Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək qarşılıqlı təmasların önəmini qeyd etdi və bu baxımdan Azərbaycan parlamenti sədrinin Estoniyaya, Estoniya parlamenti sədrinin isə ölkəmizə səfərinin həm ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirdi.
Prezident İlham Əliyev Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya səfərinə toxunaraq bu səfərin ermənilərin həmin ərazilərdə işğal dövründə törətdikləri genişmiqyaslı dağıntıları öz gözləri ilə görmələri baxımından çox önəmli olduğunu vurğuladı.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlətimizin başçısı Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirdi və səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatını qeyd edərək, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrin ölkəmiz üçün önəmini qeyd edərək, bu əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini dedi və qeyd etdi ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və Azərbaycanın Xəzəryanı dövlətlər, eləcə də Qərb istiqaməti üzrə bağlantıları Avropa ilə Asiya arasında qarşılıqlı əlaqədə çox mühüm rol oynayacaq.
Estoniya parlamentinin sədri Yuri Ratas ilk növbədə 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etdi, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının önəmini vurğuladı. Yuri Ratas Bakıya səfəri zamanı səmərəli və məhsuldar görüşlərin keçirdiyini diqqətə çatdırdı.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.