Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti var. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə deyilir: “Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.
Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı”.
Bu gün Azərbaycanın sürətli inkişaf yolunda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması, eyni zamanda, uşaqların xoşbəxt və firavan yaşamasının rəhnidir.
“İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz”, – deyə müraciətdə bildirilir.