Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu”nda təmsil edib.
AZƏRTAC xəbər verir ki, ənənəvi “Assosiasiyalar forumu” adlı mədəniyyət tədbiri Parisin 15-ci rayonunun meriyasının qarşısındakı meydanda təşkil olunub. Burada müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən stendlər qurulub. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib.
Ərazidə quraşdırılmış stendlərdə Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, xalça nümunələri, eləcə də şirniyyatlar təqdim olunub.
Parisin 15-ci rayonunun meri də Azərbaycan stendini ziyarət edib. ADFA-nın stendini ziyarət edənlərə assosiasiya, onun fəaliyyəti, eləcə də tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumatlar verilib.
Parisdə yaşayan diaspora nümayəndələrimiz də ADFA-nın stendini ziyarət edib və fransızları tariximiz, mədəniyyətimiz haqqında məlumatlandırıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris