Biz – İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun üzvləri 44 günlük müharibədən sonra ilk dəfədir Azərbaycanın azad olunmuş ərazilərinə səfər edirik. Bu yerlərdə təxminən 30 il ərzində ermənilər tərəfindən kifayət qədər dağıntılar törədilib. Biz öz gözümüzlə gördük ki, Ağdam şəhəri hansı vəziyyətdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri Rizvan Səid Şeyx Ağdamda jurnalistlərə müsahibəsində bildirib.
O, Azərbaycanın qazandığı zəfərlə bağlı təbriklərini çatdıraraq deyib: “İƏT hər zaman Azərbaycana siyasi dəstək verib. Pakistan dövləti də Azərbaycana öz dəstəyini göstərib. Artıq sülh bərpa olunub. Bundan sonra yenidənqurma işlərinə start veriləcək. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmin görüşdə biz də Təmas Qrupunun üzvləri olaraq gördüklərimiz barədə məruzə ilə çıxış edəcəyik. Belə bir çağırış etmək niyyətindəyik ki, İƏT-ə üzv olan bütün ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi cəhətdən bərpasına kömək etsinlər”.