
Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə tədqiqatçı jurnalist, publisist Aida Eyvazlı Göytürkün 2016-cı il Aprel zəfərinin qəhrəmanlarına həsr etdiyi ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” adlı kitabı yenidən işıq üzü görüb.
Mənəvi Dəyərlərin Təbliği Fondundan AZƏRTAC-a bildiriblər ki, bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel şəhidlərinə, Aprel zəfərinə həsr olunub.
Kitabda Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın həyatından ətraflı bəhs olunub, eləcə də Aprel döyüşlərinin canlı şahidləri olduqları döyüşlərdən, Prezident, Ali Baş Komandan İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşlərdən məqamlar yer alıb. Kitabda təqdim olunan həyat hekayələrində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar, görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur.
“Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi Azərbaycan və türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir.
Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcək.