Qəzetin oxucusu, radionun dinləyicisi, televiziyanın tamaşaçısı olmalıdır. Əks tədqirdə nə qəzet, nə radio, nə də televiziya yaşaya bilməz. Hər halda yaşamamalıdır. Görəsən Azərbaycan qəzetlərinin, radio və televiziya kanallarını yaşadanlar kimlərdir? Doğrudan da, XX əsrin sonlarında məmləkətin informasiya “istehsalçı”larının məhsulunun “istehlakçı”ları haqqında nə demək olar? Gəlin Azərbaycan oxucusunun, dinləyicisinin, tamaşaçısının portretini canlandıraq.
Azərbaycan adlı məmləkətin informasiya “istehlakçı”sı adlandırılmaq üçün aşağıdakı “keyfiyyət”lərə malik olmaq lazımdır:
– informasiya əldə etmək həvəsinin hiss edilməsi, yeni xəbər ehtiyacın duyulması;
– məlumat “qəbul”u üçün zəruri imkanlara (qəzet almaq üçün Azərbaycan əskinasına, işləyən radioqəbulediciyə, televizora) malik olmaq.
Vəssalam. Vətəndə və Vətənin hüdudlarından kənarda baş verənlərlə maraqlanan, üstəlik də qəzet almağa pulu, dinləməyə radioqəbuledicisi, baxmağa televizoru olan şəxs informasiya “istehlakçı”sı adlandırıla bilər. Və əslində burada yeni heç nə yoxdur.Yeni olan “istehlakçı” auditoriyasının parametrlərində baş verən mühüm dəyişikliklərdir. Gəlin həmin dəyişiklikləri sadalamağa cəhd göstərək:
– kəmiyyət göstəricilərindəki dəyişikliklər, daha dəqiq desək auditoriyanın kiçilməsi;
– oxucu, dinləyici, tamaşaçı zövqünün formalaşmasının yeni mərhələyə qədəm qoyması;
– seçim imkanlarının kifayət qədər geniş olması nəticəsində adi “istehlakçı”nın “manevr” imkanlarının genişləndirilməsi.
Görəsən, oxucuların, dinləyiciləri və tamaşaçıların sayı nəyə görə azalır? Yəqin ki, hamıya yaxşı bəlli olan səbəblər üzündən. Həmin səbəblər sırasında aşağıdakıları xüsusi qeyd etmək lazımdır:
– əhalinin alıcılıq qabiliyyətinin kəskin surətdə azalması;
– bəzən bütöv rayonların zülmətə qərq olması ilə nəticələnən “anlaşılmazlıq”lar;
– informasiya daşıyıcılarına az qala total səciyyəli inamsızlıq.
Bəs görəsən, auditoriyanın zövqündəki dəyişikliklər nə ilə bağlıdır? Zənnimizcə, bu çox asanlıqla izah oluna bilər. Deyək ki, Moskva “Pravda”sının və yaxud Bakı “Kommunist”inin mövqeyini yeganə düzgün mövqe kimi qəbul edən azərbaycanlı oxucunun gözləri əməlli-başlı açılıb. Keçmiş Sovet İttifaqı məkanının dəyişiklikləri nəticəsində media müstəvisinin əlçatan hissələrində (anlaşılan dildə çap edilən qəzetlərdə və s. ) baş verən keyfiyyət dəyişiklikləri yeni oxucu, dinləyici, tamaşaçı zövqünü formalaşdırmalı idi və elə formalaşdırdı da.
Seçim imkanlarının genişlənməsinə gəlincə, burada hər şey tamamilə aydın idi. Məsələn, qəzetlərin sayı çoxdur. İxtiyari qəzet köşkünün piştaxtasına hər gün onlarla qəzet düzülür. Ən əsası isə məmləkət oxucusu “doğma” qəzetləri “yad” nəşrlərlə müqayisə etmək imkanına malikdir.
Bu qədər. İndicə əsas məqama keçək. Görəsən, media bazarında çalışan “istehsalçı”lar öz “müştəri”ləri haqqında hansı məlumata malikdirlər? Və ümumiyyətlə, malikdirlərmi?
Heç şübhəsiz ki, “istehsalçı”ların “istehlakçı”lar haqqında təsəvvürləri var. Lakin bu təsəvvür tam deyil. Məmləkət qəzetlərinə nəzə r salaq. Normal oxucu tərəfindən oxunması sadəcə olaraq mümkün olmayan və əslində, böyük əhəmiyyət kəsb etməyən mövzulardan bəhs edən “palaz-palaz” yazılar kimə ünvanlanıb? Doğrudanmı, kimsə həmin yazıların oxunacağına ümid edir? Və bəzən bütöv qəzet səhifəsini tutan yazının əslində boşluğa monoloqdan başqa bir şey olmadığını dərk edə bilmir?
Bu ritorik suallaır xeyli uzatmaq olar. Buna ehtiyac yoxdur. Və əgər Azərbaycan mediasında maraqsız, gərəksiz materialların bolluğu şübhə dogurmursa, səbəbləri araşdırmağa keçək. Doğrudan da, xəbər “istehsalçı”sının xəbər “istehlakçı”sından xəbəri yoxdursa, bunu nə ilə izah etmək olar? Yəqin ki, aşağıdakı səbəblərlə:
– hansısa dövlət institutunun və yaxud siyasi qurumun təsisçiliyi, maliyyə dəstəyi ilə yaşayan (sürünən) kütləvi informasiya vasitəsi öz oxucusundan deyil, öz təsisçisindən asılıdır;
– bəzi media mənsubları informasiya “istehlakçısı”nı asanlıqla “X” qəzetinə abunə yazılmağa vadar edilməsi mümkün olan dilsiz-ağızsız şəxs kimi təsəvvür edirlər (o qədər də uzaq olmayan 80-ci illərdə istəsə də, istəməsə də “Azərbaycan gəncləri”nin, “Kommunist”in, “Sovet kəndi”nin abunəçisi “status”unu əldə edən minlərlə oxucu kimi).
Bu qədər. Bu məmləkətin yetərincə media mənsubu var ki, “albom”unda oxucu, dinləyici və tamaşaçı “portret”i yoxdur. Doğrudur, həmin media mənsublarının adlarına, dəst-xətlərinə də informasiya “istehlakçı”larının yaddaş dəftərçəsində rast gəlmək olmur. Bir sözlə, oxunan qəzet, dinlənilən radio, seyr edilən televiziya oxucu, dinləyici, tamaşaçı “portret”inin bütün cizgilərinə bələd olanların qəzeti, radiosu, televiziyasıdır.
Fuad Babayev
“Şərq” qəzeti, 11 noyabr sentyabr 1999-cu il, № 129 (305)