2012-ci ildə Rusiyada işləyən Azərbaycan qastarbayterləri Odlar Yurduna 1,19 milyard dollar göndəriblər.
2012-ci il il 2 ay 14 gün bundan qabaq başa çatmış ildir.
Rusiya Federasiyası bizim şimal qonşumuzdur.
Azərbaycan Vətənimizdir.
Qastarbayter alman sözüdür. Qonaq-işçi deməkdir.
Odlar Yurdu Azərbaycandır.
1.19 milyard dollar çox böyük puldur. Məsələn, bu vəsaitin Rusiyada çalışan qastarbayterlərimiz tərəfindən ölkəmizə göndərildiyi 2012-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 16 438 000,0 min manat, xərcləri 17 072 000,0 min manat məbləğində təsdiq edilmişdi. (Ölkənin dövlət büdcəsi haqqında qanun hər ilin dekabrında növbəti il üçün təsdiq edilir və il başlanar-başlanmaz, yanvarın 1-dən qüvvəyə minir.)
Bax belə. Mən bu məlumatı “Kommersant Vlast” jurnalından əldə etmişəm. Elə həmin məqalədə yazılmışdı ki, Dünya Bankı 2012-ci ildə işçi miqrantların öz evlərinə düz 530 milyard dollarlıq pul baratları göndərdikləri qənaətindədir. Və bu vəsaitin böyük bir hissəsi ABŞ-dan göndərilib. 120,2 milyard dollar. Heç demə, təkcə meksikalılar bircə ilə 23,2 milyard dollar Vətənə göndəriblər. Siyahıda sonrakı yerləri çinlilər (13.5 milyard), hindistanlılar (10,8 milyard) və Filippin təmsilçiləri (10 milyard) tutur.
Bütün bunları oxuyandan sonra başa düşdüm ki, daimi mühərrik əslində kəşf edilib. Hərçənd ki, Kelvin də, Klauzius da daimi mühərrik yaratmanın mümkünsüzlüyünü iddia edirdilər. Yanılırlarmış. Daimi mühərrik -yəni perpetuum mobile mövcuddur və əməlli-başlı işləyir.
Qastarbayterlərin xaricdən vətənlərinə göndərdikləri pullarla perpetuum mobile arasında rabitəni təbii ki, özünüz tapacaqsınız. Vətəni BİRDƏFƏLİK tərk edib ömrünü-gününü xaricdə keçirən insanın işləri ilə BİR DƏFƏ hərəkətə gətirildikdən sonra xaricdən enerji almadan fasiləsiz işləyən xəyali mühərrik arasında oxşarlıqlar az deyil.
Vəssalam. Oxuduğum məqalədə o da yazılmışdı ki, əgər işçi miqrantları bir yerə yığmaq mümkün olsaydı, 214 milyon nəfər sakini olan bir ölkə əmələ gələrdi. Və bu ölkə əhalisinin sayına görə yalnız Çindən, Hindistandan, ABŞ-dan və İndoneziyadan geri qalardı.
Məqalədə ukraynalıların, taciklərin və qırğızların bizimkilərə nisbətən daha çox pul göndərmələri də yazılmışdı. Buna əsla yol vermək olmaz. Biz həmişə birinci olmağa alışmışıq axı.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 66-67)