Perunun nüfuzlu “La Razon” xəbər portalında Azərbaycana səfər etmiş tanınmış perulu jurnalist Rikardo Sançesin müəllifi olduğu “Qarabağda dəhşət” adlı məqalə dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, məqalədə Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın erməni silahlı dəstələri tərəfindən amansız şəkildə qətlə yetirilməsi, onlardan bir qisminin Əsgəran qəsəbəsində qala divarları yanında kütləvi məzarlıqda dəfn edilməsi vəhşilik kimi qiymətləndirilir.
Qeyd olunur ki, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən çoxillik işğal, soyqırımı, deportasiya və terrorizm siyasəti nəticəsində minlərlə həmvətənlimiz məhz etnik və dini nifrətin qurbanı olub, çoxları əsir götürülüb və ya itkin düşüb. Qarabağın müxtəlif yerlərindən qətlə yetirilmiş insanların qalıqlarının tapılmasının Ermənistanın Azərbaycana qarşı soyqırımı törətdiyini təsdiqlədiyi vurğulanır.
Müəllif qeyd edir ki, amansız qatillərdən biri 1990-cı illərin əvvəllərində Qarabağ regionunda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələrinin üzvü, lokal xarakterli antiterror tədbirləri zamanı əsir götürülən Rəşid Beqlaryan pusquya düşmüş 200-ə yaxın azərbaycanlının, əsasən qadın, uşaq və qocanın avtomatik silahla öldürüldüyünü etiraf edib, dinc əhaliyə qarşı cinayətlərin törədildiyi yerlər haqqında ətraflı məlumat verib.
15.02.2024, AZƏRTAC