Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər xanım Cavadlı www.1905.az portalının suallarını cavablandırdı.
– Qarşıdan yeni bir dövr: insanların texnologiyadan asılı olduğu, dərslərin, təhsilin onlayn keçirildiyi bir dövr gəlir. Sizcə, bizi necə bir gələcək gözləyir? Bu dövrü maraqlı, intellektual hesab edirsiniz, yoxsa bizi çətinliklər gözləyir?
– Doğrusu, karantin bütün dünya üçün gözlənilməz bir hal olduğu kimi, postpandemiya dövrü də, mənə elə gəlir ki, hamı üçün ən müəmmalı bir dövr olacaq. Çünki dünya hələ də mənşəyi tam bəlli olmayan bir virusa hazırlıqsız şəkildə yaxalanıbdır. Bəziləri bunun kimlərsə tərəfindən qərəzli niyyətlə yaradıldığını, bəziləri isə bu virusun təbii mənşəli olduğunu qeyd edirlər. Bu gün koronovirusla bağlı şübhələrin çox olduğu, cavabın isə tam bəlli olmadığı bir dövrdə qarşımızda duran problem postpandemiya dövrünə hazırlaşmaqdır.
Postpandemiya dövrü necə olacaq, dünya nələrlə rastlaşacaq? Əlbəttə, bununla əlaqədar müxtəlif təhlükəli, hətta qorxulu məqamlar, proqnozlar var. Yəqin ki, çipləşmə, bəşəriyyətin elektron həbsxana formatına girməsi və s. bu kimi versiyalardan sizin də xəbəriniz var. Bu proqnozlar bir çoxları kimi məndə də narahatlıq doğurur. Çünki ilahi qanunlara inanan, ilahi qanunauyğunluqları qəbul edən bir şəxs kimi mən də hesab edirəm ki, Allah tərəfindən yaradılan insan bəşərin əşrəfidir, onun ən yüksək məxluqatıdır. Allahın verdiyi şüurla insan bir çox məsələləri idrakı baxımdan həll etməyə qadirdir. İnsanların robotlaşdırılmasına yönələn texnologiyalar, nəticə etibarı ilə mənfi hallara gətirib çıxara, çox qorxulu tendensiyalar yarada bilər. Ona görə də bəşərin sabahını robotlaşmış cəmiyyət kimi görmək istəməzdim.
– Həqiqətən, bir az düşündükdə, çox pessimist bir mənzərə yaranır. Təsəvvür etmək olar ki, gələcəkdə bir qrup insan yüksək texnologiyalar sayəsində uzun ömür sürə biləcək. Yəni pulu olan insanlar orqanik bədənlərə sahib olub istədiyi qədər yaşaya biləcək. Pulu olmayanlar isə bundan məhrum olacaq.
– Bilirsiniz, dediyiniz məqamlar mənim elmi işimin mövzusudur, həmçinin kitabımda da bu barədə yazmışam. Insan hər əsrdə yeni bir dövrə girir. XXI əsrə biotexnologiyalar dövrü də deyirlər. Biotexnologiyaların gətirdiyi müsbət cəhətlərlə yanaşı olduqca böyük mənfi əxlaqi cəhətləri də olacaq və bu, insan cəmiyyətlərində özünü göstərəcək. Indiki dövrdə artıq bunun şahidi olmağa başlamışıq.
Dünyanın qlobal problemləri sırasına aclıq, ekoloji fəlakətlər, demoqrafiya problemləri, enerji böhranı və sülhün qorunması daxildir. Tutaq ki, aclıqla mübarizə mövzusuna baxaq. Aclıqla mübarizə nəticə etibarı ilə demoqrafik artımın aşağı salınmasına gətirib çıxarır. İddia edirlər ki, dünyaya daha az uşaq gətirin, çünki qida ehtiyatları azalmışdır. Bu, enerji ehtiyatları axtarışında olan qurumları təbiətin zalımcasına istismarına yönəldir. Təbiətin, ekologiyanın istismarı cəmiyyəti narahat edir, qarşıdurmalar yaradır. Bu gün bir qrup insan dünyanı özünün xəstə təxəyyülü ilə idarə etməyə çalışır və çox zaman bunu elmi nailiyyət kimi qələmə verir. Belə elmi texnoloji təcavüz, ilahi qanunlardan uzaqlaşma dini kəsim tərəfindən qəbul edilmir, istər-istəməz konflikt yaranır. Təəssüf ki, bizim əsrdə bu cür ziddiyyətlər lokal və qlobal şəkildə özünü göstərəcək.
– Ağır bir dövrdən keçirik. Övladlarımız dərslərini neçə aydır onlayn keçir. Uşaqların evdə davranış problemləri, valideynlərin buna hazır olmaması hələ bilmirik nə ilə nəticələnəcək. Bəs indiki dövrdə ailələr bunu necə keçirməlidir? Milli-mənəvi dəyərləri qorumaq üçün nə etməliyik?
– Pandemiya başlayandan indiyədək Qafqaz Müsəlmanları İdarəsi olaraq çalışmışıq ki, karantin dönəminini müsəlman ailələri öz evlərində Allaha daha da yaxınlaşmaq məqamı kimi qəbul etsinlər. Bu müddətdə dindarlara təbliğ olunurdu ki, Allaha ibadətlərini, dualarını davam etsinlər, dini ədəbiyyat mütaliə etsinlər, bir növ Allah yolunda dini borclarını yerinə yetirmək üçün yaranan bu imkandan istifadə etsinlər. Ramazan müddətində hiss etdik ki, orucluğu evdə keçirmək çox rahat oldu. Bildiyiniz kimi, Ramazan insan orqanizmi üçün bir stressdir. “Evdə qal” şüarı insanlarımıza orucluqda çox kömək etdi, istənilən qədər yatmaq, dincəlmək imkanı oldu. Əlbəttə, İslam kolleclərinin, Quran kurslarının fəaliyyətinin dayandırılması, dərslərin yarımçıq qalması və s. müəyyən mənada narahatlıq yaradırdı. Tez-tez müraciətlər, zənglər olurdu ki, məktəblər, məscidlər, ziyarətgahlar nə zaman açılacaq. İnsanları başa düşmək olar, bu çətin dövrdə hər birimizin mənəvi dəstəyə ehtiyacı vardır.
– Karantin dövründə bizim xalqın bir-birinə dəstək olmasını, ailələrdə də hər kəsin bir-birini psixoloji cəhətdən dəstəkləməsini gördük.
– Biz, adətən Ramazanda kütləvi iftarlar verildiyini, çoxlu sayda iftar süfrələri açıldığını görmüşük. Tanıdığım, hətta tanımadığım insanlar dəfələrlə savab niyyətinə iftar məclisləri veriblər. Bu dəfəki Ramazanda o iftarlar ərzaq yardımları şəklində ehtiyacı olan ailələrə getməyə başladı. Yəni adamlar Ramazanın bir ibadətinin formasını başqa bir şəkildə icra etdilər. Bu çox müsbət haldır ki, içərimizdə öz xeyir əməlləri ilə savablar qazanmış böyük bir müsəlman dəstəsi var.
– Azərbaycan qadınları dəyərlərimizi bugünə qədər gətirib çıxarda biliblər. Analarımızdan, nənələrimizdən öyrəndiklərimizi biz bugün övladlarımıza öyrədirik. Mənə elə gəlir ki, övladlarımız da gələcəkdə öz övladlarına bu dəyərləri çatdıra biləcəklər. Amma təəssüf ki, müasir dünyada bir çox gəncin beynində dəyər deyilən bir anlayış yoxdur. Bu dəyərlər ən çox daha qədim xalqlarda yaşamaqda davam edir. Azərbaycanlılar da bu dəyərləri yaşadan bir xalqdır. Geyimlərimizdə, yeməklərimizdə, adət-ənənələrimizdə bu dəyərlər qorunub saxlanır. Sizcə, bu dövrdən sonra dəyərlərimizi qoruyub yeni nəslə ötürə biləcəyik?
– Milli dəyərlər sisteminin əsasında din və dil durur. Milli dəyərlər hər bir xalqın milli mentalitetini formalaşdırır. Xalqın dini və dili onun əxlaqını formalaşdıran amil olduğu kimi, milli əxlaqın daşıyıcısı da ailə sayılır. Əgər ailə institutumuzun içərisinə milli-mənəvi dəyərlər daxil olarsa, bu birmənalı şəkildə cəmiyyətin öz milli, əxlaqi dəyərlərinə sahib çıxmasına gətirib çıxardacaq. Bu dəyərlər uşaqlıqdan təlqin olunmalıdır.
Təbii ki, milli-mənəvi dəyərlər cəmiyyətdə təhsillə və digər yollarla mütləq təbliğ olunmalıdır. Ona görə də uzun illər ərzində orta məktəblərdə, ali məktəblərin humanitar fakültələrində dini bilikləri ehtiva edən fənnin tədris olunması barədə müraciətlərimiz olmuşdur.
Milli-mənəvi dəyərlər hər bir insanın vətəndaşlıq pasportudur. Insan hansı ölkəyə getsə, öz mənsubiyyəti ilə tanınacaq. Onunla bəlli olacaq ki, bax bu geyimi ancaq azərbaycanlılar geyinir, bu sözü, cümləni ancaq azərbaycanlı belə deyə bilər.
– Doğrudan da, xarici ölkələrdə səfirliklərimizin keçirdiyi tədbirlər – Novruz bayramı, Müstəqillik günü, dövlətimizin bəzi əlamətdar günləri – belə günlərdə nə təqdim etmişiksə, ən inkişaf etmiş ölkədə belə, böyük hörmət və rəğbətlə qarşılanıb. Məncə, çox gözəl dəyərlərimiz var ki, uşaqlara körpə yaşından təlqin etməliyik.
– Biz bəzən inciyirik ki, mədəniyyətimizi başqalarının mədəniyyəti ilə səhv salırlar, hansısa xalqın yeməyini, geyimini bizə, yaxud əksinə kiməsə aid edirlər. Məncə, bu, bizim problemdir və bunu özümüz həll etməliyik. Biz əgər filan xalqa oxşamaq istəmiriksə, azərbaycançılığımızı təsdiq etməliyik.
– İslamın qadına verdiyi dəyəri necə izah edə bilərdiniz?
– Dünyada heç bir din İslamın qadına verdiyi dəyəri verməyib. İslamın qadına verdiyi dəyər çox yüksəkdir. Digər dinlərin kitablarına da baxın, görəcəksiniz ki, İslam qadını nə qədər yüksək tutub, onu qoruyan və müdafiə edən bir hüquqi sistem yaradıb. Qadının vərəsəlik, analıq, evlilik, boşanma zamanı hüquqları və s. məqamlar İslamdan başqa heç bir dində yoxdur.
– Dini təqdim edən insandan çox şey asılıdır. Onu təqdim edən insandakı xarakter, onu pozitiv şəkildə təqdim etmək bacarığı dini insanlara sevdirir. Məncə, dini sağlam insanlar təbliğ etməlidir.
– Bəzən din anlayışı insanları qorxudur, onlarda radikalçılıq xofu yaradır. Din böyük bir əxlaq məktəbidir. Dini qorxu kimi deyil, məhz əxlaq məktəbi kimi təqdim etmək lazımdır. Bəzən belə hallarla rastlaşmışam… uşaq namaz qılmağa başlayanda valideynlər narahat olur ki, gedib hansısa qruplara qoşular, nə isə baş verə bilər. Uşağın namaz qılırsa, sevinməlisən, çünki ürəyində Allah xofu olan uşaq pis iş görməz.
Bir məsələyə də diqqət yetirək. Hazırda bütün cəmiyyətlərin böyük problemlərindən biri gənclərin intiharıdır. Intiharın mahiyyətini valideyn və məktəb bu şəkildə anlatmalıdır ki, sən o biri dünyada Allah qarşısında cavab verməli olacaqsan, bu, böyük bir günahdır, sən ətrafında olan doğmalarına, yaxınlarına çox böyük zülm edirsən və s. Cavan uşaqların intihar statistikasına baxsanız, əminəm ki, dərhal dini dərslərin tədris edilməsini istəyərsiniz. Gələcək nəslin tərbiyəsi işində dini tərbiyənin üstünlüyünü hətta Freyd də təsdiq etmişdir..
Könül Vəlibəyli, xüsusi olaraq www.1905.az üçün