AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov suallarımızı cavablandırdı.
– Əlyazmalar İnstitutunun Nəsimi ilə bağlı gördüyü və planlaşdırdığı işlərdən danışaq.
– Bundan əvvəl Əlyazmalar İnstitutunun direktoru işləmiş Cahangir Qəhrəmanov mənim elmi rəhbərim olub. Onun ən böyük fəaliyyəti İmadəddin Nəsiminin “Divan”ının elmi tənqidi mətninin tərtibi idi. Bizdə həmişə Nəsimi barədə tədqiqatlar gedib. Əlyazmalar institutunda Nəsiminin 2 dəyərli əlyazması saxlanılır: biri XVI əsrə, o biri isə 1701-ci ilə aiddir. Hər ikisi Nəsimi əsərlərinin tədqiqində istifadə olunur.
Qeyd edim ki, müəllifin öz əli ilə yazdığı əlyazma “manuskript” adlanır və müəllifin öz xətti ilə əlyazmasının dəyəri çox yüksəkdir. Bizim şərq klassiklərinin öz xətti ilə avtoqrafı çox azdır. Müxtəlif səbəblər var. Birincisi, Azərbaycan, Türkiyə, İran və s. ölkələrdə həddən artıq təbii fəlakətlər, müharibələr olub. Məsələn, Nizaminin əlyazmaları ölümündən 100 il, 150 il sonra ortalığa çıxıb, çünki Nizamidən sonra monqol işğalı dövrü olub. Bir neçə il bundan əvvəl Nemətulla Kişvəri adlı XV əsrdə yaşamış azərbaycanlı şairin bir avtoqrafını Tehranda tapmışdıq.
– 80-ci illərdə Kişvərinin kitabı çıxmışdı.
– O kitabı Cahangir Qəhrəmanov çıxarmışdı, sonradan mən də çap elətdirdim. Kişvəri Tehran nüsxəsini öz xətti ilə yazmışdı. Çünki təzkirələrdə yazılmışdı ki, bu adam xəttatdır. Bizim bəzi şairlərimiz də kalliqraf (xəttat – red.) olublar. Mətnşünasların qarşısında duran ən vacib məsələ ondan ibarətdir ki, müxtəlif nüsxələri toplayaq onları müqayisəli bir mətn edək ki, orijinal, avtoqraf mətnə daha yaxınlaşa bilək. Mətnşünaslığın mənası budur. Əgər avtoqraf varsa, mətnşünaslığa nə ehtiyac var?
– Bəs ehtimal olunan adamın avtoqrafı olduğunun da sübuta ehtiyacı varmı?
– Şübhəsiz, o da bir elmdir. Saib Təbrizi adlı böyük şairimiz var. XVII əsrdə, ümumiyyətlə Səfəvilər dövründə Fizulidən sonra ən böyük filosof şairimizdir. Təəssüf ki, onun ana dilində yalnız 18 şeiri var, yerdə qalan 120 min beyti farscadır. Böyük bir “Divan”ı var. Vaxtilə S.Təbrizinin əlyazmalarını axtaranda, Londonda əsərlərinin Qahirə nüsxələrini tapdım. Şair nüsxənin qırağında qeyd edib ki, bunu mən yoxladım. O zaman artıq bu, avtoqraf səviyyəsinə gəlir çıxır, yəni müəllif onu yoxlayıb. Şübhəsiz ki, artıq həmin o nüsxələrin üzərində mətn müqayisəsi aparmağa ehtiyac qalmır, çünki müəllif özü təsdiqləyib, bu isə elə avtoqraf kimi bir şeydir. Amma belə şeylər az olur.
– O manuskriptlərin, əlyazmaların az olmasına səbəb sovet dövrü olub, yoxsa bizim ərazilərdə olan mədrəsələrdə əlyazmaları köçürmək ənənəsi olmayıb?
– Bu, çox geniş sualdır. Bir neçə səbəb olub: birincisi, sovet dövrü əlyazmalarımıza həqiqətən ağır zərbə vurdu – 1920, 1930-cu illərdə külli miqdarda əlyazmaları Quran əlifbasıdır deyərək məhv etdilər. Həm də maraqlıdır ki, o dövrün bəzi sənədlərində qeyd olunur ki, əlyazmaları toplamaq lazımdır.
– Bir yandan da yandırıb məhv edirlər.
– Bəli, bunlar hamısı sovet dövründə olub. Bizdə olan əlyazmalar Cənubi Azərbaycana nisbətən daha azdır. Xristian dünyasında kilsələr, bizdə isə məscidlər, mədrəsələr əlyazmaları toplama məkanı olubdur. Təsəvvür edin, indinin özündə də bəzi məscidlərdə əlyazmalar qalıb.
Sovet dövrünün dəhşətli repressiyaları əlyazmalara çox ciddi ziyan vurub. İnsanlar qorxusundan köhnə əlyazmaları gizlədir, yaxud məhv edirdilər, çünki həbs oluna bilərdilər.
İkinci bir səbəb də odur ki, keçmişdə indiki kimi sərhəd yox idi, əlyazmalar alına, satıla bilərdi. Məsələn, indi bəzi Şərq ölkələrinə getsək, köhnə əlyazmalar tapıb ala bilərik. Həm də Xristian dünyasından gələn missionerlər xüsusi tapşırığa əsasən böyük pullarla gəlib əlyazmalarımızı satın alıb aparıblar. Ümumiyyətlə, oriyentalistika (şərqşünaslıq) deyilən elm elə əvvəldən Şərqi dərindən öyrənmək və sonra isə onu işğal etmək, onun dəyərli hər bir şeyini əldə etmək məqsədilə yaradılmışdır.
Monqollar bura gələndə müsəlman deyildilər. Çingiz xanın imperiyası bölünəndə övladlarından Hülakü xanın payına Azərbaycan, İran və İslam dünyası düşdü. Monqolların çoxu bütpərəst idi. Vatikan onları xristianlaşdırmaq üçün böyük səy göstərdi, “sizə yardım edəcəyəm” deyə məktublar göndərdi. Həmin dövrdə İslamın taleyi həll olunurdu. Bizdə bir şeir var; Nəsir Bakuvi adında bir Azərbaycan şairi XIII əsrin əvvəllərində Olcaytu xana (Sultan Məhəmməd Olcaytu xan /1280 – 1316/ — Qazan xanın qardaşı, Arqun xanın ikinci oğlu, elxan – red.) 11 bəndlik müxəmməs həsr edib, orada qeyd edir ki, çox sağ ol, sən böyük adamsan, İslamı qorudun, xristianları rədd etdin, dinimizi ucaltdın. Həmin o xanın bir lövhəsi də Bakıda var, orada deyir ki, mən filan-filan vergiləri qadağan edirəm. Yəni monqollar bura gələndə xristianlarla müsəlmanlar arasında çox ciddi mübarizə gedib, mübarizənin əks-sədası az da olsa poeziyamızda əksini tapıb.
İslamda mədrəsə və məscidlərdə əlyazmalar çox toplanır, amma müharibələrdə ən çox talan olunan da elə əlyazmalar olub. Məsələn, rus generalı Paskeviçin əmri ilə bütün Ərdəbil kitabxanası talan edilib. Bir zabit 1907-ci ildə çıxan kitabında yazır ki, Paskeviç əsgərlərə tapşırıq verir ki, gedin bütün kitabları yığın, özü isə gəlib camaata yalan söyləyir ki, biz də müsəlman ölkəsiyik, bizdə müsəlmanlar çoxdur, sizin əlyazmaları müvəqqəti götürüb, onları köçürüb qaytaracağıq. Belə deyir ki, heç kəs etiraz etməsin. Rus ordusu Türkiyənin Bəyazid, Ərdahan bölgəsini işğal edəndə, A.A.Bakıxanov oradan müsadirə edilmiş kitabların siyahısını tutmuşdu. Yəni işğalçı dövlətlər həmişə işğal etdikləri dövlətin kitablarını götürürdülər, bu bir faktdır. Bir səbəb də odur ki, əlyazmalar böyük imperiyaların paytaxt şəhərlərində saraylarda toplanırdı. Bizim əlyazmaların çoxu xalqımızdan və ya A.A.Bakıxanov, M.F.Axundov və digər kolleksiya sahiblərindən toplanıb. Bizdə mövcud əlyazmaların sayı azdır: Əlyazmalar İnstitutunda 12 min əlyazma, çap kitabları, sənədlərlə birlikdə cəmi 40 min material var.
– Əlyazmalar İnstitutu bu il Nəsimi ilə bağlı nə tədbir həyata keçirəcək?
– Bu il artıq iki respublika konfransı keçirmişik, payızda isə bir beynəlxalq konfrans keçirəcəyik. Bir neçə vacib əsərlərin ortaya çıxarmasını nəzərdə tutmuşuq. Nəsimişünaslığın tarixi barəsində, Nəsiminin irsi haqqında şəxsən mənim bir neçə yazım var. Konfranslarda müxtəlif məsələlərə toxunan məruzələr olub, biz onu bu yaxınlarda çap edib ortaya çıxaracağıq. Mən özüm neçə illərdir Nəsiminin əlyazma irsi ilə məşğulam, onları araşdırmaq üçün toplayıram. Bu, bir ilin işi deyil. Nəsimi irsini heç XXI əsrdə də araşdırıb qurtara bilmərik. Mən, Nəsimi ardıcılları haqqında, onun davamçılarından biri – XV-XVI əsrdə yaşamış Süruhi haqqında yazmağı nəzərdə tutmuşam. Bu insan Şah İsmayılın sarayında yaşayıb, sonradan Türkiyəyə köçmüş və əsl hürufi şairi olmuşdir. Onun üç şəhərdə – Vatikanda, Türkiyənin Süleymaniyyə və Manisa şəhər kitabxanalarında olan əlyazma nüsxələrinin müqayisəli mətnini, elmi tənqidi mətn də deyirlər, tərtib etmişəm və ön sözün üzərində çalışıram. Nəsiminin ədəbi məktəbi hələ ortada deyil. Nəyə görə? Səbəb çoxdur.
– Süruhinin adını çəkdiniz, amma ardıcıllarından tutaq ki, Cahanşah Həqiqi (1405-1467) də şeir yazıb.
– Nizami ədəbi məktəbi haqqında kifayət qədər yazılıb. Füzuli ədəbi məktəbi haqqında da xeyli yazılar olub. O cümlədən, Sabir, Vaqif və digərlərinin ədəbi məktəbindən çox yazıblar. Ancaq Nəsiminin ədəbi məktəbindən söhbət belə getmir, çünki indiyə qədər araşdırılmayıb. Elə şairlərimiz olub ki, Nəsimidən təsirlənərək yazıblar, amma onun adını çəkməyiblər. Çünki bəzi yerlərdə, mənbələrdə Nəsimini dinsiz qələmə verdiklərinə görə, adını çəkməyə çəkiniblər. Ona görə də Nəsimi ardıcıllarını görmək üçün mütləq yazdıqları şeiri oxumaq lazımdır ki, başa düşəsən, burada Nəsiminin təsiri var, ya yox. Səbəb tək bu deyil. Biz, əvvəllər dünya kitabxanalarına yol tapa bilmirdik, sovet dövründə bu, mümkün də deyildi. Məsələn, C.Qəhrəmanov cəmi beş əlyazma nüsxəsi, iki çap nüsxəsi ilə Nəsimi divanına tənqidi mətn tərtib edib, ancaq materialların hamısı SSRİ məkanından idi. İndi vəziyyət başqa cürdür, icazə məsələsi problem deyil, yalnız maliyyə məsələsi var. Dünyanın müxtəlif kitabxanalarına gedib çıxa bilərik, amma orada bunun üçün pul ödəməlisən.
– Bəs o ölkələrdə bu materialları rəqəmsal formatda ictimaiyyətin ixtiyarına vermək təcrübəsi yoxdur?
– Bəzilərində var, bəzilərində yoxdur, bəziləri isə bilərəkdən bunu etmir. Deyirlər ki, əlyazmanın fotokopiyasını çıxartmağa icazə verərəm, lakin pul ödəməlisən. Şəxsən mən özüm xaricdə yaşayan azərbaycanlıların köməyi ilə Nəsiminin altı əlyazmasını Azərbaycana gətirmişəm. Çalışırıq ki, mümkün qədər daha çox Nəsimi əlyazması əldə edək.
– Bayaq Nizaminin adını çəkdiniz. Nizami nə dərəcədə Azərbaycan şairidir, bunun uğrunda hələ də səngiməyən mübarizə gedir. Nizami, Vikipediyanın əksər dil versiyalarında, rus dili versiyası da daxil olmaqla, fars şairi kimi təqdim olunur. Bəs Nəsiminin Azərbaycan şairi olması ilə bağlı elmi dairələrdə hansısa bir müzakirə gedirmi?
– Çoxdan gedir. 1970-ci ildə Nəsiminin yubileyi zamanı Türkmənistan onu öz şairi kimi təqdim etmiş və türkmən tədqiqatçıları Azərbaycana etirazlarını bildirmişdilər. Türkiyə ədəbiyyatında, ədəbi prosesində isə Nəsiminin təsiri çox böyük olub. Hətta Nəsimi Azərbaycandan daha çox Anadoluda yaşayıb. Nəsiminin ölümündən 23 il sonra, 1440-cı ildə Ömər Bin Məzid nəzirələr toplusu olan “Məcmuatün-nəzair” kitabını yazıb.
Orada məlum olur ki, Əhmədi və Əhmədi Dai adında iki Türkiyə şairinə Nəsimi nəzirə yazıb. Bir də Qəmbəroğlu barədə mübahisələr gedir, ona azərbaycanlı da deyirlər, türk də. Və yeddi Anadolu şairi də ona nəzirə yazıb. Görün bu ölkənin, ədəbi prosesində Nəsimi nə dərəcədə iştirak edib. Təbii ki, Türkiyə də, Türkmənistan da, – Nəsimi bizimdir, deyəcəklər.
Bəs Türkmənistan nəyə əsaslanır? Nəsimi bəzi şeirlərində özünə türkman deyir və bundan başqa XVIII əsrdə Əndərun adlı bir şair var onun “sareyi Nəsimi” adında məsnəvisi var. Orada deyilir ki, Həllac Mənsur qətlə yetiriləndə yandırıldı, (əslində, yandırılmayıb), onun külünü bir nəfər özündə saxladı, Nil çayı daşanda onu çaya tökdülər, Nil çayı sakitləşdi və bundan Nəsimi dünyaya gəldi. Tamamilə fantastik bir şeydir. Buna əsasən türkmənlər deyirlər ki, Nəsiminin adı bizdə XVIII əsrdən çəkilir, onu çox sevirlər, Nəsimi bizimdir və s. Açıq danışaq… Nəsiminin şerlərini oxuyun, bu adam təpədən dırnağa sırf şiədir. Türkmənistanda siz şiə taparsınız? Mümkün olan şey deyil. İkincisi, Nəsimi kimi elmlə şeiri birləşdirməyi bacaran şairlər (o, həm hədisçi idi, həm Quran şərhçisi idi, astronomiya və digər Şərq elmlərini yaxşı bilirdi), ancaq yüksək mədəni səviyyəsi olan şəhərlərdə yetişə bilərdi, çöldə-səhrada yetişə bilməzdi. Türkmən şairi Məhdimqulu (1733-1813) XVIII əsrdə gedib Xivədə özbəklərdən təhsil alıb. Üçüncüsü, əslində, biz də türkmanıq. Bizdə Faruq Sümərin “Oğuzlar (türkmənlər)” kitabı çapdan çıxıb. O da qeyd edir ki, müsəlman oğuzlar türkman da adlanırdı..
Türkiyədə Nəsimini özününküləşdirmək istəyənlərin cavabını türklər elə özləri verib. Məsələn, türk ədəbiyyatşünaslığının ən böyük nümayəndəsi Mehmed Fuad Köprülünün (1890-1966) 1926-cı ildə bir kitabı çıxıb: “Azeri edebiyatına ait tetkikler”. Orada yazır ki, Nəsimi Azərbaycan ədəbiyyatının ən böyük dayaqlarından biridir və sonra Azərbaycan türkcəsinin dairəsini göstərir ki, bu dil Azərbaycan və İranla bitmir, Anadoluda, İraqda da işlənir.
– Yəni yayılma arealı genişdir.
– Azərbaycan dedikdə, onu Azərbaycan Respublikası ilə məhdudlaşdırmayaq. Bunu Fuad Köprülü də deyir. Azərbaycanlı kimi yalnız Azərbaycan vətəndaşlarını başa düşməyək. Türk ədəbiyyatı tarixi araşdırmaçısı İsmayıl Hikmət Ertaylan (1889-1967) 1928-ci ildə Bakıda “Azərbaycan ədəbiyyatı tarixi” kitabını nəşr etdirib və orada da Nəsimini Azərbaycan şairi kimi təqdim edir.
– Fuad Köprülü kimi ünlü bir sima Nəsimini Azərbaycan şairi kimi 1926-cı ildə çıxan bir kitabda xarakterizə edibsə, yəqin ki, o kitab Türk filologiyasının klassikasına daxildir, türkmənlərinsə iradları gülməli xarakter daşıyırsa, bu halda, Nəsiminin Azərbaycan şairi olması mövzusunu qapanmış saymaq olarmı?
– Burada ədəbiyyatşünaslıqdan kənara çıxan bəzi məsələlər var. Fuad Köprülü deyir ki, aç oxu, bu şairin dili Türkiyə türkcəsi deyil, Azərbaycan türkcəsidir. Hər bir azərbaycanlı onu oxuyub başa düşə bilər. Bundan artıq nə sübut lazımdır? Onun övladları da gəldilər Azərbaycana, hamısı da dedi ki, vətənimiz Şamaxıdır.
Amma burada bir məsələ var ki, Nizamiyə də, Füzuliyə də, Nəsimiyə də aiddir. Belə bir tendensiya var ki, kimin gücü var, o da haqlıdır. Rusiyada elə dairələr var, yazırlar ki, Füzuli Azərbaycan şairi deyil. Çünki orada ermənilər və bir çox insanlar Azərbaycana qarşıdırlar, onlar bu məqalələri yazdırır, yaxud özləri yazırlar. İdeoloji müharibə gedir, bu cür yollarla bizimlə vuruşurlar. Təəssüf ki, həmişə gözləmə mövqeyində oluruq, onlar deyir, biz isə cavab veririk. Sovet dövrü elə idi ki, bizə hansı istiqamət verirdilər, o istiqamətdə də yazırdıq. Lakin indi başqa cürdür, özümüz gərək bilək ki, nədən yazmalıyıq, nəyi araşdırmalıyıq. Gəncləri bu işlərə dəvət etməliyik, əlyazmaların tədqiqinə yönəltməliyik. Amma gənclər ilk olaraq fikirləşir ki, nə qədər maaş alacağam. Görəndə ki, pul azdır, əziyyət isə çox, bu işlərə gəlmirlər. Deyirlər ki, bu qədər maaşa gözümü niyə xarab edim.
– Belə çıxır ki, bu mövzu qapana bilməz.
– Belə görünür ki, bu mövzunu qapatmaq mümkün olmayacaq. Əslində ikinci dərəcəli şair üçün heç zaman belə mübahisə getmir. Nəsimi, Nizami, Füzuli – dünya çapında olan şairlərdir. Bizim o qədər şairimiz var ki, niyə onların üstündə mübahisə getmir? Onlara belə güclü, yüksək çaplı şairlər lazımdır ki, özlərinə götürsünlər. Ona görə də ədəbiyyatşünaslığımız yüksək səviyyədə olmalı, həqiqəti sübut etmək qabiliyyətində olan tədqiqatçılar yetişdirilməlidir ki, haqq işimizi hər yerdə müdafiə edə bilsinlər.
– Ümumiyyətlə, orta əsr mənbələri, təzkirələr Nəsimi yaradıcılığındakı hansı sirli məqamlara aydınlıq gətirir ki, bizim oxucu o barədə məlumatsızdır?
– Ömər ibn Məzidin “Məcmuatün-nəzair” məcmuəsini bayaq qeyd etdim. Bundan başqa, Anadolu ədəbi prosesində Nəsiminin iştirakı barədə məlumatlar var. Məsələn, Osmanlı müəlliflərindən Lətifi, Bəyani, Qınalzadə Nəsimi haqqında məlumatlar verirlər. Amma bu məlumatların içində səhvlər də çoxdur. Nəsiminin Bağdad yaxınlığındakı Nəsim adlı bir yerdən olması fikri kimi. Soruşanda ki, Bağdad yaxınlığındakı Nəsim adlı yer haradadır, heç kim bilmir. Bu səhv elə o vaxtdan gəlib.
– Nəsiminin Cənubi Azərbaycandan olması haqqında iddialar haqqında nə deyərdiniz?
– Bizim bəzi tədqiqatçılarımız onun Təbrizdən olduğunu deyib.
– Nəyə əsaslanırlar?
– Orada heç bir əsas yoxdur. Amma bir neçə fakta əsasən Nəsiminin məhz Şamaxıdan olmasını göstərmək olar: birincisi, Nəsimi dilində Şirvan dialektinin əlamətləri var. İkincisi, Nəsiminin Rəfii adında bir ardıcılı, müridi olub, hürifilər təqib olunanda, onlar birlikdə vətəni tərk edib Anadoluya köçüblər. Rəfii “Bəşarətnamə”sində bütün əhvalatları yazır.
– Yəni Şamaxıdan getdik…
– Şamaxı sözünü yazmır. Yazır ki, Nəimini heç görməmişəm, məni hürufi edən Nəsimi olub. O, mənə deyib ki, türkcə yazmaq lazımdır ki, əhali başa düşsün və s. Sonra deyir ki, biz birlikdə gəldik. Həmin o Rəfiinin əsəri Türkiyədə çap olunub və türklər deyirlər ki, Rəfii Şirvan şivəsində yazıb. Bizim də bir neçə tədqiqatçımız dəfələrlə qeyd edibdir ki, Nəsimi dilində Şirvan dialekti iştirak edir. Məsələn, Firudin Qurbansoy kitabında Nəsiminin dilini Şirvan dialekti ilə müqayisə edib, onun dilində Şirvan dialektinin elementlərini qeyd edib. Yəni bu birinci dəlildir.
– Daha sonra qardaşının Şah Xəndan qəbirstanlığında türbəsi.
– Bəli, Şah xəndan qəbiristanlığı da bir dəlildir. Üçüncü dəlil isə ailəsi ilə bağlıdır. Bayaq qeyd etdim ki, onun ailəsi – Nəsimlər indi də sağdırlar və Bakıya gəlib-gedirlər.
– Hansı ölkədən gəlirlər? Suriyadan?
– Suriyadan, Hələb şəhərindən. Onlar deyirlər ki, vətənimiz Şamaxıdır.
– Nəsimi edam edilib… Doğrudanmı onun dərisi soyulub?
– Bu fikri çox səsləndirirlər. Rəhmətlik Ziya Bünyadov 1970-ci illərdə ərəb mənbələri əsasında o məsələni araşdırıb. Nəsimi diri-diri soyulmayıb. Nəsimi 3 dəfə hərəsi ən az 1 il olmaqla həbsdə yatıb. O vaxt şiəlik məzhəb sayılmırdı. Dörd məzhəb var idi: hənbəli, hənəfi, şafii, maliki. Onların hər birinin müftisi var idi. O müftilər məhkəmədə oturur, fitvaya qol çəkirdilər. Bir yandan baxanda, görürük ki, o vəhşi cəmiyyətdə demokratiya da olub. Nəsiminin ölməsinə müftilərdən heç biri qol çəkməyib. Axırda onu Hələb hakiminin əmri ilə siyasi səbəblərə görə öldürdülər. Həmin ərazi o zaman məmlüklərə tabe idi. Məmlüklər arasında isə saray davası gedirdi. O zaman da Türk Məmlüklərini yıxıb yerinə çərkəz məmlükləri keçmişdi. Nəsimi türk məmlüklərinin tərəfində idi və çərkəz Məmlük sultanı onu öldürəndən sonra bir qolunu Nəsrəddin və Əli adlı iki qardaşa göndərdi. Çünki hər ikisini Nəsimi yoldan çıxarmışdı. Onlar hər ikisi də məmlük idilər. Belə çıxır ki, ölüm hökmü siyasi səbəblərlə bağlıdır, yəni ideoloji səbəb olsa idi, o zaman din xadimləri ona ölüm hökmü verərdilər.
Nəsimidən əvvəl İmam Şibli (861-945), Bəyazid Bəstami (804-874) və digər sufi mütəfəkkirləri yaşayıb və onlarda da Nəsiminin fikirləri ilə səsləşən fikirlər çox olub, amma onları öldürməyiblər. Çünki Nəsimi və Həllac Mənsur kimi adamların geniş kütlə ilə əlaqəsi var idi. Kim ki, yalnız kitab yazırdı, təbliğatla məşğul olmurdu, ona heç nə etmirdilər.
– Gənclərimiz arasında Nəsimi barədə namizədlik dissertasiyası yazan, yaxud Nəsimi ilə yaxından maraqlananlar varmı? Yoxsa müəyyən müddətdən sonra bu sahədə boşluq əmələ gələcək?
– Nəsimişünaslığa əlini-qolunu çırmalayıb girişən gənclər bəlkə də var, amma mən tanımıram. Mən dissertasiya mövzularının təsdiq edildiyi Koordinasiya Şurasının üzvüyəm. Onun əsasında deyə bilərəm ki, nəinki Nəsimi barədə, ümumiyyətlə klassik ədəbiyyatdan yazan gənclər çox azalıb. Sovet dövründə Nəsimi ilə ən çox məşğul olan, yəni elmi yaradıcılığının əsas hissəsi Nəsimi ilə bağlı olan professor Cahangir Qəhrəmanov olub. O, Nəsiminin leksikası haqqında monoqrafiya yazmışdı. Nəsimi irsində Azərbaycan, ərəb və fars mənşəli sözlərin hamısının izahını vermişdi. Bundan başqa, Nəsiminin yubileyində Divanının 3 cilddən ibarət elmi tədqiqatını tətbiq etmişdi, dissertasiyası da o mövzudadır. Bizim dövrdə isə yaradıcılığının demək olar ki, əsas hissəsi Nəsimiyə həsr olunmuş bir tədqiqatçımız var: Səadət Şıxıyeva. Səadət xanım bütün elmi yaradıcılığını Nəsimiyə həsr edib. Hazırda ikinci belə bir adam tanımıram.
– Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri siz aşkarlamısınız. Nəsimi təxəllüsünü Nəimiyə istinadən götürüb? “Hüseyni” təxəllüsü ilə yazan Nəsiminin başqa təxəllüsləri də olub?
– Nəsiminin bir neçə təxəllüsü olub. Məsələn, biri “Seyid”dir. Həmid Araslının tərtib etdiyi kitabda Nəsiminin bir neçə şerində təxəllüsü “Haşimi”, ən çox yerdə isə “Seyid”, “Nəsimi”, “Hüseyni” gedir. Deyirlər ki, Nəsimi “Hüseyni” təxəllüsünü Həllac ibn Mənsurun əsl adı Hüseyn olduğuna görə götürüb. Salman Mümtaz Nəsimi haqqında yazdığı məqalələrdən birində deyib ki, o, “Nəsimi” təxəllüsünü və “Əbülfəzl” nisbəsini Nəimiyə görə götürüb. Nəsimi sözü Nəimiyə oxşayır. “Əbülfəzl”də də fəzl sözü var o da onun künyəsi olub, o künyəni də Nəimiyə görə götürüb. Görün nə qədər təxəllüsü var. Bəzi yerdə paralel işlənir – “Nəsimi” də var, “Hüseyni” də. İndi onların bir neçəsinin üzərində çalışıram. Məsələn, “Nəsimi” ilə “Hüseyni”nin hecaları eynidir. Şübhəsiz ki, mexaniki sürətdə “Nəsimi”n yerinə “Hüseyni”, “Hüseyni” yerinə “Nəsimi” də qoymaq olar. Maraqlıdır ki, bizim Nəsimi təxəllüsü ilə yazıldığını bildiyimiz şeir bir əlyazmada “Hüseyni” təxəllüsü ilə keçir. İndi nə bilək hansı düzgündür. Hər ikisi Nəsiminindir.
– Nəsimişünaslıqda ən çox mübahisə doğuran məqamlar, problemlər nə ilə bağlıdır?
– Bir neçəsindən danışdıq. Ən çox mübahisə doğuran bölgə və milli mənsubiyyətə münasibətimizi bildirdik. Ədəbi irsə gəldikdə isə, dünyada Nəsimilər çoxdur. Mərhum Cahangir Qəhrəmanov da əlavə Nəsimiləri tərtib etdiyi kitabın axırına salmışdı. Mən Türkiyə Ankara Milli Kitabxanasından Nəsiminin irihəcmli – 308 vərəqli bir divanını tapdım. Müxəmməslərdən ibarət idi. Bilirəm ki, Nəsiminin müxəmməsi heç bir yerdə yoxdur. Çox sevindim, amma oxudum gördüm ki, bu, bizim Nəsimi deyil, keyfiyyət o keyfiyyət deyil. Bunu ayırmaq asan məsələ deyil. Nəsiminin kitabını buraxmaq da ona görə çətindir. O Nəsimiləri bu Nəsimidən ayırmaq çətindir.
Təsəvvür edin, bizim mətnşünasların qarşısında nə qədər çətin məsələ durur. Məsələn, Qövsi Təbrizi “Divan”ının altı nüsxəsinin əsasında elmi-tədqiqi mətn tərtib etmişəm. Nə qədər çətinliklər çıxıb, görəsən bu o özüdür, yoxsa bunu hansısa xəttat düzəldib, çünki bəzən xəttata elə ixtiyar verirlər. Elə xəttat çıxır ortalığa ki, şairdir, indi necə biləsən ki, o, orada nə isə edib, ya yox. Ona görə də qarşımızda duran vəzifələr çox çətindir. Yəni bir məsələni bir dəfəyə həll edə bilmirik.
– Nəsiminin şeirləri, əsərləri xarici dillərə tərcümə olunur?
– Birincisi, təbii ki, tərcümə olunmalıdır, ikincisi isə, tərcümə edilməsi mümkün deyil. Nəsimi olmasın, Füzuli, yaxud Nizami olsun, bunların hər bir şerində bir neçə lay olub, hərfi mənası sonra gəlir, arxasınca digər məna, sonra üçüncü məna da çıxır. Çox məharətlə tərcümə etsən belə, ancaq o birinci mənanı tərcümə edə bilərsən.
Fuad Babayev, Təmkin Məmmədli, Mehman İbrahimov, 1905.az
Müsahibə ilk dəfə 9 oktyabr 2019-cu ildə dərc olunub.