Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbəti zamanı nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərin və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verib. Nazir ciddi mülki insan tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu, bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb.
Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyi üçün dərin minnətdarlığını bildirib.
Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünümüdafiə hüququnu dəstəklədiyini vurğulayıb. O, Pakistanın münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həllinin tərəfdarı olduğunu vurğulayıb. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.