İnkişaf etməkdən yaxşı heç nə ola bilməz.
Az adam tapıla bilər ki, bununla razılaşmasın.
Sosial şəbəkədə dostluq etdiyim dəyərli insanlardan biri lap yaxınlarda “Facebook” əhli ilə belə bir status paylaşıb:
“Hər gün eyni şey. Səhər iş, axşam ev. İnsanın bir hədəfi və planı olmasa tez bir zamanda yorular və işləməkdən bezər. Reallıq da bunu göstərir. Çalışın hər gününüz keçən günə nisbətən daha da inkişafa aparsın sizi.”
Bu statusun layiq görüldüyü “like”ların sayı sübut edir ki, inkişaf, həm də ola bilsin tayı-bərabəri (“analoq”u) olmayan inkişaf sevdası hamımızda var.
Və əgər bu sevda varsa, inkişafa nail olmaq mümkündür…
Azərbaycanın yarımsəhra rayonlarında üzərlik də bitir. Wikipedia-da (WekeLeaks-də yox ha) bu bitki haqqında gözəl bir yazı var. Və bu yazıda deyilir ki, “XVII əsrdə yaşayan Hacı Sülеyman İrəvaniyə görə, üzərliyi 4 il saxlamaq olar, ondan sonra o, öz müalicəvi xüsusiyyətini itirir.” Üstəlik, “üzərliyin otu və toxumları ödqovucu, sidikqovucu təsirə malikdir və cinsi potеnsiyanı artırır. O, həmçinin bəlğəmgətirici еffеktə malikdir və soyuqdеymələrdə faydalıdır. Ondan başqa üzərlik həlimi yaddaşı möhkəmləndirir, nеvralgiyada və baş ağrılarında xеyirldir.”
Əlbəttə, üzərlik daxilə qəbul edilməlidir ki, problemlər tam, ya da heç olmasa qismən həllini tapsın. Yeri gəlmişkən, sözügedən məqalədə qeyd olunur ki, “həkimlə məsləhətləşmədən onu daxilə qəbul еtmək olmaz – dozası artıq olarsa zəhərlənmək təhlükəsi gözlənilir.”
Müasir Azərbaycanda üzərlikdən istifadənin daha mütərəqqi, gəlirli forması da tapılıb.
İnkişaf etmək (qabağa düşmək?) niyyətli şəxslər fikirləşib tapıblar ki, toy məclislərində xüsusi təlim keçmiş adamlar içərisində tüstüləyən üzərlik yerləşdirilmiş qabları qonaqların başları üzərində hərləyib, onları faydalı tüstüyə qonaq etməklə pul qazana bilərlər.
Qonaqlar heç olmasa bu nemətdən yaxa qurtarmaq naminə üzərlikçini mükafatlandıracaqlar. Həmin şəxs də nə edəcək? Əlbəttə ki, inkişaf edəcək!
Çalışın sizi üzərlik tüstüsü ilə feyziyab edənləri əliboş qaytarmayasınız. Qoy inkişaf etsinlər.
O ki, qaldı yazının başlığındakı söz birləşməsinə, üzərliyin latınca adıdır. Belə elmi ifadələri yadda saxlamağa dəyməz, inkişafımız ləngiyə bilər.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 118-119)