Fuad Babayev
AMEA-nın doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
Vestfal sazişinin 1648-ci ildə imzalanması ilə formalaşmış Vestfal sülhü Vyana konqresindən (1815-ci il) sonra formalaşmış Vyana beynəlxalq münasibətlər sistemi ilə əvəzləndi. 1919-cu ildə imzalanmış Versal sülh müqaviləsi beynəlxalq münasibətlərin Versal-Vaşinqton sistemini formalaşdırdı. İkinci dünya müharibəsindən (1939-1945-ci illər) sonra beynəlxalq münasibətlərin Yalta-Potsdam sistemi yarandı. Bu faktiki olaraq bipolyar – ikiqütblü sistem idi.
Sovet İttifaqının süqutu isə faktiki olaraq birqütblü dünya yaranmasına gətirib çıxardı. XX əsrin son, XXI əsrin ilk onilliyində baş verən hadisələr birqütblü dünyanın özünü doğrulda bilməməsi, necə deyərlər zamanın sınağından çıxmadığı qənaətini yaradır. Artıq SSRİ-nin süqutundan sonra formalaşmış birqütblü dünyanın polisentrizmlə əvəzlənməsi prosesinin başlanmasından danışmaq olar. (8. 10-11) XXI əsrdə beynəlxalq sistemdə qərarların qəbul olunacağı çoxsaylı mərkəzlərin yaranması qaçılmazdır. Hərçənd ki, hələlik beynəlxalq siyasi sistemin məhz polisentrizm platforması əsasında mövcud olacağı strateji xarakterli təmayüldür.
İndi ABŞ ilə Çinin və yaxud “qızıl milyard” ölkələri ilə bəşəriyyətin geridə qaldığı iddia olunan hissəsi arasında qarşıdurmalardan da çox danışılır. Mövcud vəziyyətdən razı olan ölkələrlə beynəlxalq oyun qaydalarını dəyişmək istəyən ölkələr arasında da, “liberal kapitalizm” ölkələri ilə “avtoritar kapitalizm” ölkələri arasında da qarşıdurma imkanları da zaman-zaman araşdırilır. Üstəlik, belə bir rəy də var ki, ümumiyyətlə beynəlxalq sistemin dayanıqlığı hökmən bipolyar modelə əsaslanmamalıdır.
Bu gün postosovet məkanı adlandırılan ərazilərdə siyasi həllini gözləyən silahlı münaqişələr bipolyar modelin süqutu, Sovet İttifaqının səhnəni tərk etdiyi zaman kəsiyində yaranıb.
“1991-ci ildə Sovet İttifaqı tamamilə ağlagəlməz bir iş gördü – o sadəcə olaraq özü-özünü məhv etdi.” (4. 384)
Həmin dövrü tədqiq edən müəlliflərdən birinin fikrincə Orta Asiyada özbəklərlə taciklərin ləng münaqişəsinin canlanması, qazaxların və qırğızların milli azlıqları və son nəticə etibarilə rusları təqib etmələri həmin dövrə təsadüf edir. Sovet İttifaqının cənub hüdudları məhz həmin zaman kəsiyində nəhəng barıt çəlləyinə çevrilib. (7. 350)
Əlbəttə, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində yaranan münaqişələr məhv olan nəhəng dövlətin özünüqoruma reaksiyasının fəsadlarının və mərkəzdənqaçma tendensiyalarının özünəməxsus təzahürü kimi dəyərləndirilməlidir.
Qətiyyətlə demək olar ki, postsovet məkanında ən böyük faciə Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində, Azərbaycanda yaşanmışdır. “Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və digər 7 rayon işğal edilmiş, 20 min azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və müxtəlif dərəcəli xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin düşmüş, Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi kışkünə çevrilmişdir. Müharibə nəticəsində 99-dən çox yaşayış məntəqəsi dağıdılmış və qarət edilmiş, mülki əhalinin ümumilikdə 9 milyon m² sahədə evləri, dövlət müəssisələri və sosial obyektlər dağıdılmış və yandırılmışdır.” (3.3)
Ənənəvi olaraq Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırılan, əslində isə Ermənistanın Azərbaycana təcavüzündən başqa bir şey olmayan proses haqqında neytral mövqedən çıxış etməyə çalışan müəlliflərdən biri Qafqaz dağlarındakı vəziyyətin bütün dünya üçün potensial təklükə potensialına malik olduğunu qeyd edib. (6.11)
Bu sadalananlara görə, postsovet məkanının silahlı münaqişələrindən danışarkən əsas diqqətin Ermənistanın Azərbaycana silahlı təcavüzünə yönəldilməsi başa düşüləndir.
Etiraf edilməlidir ki, dünya birliyi bu münaqişənin həlli üçün müəyyən addımlar atmışdır. ATƏM-in 1994-cü ildə keçirilmiş Budapeşt Zirvə görüşünün yekun Bəyannaməsində deyilirdi: “Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən təəssüfləndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiklərini alqışladılar. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqlədilər və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə onlar münaqişə tərəflərini birbaşa əlaqələr daxil olmaqla məsələnin mətləbinə dair daha intensiv danışıqlara çağırdılar. Bu mənada onlar ATƏM-in səyləri və köməyini ikiqat gücləndirəcəklərinə söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyəndilər və Rusiya Federasiyasının həlledici yardımını və Minsk qrupunun digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bu səyləri ATƏM çərçivəsində əlaqələndirərək bir araya gətirmək qərarına gəldilər.” (10)
İki il sonra, 1996-cı ildə ATƏT üzvü olan ölkələrin dövlət və hökümət başçılarının Lissabon Zirvə görüşündə ATƏT-in Fəaliyyətdə olan Sədri bəyanat verərək “son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə edilmədiyini” vurğuladı. Və təəssüflə “məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin səyləri uğurla nəticələnmədiyini” qeyd etdi. (11.)
ATƏT-in 1999-cu ildə keçirilmiş İstanbul Zirvə görüşünün bəyannaməsində deyilirdi: “Biz Dağlıq Qarabağ münaqişəsilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır. Biz qəti şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası ümidilə bu dialoqun davam etdirilməsinə çağırırıq. Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin tapılması üçün ən münasib format olan ATƏT-in Minsk qrupu sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfləri bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır.” (12.)
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin toplantıda çıxış edərək Minsk qrupunun həmsədrlərinin Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplərin həyata keçirilməsi üçün lazımi fəallıq və ardıcıllıq göstərmədiklərini vurğulayaraq demişdi: “Qeyd etmək istəyirəm ki, Ermənistan prezidenti ilə danışıqlarımız Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətini əvəz edə bilməz. Mən Minsk konfransının həmsədri olan ölkələrin dövlət və hökumət başçılarını Minsk qrupu çərçivəsində danışıqların tezliklə bərpası üçün zəruri səylər göstərməyə çağırıram. Dünya birliyi münaqişənin aradan qaldırılmasına dair bəyan edilmiş prinsipləri ardıcıl surətdə və qətiyyətlə müdafiə etməlidir.” (1.64-65)
Təəssüf ki, dünya birliyinin Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı problemlərə laqeyd münasibət bəsləməsi şübhə doğurmur. Əslində son 2 onillik ərzində bu sahədə heç nə dəyişməyib.
2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə deyib: “Təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran məsələ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsidir. Azərbaycan erməni təcavüzünün qurbanıdır. Bu, danılmaz faktdır. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir”(13.)
Azərbaycan dövlət başçısı 2016-cı ildə Novruz bayramı münasibətilə ümumxalq şənliyində söylədiyi nitqdə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edərək deyib: “…Minsk qrupunun həmsədrləri pozucu fəaliyyətləri ilə münaqişənin dondurulmasına xidmət edirlər. Onlar öz səlahiyyətlərini aşaraq beynəlxalq təşkilatların işinə müdaxilə edirlər. Ermənistana təzyiq etmək əvəzinə ermənilərə himayədarlıq edirlər, onları qoruyurlar. Münaqişənin həlli əvəzinə qəribə təkliflər verirlər ki, təmas xəttində təhlükəsizlik tədbirləri möhkəmləndirilsin. Yəni, bu, nə deməkdir? O deməkdir ki, işğalçı dövlət özünü daha rahat hiss etsin və işğalı, status-kvonu daha da möhkəmləndirsin. Biz burada, əlbəttə, həm Azərbaycana qeyri-dost, qeyri-səmimi münasibət, eyni zamanda, riyakarlıq görürük və bunu açıq deyirik, onların üzünə deyirik. Mən burada artıq ictimaiyyətə də bunu deyirəm, bir tərəfdən onların dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Digər tərəfdən, Minsk qrupunun həmsədrlərinin pozucu fəaliyyəti status-kvonun möhkəmlənməsinə xidmət edir. Bax, budur münaqişənin uzadılmasının əsas səbəbi və hesab edirəm ki, bu siyasətin arxasında hansı amillərin dayandığını Azərbaycan xalqı çoxdan bilir. Bu, ədalətsizlikdir. Bu, ikili standartlar siyasətidir. Biz bu siyasəti rədd edirik və bundan sonra bütün kürsülərdə öz sözümüzü deyəcəyik. Ancaq istəyirəm Azərbaycan ictimaiyyəti onu da bilsin ki, bu, reallıqdır, real siyasətdir. Bunu etiraf etmək nə qədər acı olsa da bu, real siyasətdir və biz bu siyasəti qəbul etmirik. Azərbaycan dövlətinin siyasəti beynəlxalq hüquqa, ədalətə, əməkdaşlığa əsaslanır. Ancaq bizə qarşı belə təxribatçı addımların atılması, əlbəttə ki, cavabsız qalmır və qalmayacaqdır.” (14)
2016-cı ilin aprel ayının əvvəllərində işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttində yaşanan gərginlik, Azərbaycan ordusunun uğurları Milli Məclisin növbəti iclasında müzakirə edilmiş və orada da ATƏT-in Minsk qrupunun fəaliyyətinə inam qalmaması fikri ifadə olunmuşdur. (2)
Realpolitiki tətbiq edən güclərin öyrənilməsi üçün kütləvi informasiya vasitələrində tez-tez rast gəlinən şübhəli “postulat”ların öyrənilməsi vacibdir. “Donbas – bu Dnestryanı çıx 25 deməkdir. Düz 25 il bundan əvvəl Dnestryanının Ali Soveti müstəqillik Bəyannaməsini qəbul edib” (9) kimi paralellərin sayı olduqca çoxdur.
Və yaxud Ermənistanla Qarabağın qarşılıqlı qeyri-siyasi inteqrasiyasının dərəcəsini kəskin surətdə artırmağın vacibliyi haqqında açıqlamalara da rast gəlmək mümkündür. (5)
Bütün bunlar aşağıdakı nəticələrə gəlmək imkanı verir:
– postsovet məkanında siyasi həllini gözləyən silahlı münaqişələrin bolluğu dünya birliyinin bu problemlər konqlomeratına realpolitik prizmasından, əsasən laqeyd yanaşması və mütəmadi olaraq “növbətçi” bəyanatlarla çıxış etməsi fonunda xüsusilə təhlükəlidir;
– 8 avqust 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi, eləcə də 2014-cü ildə Ukraynada yaşananlar postsovet məkanının münaqişə potensialının böyüklüyündən xəbər verir;
– dondurulmuş münaqişələrin zaman-zaman “donunun açılması” qaçılmazdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
1. Heydər Əliyev: “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”. 2006
Bakı: Əbilov, Zeynalov və oğulları, 2006.
2. Mənsimov E. Cəfərli R. 2016
Silahlı Qüvvələrimiz ərazi bütövlüyünü tam təmin etməyə qadir olduğunu göstərdi. Milli Məclis Azərbaycan Ordusunun şəxsi heyətini uğurlu hərbi əməliyyatlar münasibətilə təbrik etdi. “Azərbaycan” qəzeti, 6 aprel 2016-cı il
3. Süleymanov E., Süleymanov V. 2013
Ermənistanın Azərbaycan qarşı silahlı tcavüzü və işğalın ağır nəticələri. Bakı: CBS, 2013.
4. Данниген Ф. Дж. Бэй Остин. 2014
Самые горячие точки XXI века. Как будут развиваться события. Москва: Эксмо, 2014.
5. Дарбинян А. 2009.
Главный вопрос армянской государтвенности. «Газета. RAU», 15 апреля 2009 г.
6. Де Ваал Томас. 2014
Черный сад Армения и Азербайджан между миром и войной. Москва: Политическая энциклопедия, 2014.
7. Каррер д’ Анкосс Элен. 2010
Евразийская империя. История Российской империи с 1552 г. до наших дней. Москва: Российская политическая энциклопедия, 2010.
8. От гегемонии Запада к полицентризму. 2011.
Атлас Le Monde diplomatique Москва: АНО Центр исследований постиндустриального общества (перевод), 2011.
9. Челноков А. 2016.
Осада Приднестровья. «Совершенно секретно», март 2016 г.
10. http://lib.aliyevheritage.org/az/2580033.html
11. http://lib.aliyevheritage.org/az/2954257.html
12. http://lib.aliyevheritage.org/az/3420972.html
13. http://www.anspress.com/siyaset/12-09-2012/ilham-eliyev-atet-in-minsk-qrupu-yaranandan-ilk-defedir-danisiqlar-dalana-direnib
14. http://www.president.az/articles/18179
XI. INTERNATIONAL
TURKIC ART, HISTORY AND FOLKLORE
CONGRESS / ART ACTIVITIES
09-11 May 2018-Konya