Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva verib.
AZƏRTAC xəbər verir ki, bu barədə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib.
Fətvada bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə iyunun 6-na təsadüf edəcək. Qeyd edilir ki, şəriətə uyğun olaraq Qurban kəsimi iyunun 6-dan başlayaraq 3 gün davam edə bilər: “İyun ayının 6-da məscidlərimizdə bayram namazları qılınacaq. Аzərbаycаndа iyunun 6-sı və 7-si Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilib. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq”.
Fətvada qeyd olunub ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir: “Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur”.