Uzun illər bundan qabaq rəhmətlik Mirzə Ələkbər Sabir bütün pulsuz kişilərə insanlığın asan olmadığını sübut edə bilib. Məşhur şeiri oxumuş ya da eşitmiş bütün pulsuz kişilər başa düşüblər ki, insan olanın “cahü cəlali” və “dövləti, mali” olmalıdır. Əgər hansısa kişi yuxarıda sadalananlara malik deyilsə… onun üçün insan kimi yaşamaq çox çətin olacaq.
Hərçənd ki, məmləkətimizdə pulsuz kişi olmağın ağır yükünü xeyli yüngülləşdirən məqamlar da var.
Birinci və ən vacib məqam odur ki, bizim pulsuz kişilər amerikalıların sevimli sualına cavab verməkdən asanlıqla yayına bilirlər. Bildiyiniz kimi amerikalılar qədim yunanlardan əxz etdikləri məşhur sualı tez-tez müxtəlif adamlara ünvanlayırlar.
Əgər sən belə ağıllısansa pulların haradadır?
Bəli, sual məhz belə səslənir.
Və bizim orta statistik pulsuz kişi hamınıza yaxşı bəlli olan səbəblərdən bu sualı asanlıqla qulaqardına vura, ya da müdrik görkəm alaraq (gözlərini məchul nöqtəyə dikmək şərtilə) təxminən aşağıdakı fikri səsləndirə bilər.
Bizdə pullu kişi statusunu əldə etmək üçün təkcə ağıllı olmaq yetərli sayılmaya bilər…
İcazənizlə, pulsuz kişi kimi mövcud olmanın başqa üstün cəhətlərindən söhbət açmaq istəyirəm.
Pulsuz kişilər pullu kişiləri daimi əsaslarla qayğılandıran bir çox nəsnələrdən sığortalanıblar. Xalğımızın ən dəhşətli zəlzələyə belə sinə gərə biləcək dəmir-beton “keçəl dərman bilsə, öz başına sürtər” məntiqinə söykənən tədbirli insanlar pulsuz kişilərdən adətən borc istəmirlər.
Pulsuz kişilər bir çox mərasimlərə sadəcə olaraq… çağrılmırlar.
Pulsuz kişiləri bir-birini az qala kaleydoskopik sürətlə əvəz edən bayramlarda yada salıb təbrik edənlər də az olur. Bu da pulsuz kişilərə əslində elə də qiymətli olmayan vaxtlarını cavab təbriki yazmaq kimi perspektivsiz işə sərf eləməmək imkanı yaradır.
Pulsuz kişilər xəstələnəndə dəbdə olan klinikalara üz tutmurlar, bahalı dava-dərmandan istifadə etmədən, türkəçarədən faydalanmaqla sağala bilirlər.
Doğrudur, pulsuz kişilərin o qədər başqa problemləri olur ki, əksər hallarda pulsuzluğun üstünlükləri barədə düşünməyə macal tapa bilmirlər.
Pulsuz kişilərin ən mühüm xüsusiyyətləri sırasında birinci yeri şəhidliyin sözün bütün mənalarında uca və çoxları üçün əlçatmaz zirvə olduğuna inanmaları tutur.
Fuad Babayev