Həmsöhbətimiz məşhur oftalmocərrah, tibb elmləri doktoru, professor, şair Paşa Qəlbinurdur.
– Paşa müəllim, bilirik ki, birinci Qarabağ müharibəsi iqtisadi, sosial problemlərlə yanaşı, insanlarda böyük psixoloji travmalar yaradıb və digər təsirlər göstərib. Siz bu təsiri necə dəyərləndirirsiniz?
– Böyük stresslə bağlı hər bir fərdin və eyni zamanda ailənin, xalqın taleyində elə hadisələr olur ki, onlar heç zaman silinmir, eyni zamanda genefonda da təsir edir. Həmin hadisələrdən biri Qarabağ muharibəsi və onun fəsadlarıdır. Dəlillər, sübutlar, məhkəmə-tibbi ekzpertizasının hazırladığı obyektiv şəkillər, video görüntülər, histoloji müayinələr göstərir ki, Qarabağ müharibəsində törədilən vəhşiliklər təfəkkürə sığmayacaq dərəcədə dəhşətli olub. Meyidxanada gördüklərim, respublika xəstəxanasının doğum şöbəsində işləyən həkimin danışdığı hadisələr, şahidi olduğum gözündən zədəli xəstələr, bunlar hamısı insanlıq sərhəddinin aşılmasını göstərirdi. İnsanın təfəkküründə sanki təhtəlşüur səviyyəsində çəkilmiş bir sərhəd var. Ermənilər bu müharibədə həmin sərhədləri də aşdılar. Qarabağda bizə qarşı törədilən soyqırım, Xatında və digər məlum soyqırım yerlərində törədilən qırğınlardan daha dəhşətli idi. Bütün bunlar isə öz növbəsində bizim insan kimi sinir sistemimizə təsir göstərib. Xüsusilə o vaxtın gənclərinin, uşaqlarının sinir sisteminə. Həmin hadisələrin ildönümlərində sənədli video görüntülər, fotoşəkillər hətta Qarabağ müharibəsindən sonra doğulanların da psixoloji durumlarına təsir edir. Buna görə də müəllimlərin, həkimlərin, xüsusilə müdrük insanların öhdəsinə gənclərimizin möhkəmliyini və dayanaqlığını təlqin etmək kimi vacib bir iş düşür. Bu həm də sinir sisteminin tədrici reabilitasiyasında önəmli rol oynaya bilər.
–Qarabağ müharibəsində yaralananlarla birbaşa təmasda olmusunuz. Bəzi şəxsi təcrübələrinizi bizimlə bölüşərdiniz.
– Müharibə dövründə çox sayda xəstələrlə təmasım olub. Onların həm medikamentoz, həm də cərrahi müalicəsi ilə məşğul olmuşam. Bundan əlavə çox qəribə insanlara, talelərə rast gəlmişəm. Xəstələrimin danışdıqları bəzi vəhşiliklərin hətta ədəbiyyatda da təsviri mümkün deyil. Bədii əsər formasında yazılanlar bir yalan təəssüratı yaradar. Amma əslində konkret insan var, 50-100 adam arasında baş verən hadisələr var. Həmin hadisələr bədii faktdan da yuxarıda durur, ələ gəlmir. Bu cür qəribəliklər var. Şahidi olduğum vəhşiliklərin bəziləri yazılası deyil. “Daşnaksütyun”un qıcıqlandırdığı və təhrik etdiyi kütlə həqiqətən də insan cildindən çıxıb, vəhşiləşmişdi.
– “Cahad” esseniz ingilis və rus dillərinə tərcümə olunub. Sizcə, bu esse xarici oxucuda hissi transformasiyaya səbəb olurmu? Bu esse Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında nə kimi rol oynayıb?
– Dünyanın bir çox ölkələrində olmuşam. Xarici oxucu hekayəni oxumaqla təəssüratın yalnız bir hissəsini öz üzərində hiss edir. Ancaq həmin informasiya üzbəüz çatdırılanda effekt tamam başqa olur. Əlbəttə, yazdıqlarımız çap olunmalıdır, amma eyni zamanda canlı təmaslardan da yararlanaraq vəziyyətimizi dünyaya izah etməliyik. Ağlamaq, sızlamaq lazım deyil. Ancaq reallığı çatdırmaq gərəkdir. Çünki söhbət bir olan Allahın şah əsərindən, insandan və onun taleyindən gedir. Onun kiçiyindən, böyüyündən və istənilən yaşda olmasından gedir.
– Dağlıq Qarabağ problemi hərbi münaqişə olmaqla yanaşı, həm də informasiya müharibəsidir. Bu müharibədə ziyalıların öhdəsinə hansı vəzifələr düşür?
Qarşımızda çox məkrli düşmən var. Ermənilər dünyanı yanlış informasiya ilə çaşdırmağa çalışırlar. Erməni tərəfinin dünyaya bəyan etdiklərini bir neçə qrupa bölmək olar. Birinci qrup odur ki, mütləq mənada özlərinin etdiklərini bizim adımıza yazırlar. Bir çox hallarda müəyyən məsafədən çəkilən video görüntülər barəsində saxta məlumat verməklə. Ümumiyyətlə, bu xalqlar qonşu yaşadıqları üçün əksəriyyətinin üz cizgiləri bir-birinə oxşayır, praktiki olaraq hətta həkimlər tərəfindən də çətin seçilir. İkinci qrup isə müəyyən şeyləri kontekstdən çıxarır. Məsələn, bu yaxınlarda əcnəbi ölkələrin birində televiziyada erməni kanalına rast gəldim. Orada Armen Cigərxanyanın bir müsahibəsi vardı. Erməni dilinə bələdəm, xatırlayıram ki, həmin müsahibəni münaqişədən öncə Moskva televiziyası ilə vermişdilər. Müsahibədə Armen demişdi ki, anam türk xanımıdır, atam isə ermənidir. Hər iki xalq haqqında müsbət fikirlər səsləndirmişdi. Bundan sonra həmin müsahibəni Yerevan televiziyasından da verdilər, ili də qeyd etmişdilər. Fikir verdim ki, ailəsi haqqında məlumatları, xalqımız haqqında dediyi xoş sözləri belə ixtisara salmışdılar. Erməninin “obyektivliyi” ən yaxşı halda bu cür mümkündür. Pis halda isə öz etdiklərini tamamilə sənin adına yaza bilərlər. Bəzən isə mövcud həqiqətə öz əlavələrini edərək, onu başqa cür qələmə verirlər. Erməni xalqının kütləvi psixozla zəhərlənməsi ermənilərin dürüst olmalarına imkan vermir. Ona görə də dünyaya obyektiv informasiya çatdırmaq üçün ziyalılarımızın üzərinə böyük iş düşür. İnfomasiya yalnız televiziya və radioda deyilənlərdən, qəzet və jurnallarda yazılanlardan ibarət deyil. Fundamental, tarixi faktlara əsaslanan əsərlər yazılmalı, fotomateriallar hazırlanmalıdır. Mən çox sevinirəm ki, o dövrdəki hadisələrə dair böyük bir videokartoteka hazırlanmaqdadır. Baş verən hadisələrin hamısını gələcək nəsillərə çatdırmaq lazımdır. Beynəlxalq məhkəmələrə sübut kimi canlı insanların şahidliyi ilə yanaşı, video görüntülər də təqdim olunmalıdır. Filosofların, məhkəmə-tibb ekspertlərinin, psixiatrların, nevropotoloqların ümümi konsilium rəylərinə əsaslanmış yazılar dərc olunmalıdır. Bunlar hamısı böyük layihələrdir.
– 1905.az saytına tövsiyənizi dinləmək istərdik.
– Sizin saytınızın mövqeyi və gücü, əməkdaşlarının səviyyəsi, müasirliyi ilə müəyyən qədər tanışam, bu da məni çox qane edir. Mən sizə yalnız uğurlar arzu edirəm. Jurnalistikanın həm qədim ənənələrindən həm də müasir texnologiyanın ümümiləşdirilməsindən çıxan nəticələrdən ibarət olan dünya jurnalistikasından bəhrələnib, həmin o səviyyədə olmağınızı arzulayıram. Təqdir edirəm sizləri…
Lətifə Bəyəliyeva
1905.az