Qərbi Azərbaycan İcması ABŞ Konqresində keçirilən növbəti anti-Azərbaycan tədbiri ilə bağlı bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: “Ənənəvi olaraq Azərbaycan xalqına düşmən münasibəti bəsləyən ABŞ Konqresində növbəti anti-Azərbaycan tədbir keçirilib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” kimi təxribatçı başlıq altında keçirilmiş dinləmə Konqresin səlibçi mentalitetini, korrupsiyaya uğramış bu strukturun insan hüquqlarına zidd və etnik ayrı-seçkilik yanaşmasını ifşa edib.
Dinləmələrdə çıxış edən həm hökumət rəsmiləri, həm də konqresmenlər regionda sülhə maneə törədən və düşmənçiliyi qızışdıran bəyanatlar veriblər. Açıq-aydın görünür ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə yaranmış sülh imkanından ciddi şəkildə narahat olub. ABŞ rəsmilərinin verdikləri bəyanatların destruktiv olması onun beynəlxalq hüquqazidd, böhtan və etnik ayrı-seçkilik xarakteri daşıyan məzmunundan aydın görünür.
Əvvəla qeyd edək ki, 300 mini Ermənistandan olmaqla, bir milyondan artıq azərbaycanlının öz evlərindən zorla qovulmasına, Ermənistanın azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər törətməsinə baxmayaraq, ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməyib. Bu azmış kimi, ABŞ Konqresi azərbaycanlıların Ermənistandan kütləvi qovulmaqda olduğu 1988-ci ildə anti-Azərbaycan qətnamələr qəbul edərək, faktiki olaraq bu ölkənin törətdiyi etnik təmizləməyə və insanlıq əleyhinə cinayətlərə dəstək verib. Üstəlik, 1992-ci ildə bədnam 907-ci düzəlişi qəbul edərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğala və işğal edilmiş Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasını dəstəkləyib.
Uzun illər “yaxşı polis, pis polis” oyununu oynayan ABŞ Konqresi və hökumətinin maskası yırtılıb. ABŞ hökuməti özünün azərbaycanofob siyasətini ifadə etmək üçün daha R.Menendez kimi məxluqlara ehtiyac duymur. Dinləmədə ABŞ Dövlət Departamentinin əməkdaşı Ceyms O’Brayn Azərbaycana qarşı nifrət dolu çıxışı ilə R.Menendez, A.Şiff kimilərini geridə qoyub.
Yarandığı gündən demək olar ki, fasiləsiz müharibə aparan, xarici dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı güc tətbiq edən, on milyonlarla insanı qətlə yetirən bir dövlətin nümayəndəsinin Azərbaycanın özünümüdafiə hüququndan istifadəsini tənqid etməsi hiddət doğurur. Hərçənd faydası olmasa da, cənab O’Brayna xatırlatmaq istərdik ki, BMT Nizamnaməsində qadağan olunmuş güc tətbiqi dövlətlərin ərazi bütövlüyünə qarşıdır ki, onunla da Ermənistan və ABŞ-ın özü məşğul olur.
ABŞ tərəfi nəinki Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi tədbirlərə dəstək verməlidir, hətta bu tədbirlər zamanı mülki şəxslərin zərər görməsinin qarşısını necə almasından dərs çıxarmalıdır. Keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız insanların həyatına və mülki infrastruktura heç bir dəyər verməyən ABŞ tərəfinin bu məsələdə Azərbaycandan öyrənməli olduğu çox şey var.
Vaxtilə öz ehtiyacına görə 907-ci maddənin qüvvəsini dayandırmış ABŞ hökumətinin indi həmin bəndi yenidən tətbiq etməsi vaxtilə terror hücumuna məruz qalmış ABŞ-a çətin günlərində dayaq durmuş Azərbaycanın ictimaiyyətində bu ölkəyə inamı dərindən sarsıdıb. Baş verənlər onu göstərir ki, ABŞ qarşılıqlı hörmətə və etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq aparmaq iqtidarında deyil.
O’Braynın Azərbaycanın İran vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəqliyyat imkanlarını inkişaf etdirmək istiqamətində səyləri ilə bağlı şərh verməsi Azərbaycanın suverenliyinə və daxili işlərinə qarışmaqdır.
907-ci maddənin tətbiqi, siyasi dialoq və əməkdaşlığın məhdudlaşması ilə Azərbaycanın mövqeyinə təsir etməyə çalışan ABŞ hökuməti bilməlidir ki, səlibçi yanaşmadan, qərəz və hikkədən irəli gələrək, düşünülməmiş addımlar atması, ilk növbədə, ABŞ-ın özünə ziyandır.
Bütün bunlar sübuta yetirir ki, sülhü təşviq etmək adı altında regionda öz mənfur planlarını həyata keçirməyə çalışan ABŞ, əslində, sülhün əldə olunmasına qarşı çıxır.
ABŞ hökuməti regionda cərəyan edənlərdən düzgün nəticə çıxarmalı, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə meydana çıxan unikal sülh imkanının reallaşmasına mane olmamalıdır.
Biz ABŞ hökumətini etnik qərəzinə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna hörmət etməyə çağırırıq”.