Qloballaşma dövründə müxtəliflik məsələsi çox vacibdir.
Trend-in məlumatına görə, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, etnik müxtəliflik əslində tarixi, coğrafi, mədəni, sosial-iqtisadi, eləcə də siyasi faktorlar hesabına formalaşıb: “Etnik və mədəni müxtəliflik müsbət fenomendir. Çünki etnik və mədəni dəyərlərə söykənir. Yəni insanın davranış və vərdişlərinə bağlanır. Bu işlər dövlət tərəfindən tənzimlənməlidir. Azərbaycan tolerantlığın nadir məkanlarından biridir və öz multikulturalizm siyasəti ilə tanınır”.
PA rəsmisi bildirib ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, multikulturalizmi dövlət siyasətinin bir hissəsi kimi qəbul edib: “Azərbaycan bu siyasəti illər boyu yürüdür. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. İndi isə həmin siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.