Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistan mətbuatında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya həsr edilmiş məqalə yayımlanıb.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəllifi Azərbaycanın Xalq yazıçısı, tanınmış jurnalist Elmira Axundova olan məqalə özbək və rus dillərində ölkənin aparıcı “UzA” Milli İnformasiya Agentliyində, “aniq.uz”, “uzdiplomat.uz”, www.kultura.uz portallarında dərc edilib.
“Uki, kimgadir ortig‘i bilan berilgay…” (“Та, кому многое дано…”) adlı məqalədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında ən səmimi fikirlər, ülvi hisslər yer alıb. Yazıda birinci xanım Mehriban Əliyevanın ölkəmizin sosial, mədəni, ictimai, siyasi həyatında oynadığı aparıcı roldan söz açılır. Bildirilir ki, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda hər il onlarla uşaq bağçası, körpələr evi, internat məktəbi, xəstəxana və s. bərpa olunaraq istifadəyə verilir. Bundan əlavə, Azərbaycanda uşaq evlərinin və sığınacaqların institusionallaşdırılması, valideyn himayəsindən məhrum olmuş uşaqların tam hüquqlu ailələrə verilməsi hərəkatı başlayıb. Birinci xanım əhalinin ən həssas təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də sosial müdafiədən, valideyn himayəsindən və qayğısından məhrum olan balaca uşaqlara kömək etməyi özünün vətəndaşlıq borcu hesab edir.
Məqalədə o da vurğulanıb ki, Heydər Əliyev Fondunun xeyriyyə təşəbbüslərinin əks-sədası Azərbaycanın hüdudlarından çox-çox uzaqlara da yayılır. Fondun müxtəlif ölkələrdə gördüyü xeyirxah işlər həmin ölkələrin tarixinə, vətəndaşlarının qəlbinə əbədi olaraq yazılacaq.
Yazıda, həmçinin ölkəmizin mədəni-ictimai, idman həyatında Mehriban xanım Əliyevanın xidmətlərindən də söz açılır. Qeyd edilir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə regional deyil, həm də qlobal miqyas alıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan muğamı və dünyanın ən qədim tarixi-arxeoloji qoruğu olan Qobustan yaşayış məskəni, aşıq sənəti və Azərbaycan kəlağayısı, Novruz bayramı və milli atüstü oyun olan çövkən dünya qeyri-maddi mədəni irs siyahısına salınıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən söz açılarkən qeyd olunub ki, Avropada idmanın inkişafında xüsusi xidmətlərindəki yüksək nailiyyətlərinə görə ona Avropa Olimpiya Komitələrinin ali mükafatı – Ali orden təqdim edilib. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyət, xalqımızın mədəni irsinin beynəlxalq səviyyədə geniş təbliği və Birinci Avropa Oyunlarının təşkilindəki xidmətlərinə, yarışlarda əldə edilmiş böyük nailiyyətlərə görə isə Mehriban xanım Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olunub.
Eyni zamanda, bildirilib ki, Azərbaycan xalqının, dövlətinin, dövlətimizin başçısının ən çətin, gərgin günlərində Mehriban xanım hər zaman xalqla həmrəylik nümayiş etdirib, Prezident İlham Əliyevin ən böyük mənəvi, siyasi dəstəkçisi olub.
İşğaldan azad olunun torpaqlarımızda aparılan quruculuq işlərində də Mehriban xanımın böyük xidmətlərinin olduğu vurğulanan məqalədə diqqətə çatdırılıb ki, Qələbədən qısa müddət sonra həmin ərazilərdə Böyük Qayıdış və genişmiqyaslı bərpa-quruculuq işləri başlayıb. Bu prosesə rəhbərliyi Prezident İlham Əliyevlə birlikdə birinci xanım Mehriban Əliyeva da edir. Qarabağın bərpa edilmiş hər bir abidəsində, hər bir məscid və ya muzey kompleksində birinci xanıma xas olan incə zövq və heyrətamiz zəriflik hissi sezilir.