Psixoterapevt Azad İsazadə və Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova ilə Qələbədən sonrakı psixologiyamız barədə danışdıq.
Fuad Babayev: Sizi böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Etiraf edək ki, mütləq əksəriyyətimiz üçün bu nailiyyət, əsgərlərimizin şücaəti, rayonların alınması gözlənilməz oldu. Qələbədən sonra “müvəffəqiyyətdən baş gicəllənməsi” fenomeninin bizim üçün təhlükəsi var?
Azad İsazadə: Mən ötən günlərdə Ağdam rayonunun Quzanlı qəsəbəsi və Füzulinin Alıxanlı kəndində, Horadizdə oldum, amma Qaraxanbəyliyə daxil ola bilmədim. Sonra cəbhə bölgəsinə getdim. O vaxtlar mənimlə birgə döyüşdə iştirak edən bir xeyli insan könüllü şəkildə hərbi hissələrə yazılmışdı. Əslində, onlar gənc əsgərlərə psixoloji təcrübə “sağ qalma məktəbi”ni keçirdilər. Mənəvi cəhətdən dəstək verirdilər. Yerli camaat da döyüşlərə könüllü şəkildə qatılırdı.
Fuad Babayev: Bizi uğurdan, müvəffəqiyyətdən baş gicəllənmə təqib etmirmi? Bəlkə də artıq bu vəziyyətlə qarşılaşmışıq?
Mələk Kərimova: Məncə, qarşılaşmağımızda hər hansı bir problem yoxdur. Çünki 28 ildir bu insanlar öz torpaqlarından didərgin düşüblər. Həmin insanlar qaçqın və məcburi köçkün olaraq həyatlarına müxtəlif tərzdə davam etmək məcburiyyətində qalıblar. Bu ərəfədə Xocalı faciəsinin şahidi olan vətəndaşlarımızın yaşantılarına da şahid olduq. Yaxşı və ya pis bu zamana qədər tab gətirə biliblər. Amma sual olunur ki, rahat bir şəkildə həyatlarına davam edə bildilərmi? Bu acının qisası alınmasa, insanın ürəyi sakitləşə bilməz. Məhz bu səbəbdən bu ifadəni işlətdim. Onların yaşadıqları travmanın bir qarşılığı oldu.
Azad İsazadə: Hər bir uğurdan sonra bir az da olsa baş gicəllənməsi olmalıdır. Bu artıq real faktdır. Əsas odur ki, reallıq hissini itirməyək. Burada psixoloji amil də var. Biz çox emosionalıq. Biz istər müsbət, istərsə də mənfi emosiyada tez oyanan, tez də yorulan millətik. Bunu özümüzə dərd etməyə də ehtiyac yoxdur. Ermənilər bizdən bir az gec oyanırlar, sonra da sönə bilmirlər. Məsələn ermənilər 1915-ci ildə olmayan soyqırım hadisəsini real yaşayırlar və bu onlar üçün real ağrıdır. Beynəlxalq konfransların birində müşahidə etdim ki, bu mövzuda zarafat edilməsi belə ermənilər üçün ağrılı məsələdir. Türklərin ikitərəfli arxivləri açmaq təkilfinə isə konfransdakı erməninin cavabı belə oldu: “Biz arxivləri açsaq, genosidi şübhə altında qoymuş olarıq”.
Fuad Babayev: Bu da bir tabudur. Onun müzakirəsi belə onlar üçün satqınlıq əlamətidir.
Mələk Kərimova: Buna da hədsiz bir inam var. Elə kütləvi informasiya vasitələrində də bunu təbliğ edirlər. “Biz möhtəşəm xalqıq”, Böyük Ermənistanıq” xəyalları ilə yaşayırlar.
Azad İsazadə: Tbilisidə yaşayan erməni danışırdı ki, qonaqları Ermənistanın qədim Ani şəhərinə aparıbmış. Yerli əhalidən biri qonaqlara V əsrdə bu şəhərin kral və kraliçasının Mark Antoni və Kleopatra ilə dostluğundan danışırdı. Antoni və Kleopatranın eramızdan əvvəl yaşadığını deyəndə isə yerli erməni bunun sadəcə gözəl əfsanə olduğunu etiraf etmək məcburiyyətində qalıb. Yəni hadisənin doğru və ya yanlışlığının onlar üçün elə də bir önəmi yoxdur.
Fuad Babayev: Biz bu müvəffəqiyyətə birdən-birə keçid etdik. Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz uğurlar əldə edərək öz missiyasını artıqlamasıyla yerinə yetirdi. Bundan sonra cəmiyyətin digər üzvlərinin üstünə hansı öhdəliklər düşür?
Azad İsazadə: İlk növbədə xəstəxanalardakı yaralı əsgərlərə və Vətənimizin keşiyində canından keçən şəhid ailələri üçün əlimizdən gələn mənəvi yardımı əsirgəməməliyik. Bu öhdəliklər yalnız dövlətin deyil, həmçinin bizlərin də vəzifəsidir. Biz artıq bu istiqamətdə müəyyən işlər görməyə başlamışıq. Ordudakı terapevt sayının artırılması planlaşdırılmalı, hərbi hissələrdə olan gənc əsgərlərə psixoloji dəstək verilməlidir. Bu məsuliyyət psixoloqların, psixoterapevtlərin üzərinə düşür.
Fuad Babayev: Şəhid ailələrinin də psixoloji dəstəyə ehtiyacı var. Elə deyilmi?
Azad İsazadə: Əlbəttə. Sadəcə çatdırmaq olmur. Oktyabrın əvvəlində psixoloq, psixiatr və sosial işçidən ibarət 34 nəfərlik qrupa təlim keçdik, hətta maliyyə dəstəyi də toplamışdıq. Biz Bərdə, Ağcabədi Goranbay və Gəncəyə rayonlarına getməli idik. Təkcə Goranboya getməyə icazə ala bildik. Rayonun kəndlərinə gedəndə hər dəfə icazə üçün ayrıca müraciət edirdik. Yəni belə texniki problemlər var.
Mələk Kərimova: Ötən il Xəzər Universitetinin magistr pilləsində təhsil alan Ataməli Musaoğlu adlı tələbəm bu Vətən müharibəsində şəhid oldu. Çox qabiliyyətli və gələcəyi parlaq təlbələrimdən biri idi. Evli idi, 2 yaşlı övladı var. Mən öz öhdəmə düşən vəzifə kimi, öz borcum kimi onun həyat yoldaşı ilə konsultasiya aparıram. Həqiqətən də həyat yoldaşının Ataməli haqqında təəssüratlarını eşitdiyim zaman o mənim gözümdə daha da ucalır. Elə bilirəm ki, sevgi və ya qəhrəmanlıq dastanı oxuyuram. Könüllü olaraq ordu sıralarına yazılmışdı. Yalnız Vətənə xidmət göstərmirdi, eyni zamanda əsgər yoldaşlarına psixoloji dəstək verirdi. 25 illik qısa ömrünə böyük nailiyyətlər və qabiliyyətlər sığdırdı. Həqiqətən şəhid ailələrinin həm sosial-iqtisadi baxımdan, həm də psixoloji cəhətdən çətinlikləri var. Bizim arxa cəbhədə əsl mübarizəmiz bundan sonra başlayır və daim davam etməlidir.
Azad İsazadə: Şəhidlərimizin adlarını əbədiləşdirən, onların hörmət və ehtiramla xatırlanması üçün Ağ kitab (ingiliscə: white paper – red.) yaradılmalıdır. Siyahıda hər birinin adı qeyd edilməlidir.
Mələk Kərimova: Şəhid ailələri ilə ünsiyyitimə əsasən deyə bilərəm ki, hər bir şəhidimiz o qədər keyfiyyətli şəxsiyyət kimi formalaşıb ki, sanki hər biri say-seçmə insanlar olublar.
Fuad Babayev: İşğaldan azad olunan ərazilərə vətəndaşların qayıdışı ilə bağlı, postmüharibə dövründə cəmiyyətin davranışı ilə bağlı tövsiyə və gözləntiləriniz nədən ibarətdir?
Azad İsazadə: İlk növbədə işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın qayıtması və yaşayışın təmin edilməsi məsələsi var. Bu torpaqlara ilk növbədə ziyalıları, müəllimləri, həkimləri cəlb etmək lazımdır. Sonra onlar ardınca əhalini aparmalıdır. İşğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafı da gələcək prioritetlər sırasında olmalıdır.
Mələk Kərimova: Sosial-demoqrafik amilə üstünlük verilməli, çoxuşaqlı ailələrə şərait yaradılmalıdr. İnsanların həmin ərazilərdə məskunlaşması, müəllimlərin fəaliyyətlərini orada da davam etdirməsi üçün təşviqedici hazırlıqlar görülməlidir. İnsanların həmin ərazilərdə də təhlükəsiz və qorunan bir mühitdə yaşaya biləcəklərinə inam yaratmaq lazımdır.
Fuad Babayev: Müharibələr bitsə də, əsgərlərdə yaratdığı travmalar illər sonra ortaya çıxa bilir. Hətta indinin özündə də bu hal müşahidə olunur. Əsgərlərin normal həyata tez adaptasiya olması üçün onlara necə köməklik göstərmək olar? Bizim cəmiyyət müharibə dəhşətlərini həzm etmək üçün nə etməlidir?
Mələk Kərimova: Gəlin real danışaq. Müharibədə, döyüşdə olmayanlar belə psixoloji təsirlərə məruz qalıb. Hər birimiz istər COVİD-19 epidemiyası, istərsə də müharibə ilə bağlı məlumatları təşviş və həyacanla izləyib. Yəni hətta normal cəmiyyət də travmatik yaşantılardan təsirlənib. Təbii ki, döyüşlərdə iştirak edən əsgərlərimizin yaşantıları posttravmatik stres zamanı yuxusuzluq yaradacaq, kabuslar və təşviş pozuntuları əmələ gətirəcək. Bizim psixoloji mübarizəmiz arxa cəbhə olaraq bundan sonra başlayır. Ona görə də bu problemlərlə, travmalarla tək başına mübarizə aparmamaq üçün həmin insanlar psixoloqların, psixiatrların və sosial işçilərin timsalında həm mütəxəssislərdən, həm də cəmiyyətdən sosial dəstək almalıdır.
Fuad Babayev: Bəs dəstəyə ehtiyacı olan insanlara kömək edən şəxslərin özünüreklam meyllərinin qarşısını necə almaq olar?
Mələk Kərimova: Təbii ki, belə xöşagəlməz hallar qəbuledilməzdir.
Azad İsazadə: Belə halları cəmiyyət qınamalıdır. “Əfqan” və ya “Qarabağ” müharibəsininsindromunun fəsadlarını aradan qaldırmaq üçün keçmiş əsgərlərə peşəkar yardım göstərilməlidir. Düşməni öldürən və ya yanındakı əsgər yoldaşının ölümünü görən əsgərlərə mütləq psixoloji reabilitasiya mərkəzləri xidmət göstərməlidir. Əlillər üçün fiziki reablitasiya mərkəzləri var, amma psixoloji reablitasiya mərkəzləri yoxdur. Ordumuzun tərkibində hərbi psixoloq yoxdur. Hərbi xidmətə yollananlar üçün müharibədən öncə psixoloji hazırlıq təlimləri keçilməlidir. Hər bir hərbçi haqqında psixoloqda müvafiq məlumatlar olmalıdır.
Orduda tərbiyə işləri üzrə müavinlər var. Amma onların sayı kifayət qədər olmadığı üçün vəziyyətə təsir göstərə bilmir. Ümumiyyətlə, tərbiyə işləri üzrə müavinlərə psixoloji yardım işi öyrədilməyib. Onlar tərbiyə, ideologiya və siyasi məsələlərlə məşğul olublar. Bu vəzifələrə psixoloqları və ya psixoloji təhsili olan insanları cəlb etmək lazımdır.
Mələk Kərimova: Əslində, müharibəyə cəlb edilmiş bir ölkə olaraq bu məsələlər bizdə çoxdan formalaşmalı idi. İnsan öldürmək istənilən insan üçün ağır prosesdir. Müharibədən qayıdan insanlarda yaşanan sıxıntı, şahidi olduğu qanlı səhnələr uzun müddət onların yaddaşından silinmir. Bunun üçün psixoloji dəstək almaq mütləqdir. Əgər savaş sonrası bəzi travmalar baş qaldırırsa, özləri də bunun fərqində olmalıdır. Psixoloqlar isə cəmiyyəti psixoloji xəstəliklərin və emosional çətinliklərin əlamətləri ilə bağlı maarifləndirməlidir.
Fuad Babayev: Çox zaman xarici telekanallarda Azərbaycan əleyhinə olan proqram və süjetlər düşünən insanlara dərin psixoloji yaralar vurur. Bunun qarşısını necə almaq olar?
Azad İsazadə: Sadəcə böhtan xarakterli proqramlara baxmaq və inanmaq lazım deyil. Ukraynanın, Belarusun, Baltikyanı ölkələrin rusdilli telekanallarına baxanda obyektiv mövqe sərgilədiklərinin şahidi oluruq.
Mələk Kərimova: Biz öz həqiqətlərimizi xarici dillərdə nə dərəcədə çatdıra bilirik? Öz təbliğatımızı daha güclü aparmalıyıq.
Fuad Babayev: Mən belə başa düşdüm ki, ümumiyyətlə “müvəffəqiyyətdən baş gicəllənmə” əslində elə də təhlükəli deyil. Həm də ona görə ki, şəhid ailələri və qazilərin mövcudluğu kimi bizi reallığa qaytaran çoxlu məqamlar olacaq. Biz daha çox stresdən ziyan çəkə bilərik.
Mələk Kərimova: Psixoloji dəstəyə ehtiyacımız var.
Azad İsazadə: Öz emosiyalarımızı idarə etməyə, düzgün istiqamətə yönəltməyə çalışmalıyıq.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 20 noyabr 2020-ci ildə baş tutub.
Materialda mektebgushesi.az saytının fotosundan istifadə edilmişdir.