Parisdə Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın böyük şairi və filosofu Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş musiqili ədəbi gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Rəhman Mustafayev, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, eləcə də Fransada akkreditə olmuş diplomatlar, Nizamişünas tədqiqatçılar, naşirlər, jurnalistlər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səfir Rəhman Mustafayev, Fransanın “Musulmans en Franse” jurnalının baş redaktoru Jan Mişel Brən, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamoloqu Karim İfrak çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar. Nizami Gəncəvi əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunaraq yayıldığı, onun əsərlərinə dair əlyazmaların dünyanın tanınmış kitabxanalarında saxlanıldığı qeyd edilib. Nizaminin dünya ədəbiyyatına təsirindən, dünya ədəbiyyatı korifeylərinin onun əsərlərindən ilhamlanmasından söz açılıb.
Bildirilib ki, Nizami Gəncəvi maarifçi fəlsəfəyə, bir çox dövlətlərin siyasi, ictimai və mədəni baxışlarına təsir edib. Nizaminin hələ XII əsrdə əsərlərində dünyamızın bugünkü çağırışlarını əks etdirdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, bütün dünyada tanınmış dahi Nizami təkcə şair deyil, həm də böyük filosofdur. Nizami əsərlərində əks etdirdiyi ideyaları ilə dövrünü qabaqlamış, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi mühüm mövzulara toxunan kamil söz ustadıdır.
Nizami Gəncəvinin mədəniyyətlərarası körpü olduğu bildirilərək, onun yaradıcılığındakı multikulturalizm və bəşəri dəyərlərdən danışılıb. Bildirilib ki, XII əsrdə Şərq və Azərbaycan intibahının ən humanist nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı multikulturalizm və tolerantlıq elementləri ilə zəngindir. Qeyd edilib ki, Nizami “Yeddi gözəl” əsərində bu gün dünyamızın ehtiyacı olan tolerantlığı, müxtəlif dinlərin və xalqların birgə yaşamasını aydın əks etdirib. Böyük şair və filosof irqindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, insana çox yüksək dəyər verib.
Sonra Nizami Gəncəvinin poemaları əsasında bəstələnmiş musiqilərdən ibarət konsert olub. Timur Abdikeyev (bariton), Səidə Zülfüqarova (piano), Ağarəhim Quliyev (fleyta), Səddam Novruzbəyov (balaban) Nizami Gəncəvinin əsərləri əsasında bəstələnmiş, eləcə də digər azərbaycanlı bəstəkarların musiqilərini səsləndiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris