Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün dünyada mültikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı məktubunda yer alıb.
Dövlətimizin başçısı məktubunda qeyd edib ki, cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara səadət və firavanlıq arzulayan Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Milad bayramını yeniliyin, paklığın, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi adlandıran dövlətimizin başçısı qeyd edib: “Bu müqəddəs gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”.