ilk dəfə Danimarka alimi Vilhelm Tomsenə nəsib oldu. O, 1893-cü il noyabrın 25-də Danimarka Kral Akademiyasının yığıncağında öz kəşfi haqqında məruzə etdi.
Təmkin Məmmədli: Amma UNESCO-nun yubiley tədbirləri proqramında Orxon-Yenisey abidələrinin oxunma tarixi kimi 1894-cü il göstərilir. Bu isə yəqin ki, 1894-cü ildə rus alimi Vasili Radlovun Kültigin abidəsinin mətnini tam olaraq oxuması ilə əlaqədardır.
Dilbər Camali: RadlovlaTomsen bir-birindən xəbərsiz olaraq eyni vaxtda tədqiqat aparıblar.
Aysel Əhmədova: İkisi də eyni vaxtda kitablarını çap etdirib.
Fuad Babayev: Rusiyada Orxon-Yenisey abidələrinə münasibət necədir?
Dilbər Camali: Rusiyada bu abidələr bizdən daha çox tədqiq edilib.
Aysel Əhmədova: Rusiyada Orxon-Yenisey abidələri araşdırılıb, amma bizə tədqiqat aparmağa icazə verilməyib.
Dilbər Camali: Rusiyada bu tədqiqatların aparılmasının səbəbi başqa idi. Onlar yetişdirdikləri missionerlərini işğal etdiyi bölgələrə assimilyasiya siyasətini (başqa xalqın dilini, adətlərini, mədəniyyətini və s. qəbul etmək nəticəsində bir xalqın öz milli mədəniyyətini itirərək digər xalqa qarışması – red.) həyata keçirmək üçün göndərirdilər. Assimilyasiyanı daha asan tətbiq etmək üçün işğal altında olan xalqın dilini, tarixini araşdırmaq lazım idi. Rusiyada türkologiyanın əsası bu məqsədlə qoyulub. Yəni türkologiyanın Rusiyada inkişaf etməsinin siyasi səbəbləri var idi.
Aysel Əhmədova: Rusiya ərazisində yaşayan bir çox türk xalqları üçün əlifbanı da ruslar yaradıb. Misal üçün yeni uyğur dilinin adını da Sergey Malov verib.
Fuad Babayev: Xaricdə yaşıyan həmkarlarınızla təmaslarınız barədə nə deyə bilərsiniz? Bu rabitələr sizə yeni üfüqlər açırmı?
Aysel Əhmədova: Türkiyədə türkologiya sahəsində mütəmadi olaraq keçirilən konfranslarda biz də əyani və ya onlayn formada iştirak etməyə çalışırıq. Belə konfranslarda aparılan fikir mübadiləsi yeni fikirlərin formalaşması baxımından çox əhəmiyyətlidir. 2019-cu ildə mən bir konfransda iştirak etmişdim. Həmin konfransada edilən çıxışlar məndə qədim uyğur abidələrinə maraq oyatdı. Mən gələcək tədqiqat sahəmi belə müəyyənləşdirdim.
Dilbər Camali: Biz imkan daxilində Türkiyədə keçirilən əyani və onlayn konfranslarda təmsil olunuruq. Orxon-Yenisey abidələrinin gözəl araşdırmaçılarından olan Mehmet Ölmezin (İstanbul Universitetinin professoru) 2022-ci ilin iyun ayında Bakıda Xəzər universitetində təşkil olunan “Qədim Türk abidələri və Türk-monqol dil əlaqələri” adlı seminarlarında iştirak etmişik.
Aysel Əhmədova: Bundan başqa xarici jurnallara elmi məqalələr göndəririk. Türkiyədə bu məqalələrə rəyçilər böyük diqqət göstərirlər. Mütəxəssislərin fikirləri məqalələrin daha sanballı olmasını şərtləndirir. Biz həmin rəyləri gələcək tədqiqatlarımızda nəzərə alırıq.
Dilbər Camali: Avropa ölkələrində nəşr olunan beynəlxalq jurnallara məqalə göndərmək isə maliyyə baxımından baha başa gəldiyi üçün bir qədər çətindir.
Aysel Əhmədova: Həm də çox nüfuzlu jurnallar bəzən türk dili ilə maraqlanmır.
Fuad Babayev: Amma beynəlxalq jurnalların heç də hamısı məqalənin çap üçün pul tələb etmir.
Dilbər Camali: Mənim Türkiyəyə göndərdiyim məqalələr gizli rəyçilər tərəfindən ciddi şəkildə oxunur, iradlar nəzərə alındıqdan sonra indeksli jurnalda pulsuz çap olunur. Hazırda internet əsridir. İstənilən məqaləni pdf formatında Academia.edu (alimlərin əməkdaşlığı üçün ABŞ-da yaradılmış sosial şəbəkə – red.), ResearchGate (Avropanın alim və tədqiqatçılar üçün nəzərdə tutulmuş tədqiqat portalı, sosial şəbəkə-red.) Google Scholar (elmi nəşrlərinin tam mətnləri üçün pulsuz axtarış sistemi –red.) kimi elektron resurslardan əldə etmək mümkündür. Mən namizədlik dissertasiyası üçün mövzu götürməzdən əvvəl də bu sahə ilə maraqlanırdım. “Türkəm” dərsanəsində Göytürk damğalarını, yəni Orxon-Yenisey əlifbasını təmənnasız olaraq tələbələrə öyrədirdim. Ondan sonra biz bəzi əsərləri Göytürk damğaları ilə yazmaq qərarına gəldik. Gökbey Uluç, Aygün Hüseynli, Türkana Hüseynova ilə birlikdə Dədə Qorqud dastanının Drezden nüsxəsini Orxon-Yenisey əlifbası ilə işləmişik. Mənim həmmüəllif olduğum bu kitab 2015-ci ildə İstanbulda çap olunub. Biz burada ilk dəfə olaraq Dədə Qorqud dastanının XIII əsrə aid əlyazmasını həm ərəb, həm orxon, həm də latın əlifbası ilə vermişik. Bundan başqa biz Gökbey Uluçla birlikdə qədim uyğur dilində yazılmış fal kitabını (Gökbey Uluç vd., Irk Bitig Qedim Uyğur Dilinde Yazılmış Fal Kitabı, İstanbul: Kutlu Yayınevi Akademik Bilim Yayınları, 2022 – red.) oxumuşuq. Çində tapılan bu kitab Orxon əlifbası ilə kağız üzərində yazılan ilk abidədir.
Fuad Babayev: Müasir elmlərin artıq bir-biri ilə təmas xəttində inkişaf etdiyini nəzərə alsaq sizin araşdırmaları praktikada tətbiq etmək imkanı varmı? Yoxsa bu tədqiqatlar ancaq ideoloji əhəmiyyət daşıyır?
Dilbər Camali: Bəzi insanlar alimlərdən nə isə kəşf etməyi gözləyirlər. Humanitar elmdə kəşf ola bilməz.
Fuad Babayev: Mən araşdırmalarınızın tətbiqiliyini, nəyəsə inteqrasiya edilməsini nəzərdə tuturam.
Dilbər Camali: Tətbiqiliyi zəifdir.
Aysel Əhmədova: İnformasiya texnologiyaları üzrə mütəxəssislər bu araşdırmaların tətbiqiliyi ilə bağlı nəticələr ortaya qoya bilər.
Dilbər Camali: Araşdırmalarımızla sübuta yetirə bilirik ki, biz qədimxalqıq, bizim də qədim əlifbamız olub. Ermənilər öz əlifbalarını VI əsrə aid edirlər. Onlar müxtəlif xalqların əlifbasını özününküləşdirdiyi halda biz niyə öz əlifbamızın qədimliyini dilə gətirməməliyik. Bizim tədqiqatları bu baxımdan əhəmiyyətli hesab edirəm.
Təmkin Məmmədli: Yeri gəlmişkən, türk xalqlarının mədəniyyətində Orxon-Yenisey abidələrinin rolu nədən ibarətdir? Göytürklər tərəfindən yaradılan Orxon-Yenisey abidələrinin başqa hansı türkdilli xalqlara aidiyyatı var?
Dilbər Camali: Orxon-Yenisey abidələrində oğuz, qıpçaq və qarluq kimi qədim türk tayfalarının dil xüsusiyyətləri öz əksini tapıb. Rus alimi Sergey Malov qeyd edir ki, Orxon-Yenisey abidələrinin dili oğuz türkcəsinə daha yaxındır. Yenisey abidələri qırğız türkcəsinə yaxın olsa da, Orxon abidələinin dili sırf oğuz tükcəsindədir. Misal üçün orada oğul sözü həm qız, həm də oğlan övlada aid edilib. Kişi sözü ümumiyyətlə insan mənasında işlədilib. Amma bizdə sonradan bu sözlərin semantikasında daralma gedib, onları cinsiyyət anlamında fərqləndirmişik. Bundan başqa tünür – dünür (quda), kız – qız, yılan – ilan, ıt – it kimi bir çox sözlərin müqayisəsi də dediklərimizə sübutdur.
Aysel Əhmədova: Bir çox sözlər isə fonetik cəhətdən dəyişikiyə məruz qalıb.
Təmkin Məmmədli: Bayaq qeyd etdiniz ki, Azərbaycanın müxtəlif bölgələrində də Orxon-Yenisey əlifbasının izlərinə rast gəlinib. Bəs başqa türk dövlətlərinin ərazisində Orxon-Yenisey əlifbası ilə yazılmış kitabələr, əlyazmalar tapılıb?
Dilbər Camali: Bəli, əlbəttə. Qazaxıstanda İssık-Kul kurqanındatapılan “qızıl döyüşçü”nün (1969-cu ildə Almatı şəhəri yaxınlığındakı kurqanda aşkar edilən “Qızıl geyimli adam”ın zirehli geyimi – red.) paltarında və əşyalarında Orxon əlifbası ilə yazılmış sözlərə rast gəlirik.
Aysel Əhmədova: Son dövrlərdə Qazaxıstanda, Qırğızısıstanda Orxon abidələrinin hamısının qıpçaqlara aid olması fikri geniş yayılıb. Halbuki Orxon abidələrində Dilbər xanımın da qeyd etdiyi kimi oğuz xüsusiyyətləri də güclüdür. Biz də o xüsusiyyətləri vurğulamaqla həmin abidələrin Azərbaycana da məxsus olmasını göstərməliyik.
Dilbər Camali: Orxon-Yenisey abidələri ortaq ümumtürk abidəsidir.
Aysel Əhmədova: Türkiyədə əlyazmalar saxlanılan kitbxanalarda qədim uyğur abidələri var. Maraqlıdır ki, onu da türklərdən daha çox yaponlar araşdırır.
Dilbər Camali: Orxon-Yenisey abidələrinin qorunmasında, onların saxlanılmasında Türkiyə dövləti daha çox maraqlıdır. TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – red.) təşkilatıxüsusilə Monqolustanda Orxon-Yenisey abidələrinin qorunması ilə bağlı böyük işlər görür. Zaman keçdikcə daşların aşınmasının, yazıların silinməsinin qarşısını almaq üçün TİKA orada böyük bir muzey tikib. Hazırda açıq hava şəraitində olan Orxon-Yenisey abidələri həmin muzeydə qorunur. Mən kitabımda itmiş və ya tədiqiqata cəlb edilməyən Orxon-Yenisey abidələrinin də inventarını vermişəm.
Fuad Babayev: Orxon-Yenisey abidələrinin tanıdılması ilə bağlı Azərbaycan jurnalistikasından gözləntiniz nədir? Siz medianın bu mövzuya marağını hiss etmisiniz?
Dilbər Camali: Mən hiss etməmişəm.
Aysel Əhmədova: Bizim mediada ümumi söhbətlər çox olur. Türkçülükdən danışırlar, amma konkret abidələr, böyük şəxsiyyətlər haqqında yazılara çox az rast gəlirik.
Fuad Babayev: Bunu nə ilə izah edirsiniz?
Dilbər Camali: Auditoriyanın səviyyəsi ilə.
Fuad Babayev: Auditoriyanın, yoxsa medianın?
Aysel Əhmədova: Sanki bir qədər səthi yanaşma olur, araşdırmaq istəmirlər.
Fuad Babayev: Yəni sizin araşdırmaları auditoriya həzm etməkdə çətinlik çəkir.
Dilbər Camali: Hazırda auditoriyanın maraq dairəsi fərqlidir. Biz evdə valideynlərimizin kitab oxuduğunu görən nəslin nümayəndələriyik. İndi uşaqlar kitab oxumur. İnsanlarmız kitaba pul vermək istəmir. Aysel xanım və mən öz vəsaitləmiz hesabına çap etdiyimiz kitabları pulsuz paylayırıq. Oxuyan tələbə və şagirdlər olsa da, ümumilikdə kitaba maraq yoxdur. Amma biz ümid edirik ki, gələcək nəslin kitaba, elmə marağı artacaq.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 12 yanvar 2024-cü ildə baş tutub