Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirdi. “Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğuladı. Qeyd etdi ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.
Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirdi. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə təşəkkür etdi, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirdi.
Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olundu.