Fuad Babayev
AMEA-nın doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belorusiya dövlət başçıları Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç tərəfindən “Belovejskaya Puşşa” adlanan yerdə, Viskuli bağ evində Sovet İttifaqının mövcudluğuna xitam verən müqavilə imzalandı. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçov SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verdi. Yeni mərhələ – postsovet dövrü başlandı.
Bu həm də Qorbaçovun “perestroyka”sının – tarixin uğursuz siyasi eksperimentlər arxivində layiqli yerini çoxdan tutmuş “layihə”nin sonu oldu. “Perestroyka”nın yaratdığı miqyaslı böhranın dövlətçiliyin parçalanmasına, ölkənin iqtisadi sisteminin dağılmasına və social-mənəvi sferanın tənəzzülünə gətirib çıxarması artıq hamıya məlumdur. (1; 236) Ölkənin rəsmi inkişaf kursu kimi elan edilmiş “perestroyka”nın ilk iki ümumdövlət kampaniyası – sərxoşluqla və zəhmətsiz gəlirlərlə mübarizə kampaniyalarının yumşaq desək arzuolunan nəticələri vermədiyini çoxları xatırlayır. Əlbəttə, bu 1985-91-ci illərdə adıçəkilən “layihə” çərçivəsində atılan uğursuz addımlardan bəziləridir.
Doğrudur, politoloqlar “perestroyka” ətrafında müzakirələri davam etdirirlər. Bütün iri miqyaslı hadisələr kimi, “perestroyka” da öyrənilməli, təhlil edilməlidir. Bu baxımdan 2015-ci ilin mayında Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun sosial-siyası prosesləriin təhlili şöbəsində keçirilmiş dəyirmi masa diqqətəlayiqdir. “Perestroyka”nın başlanmasının 30-cu ildönümünə həsr edilmiş diskussiyada bu hadisəni müxtəlif formalarda öyrənməyin mümkünlüyü vurğulanıb. Qeyd edilib ki, “akademik sakitliklə o dövrün hadisələrinin ardıcıllığını gözdən keçirmək, bu hadisələrin daxili məntiqini aydınlaşdırmaq, aparıcı aktorların maraq və ehtiraslarının toqquşmalarının dramatizmini göstərmək və nəticədə ötən əsrin 80-ci illərində ölkədə və dünyada cərəyan edən hadisələrin real, imkan dairəsində çoxrəngli mənzərəsini aydınlaşdırmaq olar. Bu yanaşmanın nəticələri xüsusilə ötən illər ərzində böyümüş və “perestroyka” haqqında təsəvvürləri onun opponentlərinin mifik ideologemlərinin təsisi altında formalaşmış nəsillər üçün xüsusilə vacibdir. Amma bu günün mövqelərindən dəyərləndirmə də eyni dərəcədə əhəmiyyətli yanaşmadır. Biz özümüz mənbələri “perestroyka”ya aparıb çıxaran reformasiya proseslərinin iştirakçısıyıq. Ona görə də indiki kəskin problemlərin həlli üçün bizə “perestroyka”nın tarixindən əldə edə biləcəyimiz təcrübənin – uğur və uğursuzluqların, xoş məramların və reallaşdırılmamış gözləntilərin təhlili lazımdır.” (2; 160-173)
Əlbəttə, bu Rusiya politoloqlarının sərgilədiyi mövqedir. İstisna edilməməlidir ki, postsovet məkanının digər ölkələrinin alimlərinin yanaşması fərqli ola bilər. Hətta bəlkə bu yanaşma fərqli olmalıdır. Xüsusilə, “perestroyka”nın aqressiv erməniliyin necə deyərlər əl-qolunu açmasını yaxşı xatırlayan Azərbaycan alimlərinin.
“Perestroyka”nın çoxsaylı fəsadları artıq onun startından az sonra aydın şəkildə hiss edilməyə başladı. Bu fəsadlardan biri 1986-cı ildə Qazaxıstanda yaşanıb. “Perestroyka”nın başlanmasından təqribən il yarım sonra 1986-cı ilin sonunda Qazaxıstanda etirazlar əsl qiyam kimi başladı. Bu qiyam öz növbəsində bir-birinin ardınca millətləri silkələyən dramatik hadisələr seriyasının prelyudiyası oldu. (3; 347)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qazaxıstan Prezidentinin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda aşağıdakıları deyib: “1986-cı il, dekabr. Sovet İttifaqı, Kommunist Partiyası mövcuddur. Biz hamımız bu dövlətə, bu partiyaya mənsubuq, sədaqətlə xidmət edirik. Qazaxıstan rəhbərliyini dəyişdirmək vaxtı gəlib çatır və buraya elə bir adamı göndərməyi qərara alırlar ki, o, burada heç vaxt yaşamayıb, işləməyib və bu millətə mənsub deyildir – söhbət Kolbindən gedir. O vaxt mən Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü idim, o hadisələrin, yəni həmin prosesin iştirakçısı olmuşam. Təəccüb doğururdu ki, nə üçün belə qərar qəbul edilir. Məsələn, şəxsən mən belə qərarlara çox həssaslıqla yanaşırdım, çünki hesab edirdim ki, milli mənsubiyyətindən asılı olmayaraq, Sovet İttifaqında biz hamımız bərabərik. Lakin azərbaycanlı olduğumdan, müsəlman mənşəli olduğumdan məhz bu qruplara mənsub xalqlar barəsində nə isə ədalətsiz bir iş görüldükdə, buna xüsusilə həssaslıqla yanaşırdım.
O vaxtlar izah edib dedilər ki, bilirsinizmi, Qazaxıstanda layiqli adam yoxdur və buna görə də oraya Kolbini göndərmək lazımdır. Müzakirə qurtardıqdan sonra bu mövzuda Mixail Qorbacovla söhbətlərim oldu. Mən hətta soruşdum ki, siz nə üçün belə edirsiniz? O dedi: Sən ki eşitdin, biz müzakirə edərkən dedim ki, qazaxların özləri bildirirlər ki, orada layiqli bir adam yoxdur, elə Dinmühəmməd Kunayevin özü də demişdir ki, indiki şəraitdə burada münasib adam yoxdur, oraya, məhz bu işə mərkəzdən rus millətindən olan adam göndərmək lazımdır.
Əlbəttə, bu, doğru deyildir, mən bunu qəbul edə bilməzdim, yəni bununla razı deyildim. Lakin belə də oldu və belə olan halda məni xüsusilə təəccübləndirdi ki, Qorbaçov bunu təkcə mənə demişdi, Siyasi Büronun iclasında bildirmişdi: qazaxların özləri və hətta Dinmühəmməd Kunayev deyir ki, buraya rus göndərmək lazımdır və hətta onun familiyasını da çəkdi, dedi ki, burada Kruçinanı gözləyirlər, o, Selinoqradda işləyirdi.
Lakin vaxt gəlib çatdıqda, bu məsələni yerində həll etmək lazım olduqda gənclər, tələbələr, qazaxlar bunun əleyhinə çıxdılar və düz etdilər.” (4; 176-177)
Əlbəttə, Qazaxıstanda başlanan zəncirvari reaksiya davam və inkişaf etməyə bilməzdi. Az sonra erməniliyin fəallaşması müşahidə olundu. 1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdikdən dərhal sonra, həmin ilin noyabrında akademik Aqanbekyan Parisdə “Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana” fikrini səsləndirdi. Müvafiq güclər tərəfindən vaxtilə tarixi Azərbaycan ərazilərinə gətirilmiş ermənilər bu dəfə də havadarlarına arxalanaraq çirkin niyyətlərinə çatmaq üçün fəaliyyətə keçdilər.
Çox mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır. Erməniliyin azərbaycanlılara qarşı törətdiyi cinayətlər zənciri ötən əsrin 80-ci illərinin sonlarında sadəcə olaraq davam etdirilmişdir. Münaqişənin məhz 1987-1988-ci illərdə meydana gəlməsini həmin vaxta qədər Qafqazın sərt və sayıq nəzarət altında olması ilə izah edilməsi (həmin nəzarət yoxa çıxdıqdan dərhal sonra regionda müharibələr başlanır) həqiqəti əsasən əks etdirir. (5; 30)
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzündən əvvəl özünəməxsus “artilleriya hazırlığı” keçirildiyi yetərincə araşdırılmış mövzulardandır. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun DQMV-dəki separatçı-terrorçu təçkilatı “Krunk” (“Durna”) açiq içə keçməsi, “Miatsum” (“Birləşmə”) hərəkatının formalaşdırılması “perestroyka”nın dırnaqarası nailiyyətlərindəndir. Ermənilərin siyasi səfərbərliyi “Qarabağ Komitəsi”, “Krunk” kimi təşkilatların və sonralar Ermənistanın ilk prezidenti olmuş və Qarabağ hərəkatında aparıcı rol oynamış Levon Ter-Petrosyanın təsis etdiyi plan – erməni Ümummilli Hərəkatı kimi siyasi partiyanın yaradılması ilə nəticələnməsi tarixi faktlardır. (6; 114-116) Bütün bunların Qorbaçovun “perestroyka”sı sayəsində ortaya çıxmasının əlavə sübuta ehtiyacı yoxdur.
Odur ki, erməniliyin aktivləşməsinin təkcə nəzarətin itməsi ilə deyil, həm də mərkəzdən özünəməxsus istiqamətləndilmənin, səxavətlə yaradılmış imkanlarla izah etmək lazımdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 21 yanvar 1990-cı ildə, 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda demişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. (7)
Xeyli dərəcədə məhz Qorbaçov “perestroyka”sı sayəsində ortaya çıxmış silahlı münaqişələrin çoğrafiyası kifayət qədər genişdir. Keçmiş Sovet İttifaqının ən müxtəlif bölgələrində qaynar nöqtələr yaranmışdı.
Qeyd edilməlidir ki, bu münaqişə ocaqlarının “həyat qabiliyyəti” və “dağıdıcılıq əmsalı” kifayət qədər yüksəkdir. Tutaq ki, yenə də 1980-ci illərin sonlarında, Gürcüstan ərazisində yaranmış gürcü-abxaz və gürcü-osetin münaqişələri 08.08.08 müharibəsinə çevrildi. Və yaxid Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəymiş maddi zərər “2011-ci ilin əvvəllərinə olan məlumata əsasən 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dolları təşkil edir.
Eyni zamanda qeyd etmək lazımdır ki, göstərilən məbləğ özündə işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin tam miqdarını əks etdirmir.” (8; 91)
Obrazlı desək, “perestroyka”nın müəllifliyi ilə yaranmış Dnestryanı münaqişə də həllini tapmamışdır. (9; 66)
9-10 aprel 2005-ci ildə, “perestroyka”nın 20-ci ildönümündə, Rusiya Federasiyasının 44 subyektindəki 100 yaşayış məntəqəsində, 1500 respondent arasında sorğu keçirilib. Respondentlərin 53 faizi “perestroyka” sözünün onlarda neqativ assosiasiyalar yaratdığını bildirib. (10)
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu “layihə”nin neqativ “irs”i həm də həllini gözləyən silahlı münaqişələrdir.
İstifadə edilmiş ədəbiyyat:
1. Большая актуальная политическая энциклопедия. М., 2009. c.236
2. Галкин А.А., Красин Ю.А Перестройка – с дистанции в три десятилетия.- «Полис» № 5. С.160-173
3. Каррер д’ Анкосс Элен . Евразийская империя. История Российской империи с 1552 г. до наших дней. М., 2010. C.347
4. “30 tarixi səfər”. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri. B., 2013. S.176-177
5. Жирохов М.А Мечь и огонь Карабаха. Хроника незнаменитой войны. 1988-1994. М. 2012. С 30
6. Dədəyev B., Mahmudlu C., Əbilov Ş. Qarabağ 99 sualda. B., 2014 S. 114-116
7. http://lib.aliyevheritage.org/az/6990816.html)
8. Süleymanov E., Süleymanov V. Ermənistanın Azərbaycan qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri. B.,2013. S.91
9. Жирохов М.А.Приднестровье. История конфликта М.2014. c.66
10. http://bd.fom.ru/report/map/projects/dominant/dom0515/ddd051531
Məqalə “Geostrategiya” jurnalının 06 (30) noyabr-dekabr 2015-ci il sayında dərc edilib.