İyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40×46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ – qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Dövlətimizin başçısı zavodu işə saldı.
Bildirildi ki, bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq – proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb.
Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.
Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni zamanda, bu sahədə ixrac imkanlarımızı da genişləndirir, xaricdən asılılığımızı aradan qaldırır.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
-Hörmətli hərbçilər, əziz dostlar.
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm, Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, qələbələr arzulayıram.
Bu gözəl bayram ərəfəsində biz Şirvan şəhərində müdafiə sənayesinin yeni zavodlarının açılışına toplaşmışıq. Bu, əlamətdar hadisədir. Bildiyiniz kimi, Müdafiə Sənayesi Nazirliyi mənim Sərəncamımla 2005-ci ilin dekabr ayında yaradılmışdır və bu illər ərzində böyük, uğurlu yol keçmişdir. O vaxt bu nazirliyin yaradılması imkan verdi ki, biz özümüzü hərbi texnika ilə, silah-sursatlarla böyük dərəcədə təmin edə bilək. Çünki o illərdə bizim böyük imkanlarımız yox idi, biz xarici istehsalçılardan asılı vəziyyətdə idik. Bəzən hansısa silahları ala bilirdik, bəzi hallarda ala bilmirdik. Ona görə, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik.
Onu da qeyd etməliyəm ki, o vaxt bizim böyük vəsaitimiz də yox idi. Azərbaycan büdcəsinə əsas gəlirlərin əldə olunması 2006-cı ildən sonra başlamışdır, Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilmişdir. 2005-ci ildə isə bizim maliyyə vəziyyətimiz bir qədər məhdud idi. Buna baxmayaraq bu məqsədlər, o cümlədən bu nazirliyin formalaşdırılması üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılmışdır və bu gün nəticələr göz qabağındadır. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilibdir. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilibdir.
Hər bir ölkədə hərbi sənaye kompleksini yaratmaq üçün bir neçə vacib amil lazımdır. İlk növbədə vəsait, ondan sonra yeni texnologiyalar lazımdır. Yeni texnologiyaları əldə etmək üçün beynəlxalq əməkdaşlıq da mütləq yüksək səviyyədə olmalıdır. Kadr hazırlığı xüsusi yer tutur. Son illər ərzində bu istiqamətlər üzrə ardıcıl fəaliyyət aparılmışdır və bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Bunu, eyni zamanda, təsdiqləyən ölkəmizdə iki dəfə keçirilmiş beynəlxalq hərbi sərgilərdir. Azərbaycan da, həmçinin bütün aparıcı beynəlxalq hərbi sərgilərdə öz məhsulu ilə iştirak edir. Bunun nəticəsində biz artıq nəinki özümüzü böyük dərəcədə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranmışdır. 2005-ci ildə isə bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır. İş yerləri açılır, idxaldan asılılıq azalır, yeni texnologiyalar gətirilir, sənaye potensialı güclənir və Azərbaycan Silahlı Qüvvələri daxili istehsalla təmin olunur.
Şirvan şəhəri Bakıdan sonra Cənubi Qafqaz regionunda hərbi sənaye kompleksi baxımından ikinci yerdədir. Bu, Şirvan şəhərinin inkişafına böyük dəstək verir. Son illər ərzində şəhərin inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır. Sosial-iqtisadi məsələlər, infrastruktur məsələləri öz həllini tapmışdır. Bir neçə il bundan əvvəl Şirvanda böyük “Cənub” Elektrik Stansiyası fəaliyyətə başlamışdır. Onun gücü təxminən 800 meqavata yaxındır. Şirvanda böyük xəstəxana, Olimpiya Kompleksi, məktəblər, mədəniyyət mərkəzi, digər sosial və sənaye obyektləri fəaliyyətə başlamışdır. Bu gün də bu istiqamətdə işlər davam etdirilir. Şirvanda qazlaşdırma 100 faiz səviyyəsindədir. İçməli su məsələləri də həllini tapır. Beləliklə, hərbi-sənaye kompleksinin də Şirvanda yaradılması şəhərə növbəti bir töhfədir.
Biz Silahlı Qüvvələr Günü ərəfəsində tam qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni, bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq. Bizim hərbi büdcəmiz kifayət qədər böyükdür. Bu məsələ bizim üçün prioritet məsələdir. Çünki daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək.
Bununla bərabər, son illər ərzində hərbçilərin xidmət və məişət problemləri də öz həllini tapmışdır. Son illərdə bir çox hərbi bazalar, şəhərciklər istifadəyə verilmişdir, hərbçilərin xidmət şəraiti böyük dərəcədə yaxşılaşmışdır. Məişət şəraiti də yaxşılaşır. Hazırda qəbul edilmiş qərarlar əsasında 20 il və 20 ildən çox qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Hesab edirəm ki, bu da dünya miqyasında çox nadir hallarda müşahidə olunur. Bu da Azərbaycan dövlətinin həm sosial siyasətini ifadə edir, eyni zamanda, Azərbaycan dövlətinin öz hərbçilərinə olan diqqətini göstərir.
Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü biz əldə etmişik və bunu artırırıq. Bizim döyüş qabiliyyətimizi əks etdirən bir çox hadisələr olub. Onların içərisində keçənilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərərək işğalçılardan üç rayonun bir hissəsini azad etmişlər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri nəticəsində bu gün biz köçkünləri öz doğma kəndinə yola salırıq. Cocuq Mərcanlı kəndi cəmi iki ay ərzində bərpa edilib. Onun bərpasının birinci mərhələsi başa çatıb. Əlavə vəsait ayrılıbdır ki, kəndin bərpasının ikinci mərhələsi də başa çatsın.
Aprel döyüşləri bizim şanlı qələbəmizdir, böyük uğurdur. Bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Cocuq Mərcanlıya bu kəndin sakinlərinin qayıtması onu göstərir ki, bizim bütün köçkünlər öz doğma şəhərlərinə, kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Bu gün Cocuq Mərcanlı bizim dirçəliş, qələbə rəmzimizdir. Keçən ilin aprelində işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu da hər bir vətənpərvər Azərbaycan vətəndaşını fərəhləndirir. Yəni, bizim kifayət qədər gücümüz var və Ermənistanın bütün təxribatlarına layiqli cavab veririk. Bir həftə bundan əvvəl yenə də bizə qarşı silahlı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına gəldikdə, Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir. Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir.
Dağlıq Qarabağ, eyni zamanda, dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin Ermənistan buna məhəl qoymur, əməl etmir. Əfsuslar olsun ki, Ermənistana qarşı heç bir ciddi tədbir görülmür. Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Çünki bu ölkə XXI əsrdə başqa ölkənin ərazisini işğal altında saxlayır, başqa xalqa qarşı soyqırımı törədib, bütün tarixi abidələri dağıdıb. Cocuq Mərcanlının dağılmış mənzərəsi bunun əyani sübutudur. Bizim işğal edilmiş bütün torpaqlarda da eyni vəziyyətdir.
Beynəlxalq hüquqa gəldikdə isə beynəlxalq hüquq tarixi ədalət kimi tamamilə bizim mövqeyimizi gücləndirir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” da onların – separatçıların, işğalçıların növbəti iflası, növbəti biabırçılığı idi. Çünki bu “referendum”u heç bir beynəlxalq təşkilat, qonşu ölkələr, Avropa İttifaqı, Minsk qrupunun həmsədr ölkələri tanımayıb. Yəni, bu qondarma “referendum”u tanımamaqla bütün bu ölkələr və beynəlxalq təşkilatlar bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. O qondarma, separatçı xunta rejimini dünya birliyi tanımır və tanımayacaq. Ona görə, tarixi ədalət, beynəlxalq hüquq, əlbəttə ki, bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz dərəcədə böyükdür. Bizim iqtisadi gücümüz Ermənistanınkından qat-qat artıqdır. Yəni, bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini daha da gücləndirməlidir və gücləndirir. Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır.
Əlbəttə, öz məqsədimizə çatmaq üçün biz daha da güclü olmalıyıq. Əfsuslar olsun ki, indi bütün dünyada güc amili aparıcı rol oynayır. Əlbəttə ki, beynəlxalq hüquq da vacibdir. Çünki bu, münaqişənin hüquqi bazasını yaradır. Ancaq güc amili əsas rol oynayır. Biz görürük ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə elə də yozur və güc amilindən istifadə edərək reallıqda vəziyyəti dəyişmək mümkün olur. Bu, bizim seçimimiz deyil, ancaq biz də real həyatda, real dünyada yaşayırıq. Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə işlər aparılır.
Azərbaycan bu il gözəl iqtisadi inkişaf templəri nümayiş etdirir, beş ayın yekunları çox müsbətdir. Qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıbdır. Əminəm ki, gələn il göstəricilər daha da müsbət olacaq. Biz öz fəaliyyətimizi düşünülmüş siyasət əsasında qurmuşuq. Bizim daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz həm beynəlxalq aləmdə, həm də xalq tərəfindən bəyənilir və dəstəklənir. Ölkəmizdə mövcud olan əmin-amanlığın, sabitliyin əsas səbəbi də məhz bundadır.
Bu gün Silahlı Qüvvələr Günü ərəfəsində biz Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı önəmli hadisəni qeyd edirik. Bu gün açılan iki sənaye müəssisəsi bizim hərbi gücümüzü daha da artıracaq və Azərbaycan quruculuq, inkişaf yolu ilə uğurla gedəcəkdir.
Bir daha sizi ürəkdən təbrik edirəm, bütün Silahlı Qüvvələrimizin şəxsi heyətinə yeni uğurlar, qələbələr arzulayıram.
x x x
Sonra müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov çıxış etdilər.
Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxundu.
Prezident, Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təltif olunan hərbi qulluqçulara təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.