Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti, 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
AZƏRTAC xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov qardaş ölkədəki vəziyyətlə əlaqədar olaraq, qərargah yaradıldığını bildirib. “Sutkalıq rejimdə fəaliyyət göstərən xilasedicilərimiz öz vəzifələrini uğurla icra edirlər. Əməkdaşlarımız qarşıya çıxan istənilən promlemi həll etmək əzmindədirlər”, – deyə o qeyd edib.