Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirildi. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələrimiz arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edildi, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirildi və bu məsələlər ətrafında fikir mübadiləsi aparıldı.