– Təranə xanım, qanun Yaxın və Orta Şərqdə geniş yayılmış bir musiqi alətidir. Biz qanuna Azərbaycanın milli aləti deyə bilərik?
– Bəli. Siz əgər Nizaminin, Füzulinun, Nəsiminin əsərlərinə baxsanız orada qanun alətinin adına rast gələrsiniz. Hələ XII əsrdən etibarən, bizim dahilərimiz əsərlərində alətin üzərinə hansı dərinin çəkilməsi və s bu kimi detalları incəliklərinə kimi təsvir ediblər. Şah Abbasın nəvəsi Bəhram Mirzə gözəl qanun ifaçısı olub. Bütün bu faktlar ola-ola biz necə deyə bilərik ki, qanun bizim deyil? Orta əsr miniatür nümunələrinin hamısında qanunun təsvirinə rast gəlmək olar. Mənbələrdə Ərəbistanda 12 növ qanun alətinin olduğu yazılır. Bildiyimiz kimi, İslam dininin gəlişi ilə bütün musiqi alətləri kimi qanun da təkmilləşmiş və Quranın avazına uyğunlaşmağa başlamışdı. Azərbaycan İpək yolunun üzərində yerləşən, mədəniyyətlərin toqquşduğu ölkə olub. Ola bilər ki, belə bir coğrafi mövqedə yerləşdiyimizdən bizim hansısa musiqi alətimiz, yeməyimiz, geyimimiz oğurlanıb, aparılıb başqa ölkəyə və həmin ölkə onu özününküləşdirib. Qanun hələ qədimdən şərq xalqlarının mədəniyyətinin əsasını təşkil edib. Keçmişdə qanun onun ifaçısının adı ilə bağlı olub. Məsələn, Mövlana Qasım Qanuni. Alətin dəqiq olaraq məhz harada və kim tərəfindən yaradılığı isə bəlli deyil. Bəzi mənbələrdə qanunun Fərabi tərəfindən icad olunduğu da deyilir.
– O zaman biz deyə bilərik ki, muğam nə qədər bizimdirsə qanun aləti də bir o qədər bizimdir…
– Bəli, deyə bilərik.
– Alətin adı kanondur yoxsa qanun?
– Qanun. Kanon musiqi terminidir. Kanon sözü rus, ingilis dilindən tərcümədə belə səslənir. Alətin bizim dildə tam olaraq adı qanundur.
AZƏRBAYCANDA 3 KİŞİ QANUN İFAÇISI VAR
– Biz adətən qanunun qızlar tərəfindən ifa edildiyi görürük. Xüsusilə də Azərbaycanda alətin ifaçısı birmənalı olaraq qadınlardır. Bunun xüsusi səbəbi varmı?
– Yox, sadəcə qanunu qadınlar inkişaf etdirib. Azərbaycanda 3 kişi qanun ifaçısı var. 1910-cu illərdə ölkəmizdə musiqi məclisləri fəaliyyət götərirdi. O məclislərdə tar, kamança, qoşanağara və s musiqi alətləri ifa edilirdi. Belə musiqi məclisləri ilə musiqimiz, xüsusən də xanəndə sənəti inkişaf edib. İnsanlar tar, kamança ilə pul qazanmağın mümkün olduğunu görüb digər alətlərin inkişafı ilə məşğul olmurlarmış. Əsrin əvvəllərində qanun getdikcə unudulmağa başlayır. Bu alətin ifaçısı Məşədi Cəmil Əmirov Türkiyədən gələndən sonra qanunda peşəkar ifalara başlayır. O hətta konsert və tədbirlərdə bayatı-şirazı ifa edən şəxs olub. Onun ardıcıl fəaliyyəti sayəsində qanunun Azərbaycanda inkişafı bərpa edilib. Qanunun ikinci inkişaf mərhələsi isə 1959-cu ildən Səid Rüstəmovla başlayır. O Moskvada Azərbaycan günlərinin keçirildiyi ərəfədə erməni ansamblında qanun ifa edən azərbaycanlı qızla tanış olur. Asiya Tağıyeva ilə. Səid Rüstəmovun onu notlu orkestra dəvət etməsi ilə qanunun Azərbaycanda inkişafının ikinci mərhələsi başlayır. Qanuna qadın ifaçının gəlməsi ilə qızların alətə marağı artmağa başlayır. Və beləcə qızlar qanunda inkişaf edir. Zaman keçdikcə isə alətin tədrisi musiq məktəblərinə dərsliklərə salınır.
HEÇ VAXT ERMƏNİLƏRİN QANUNU ÖZ ADLARINA ÇIXMAQ İSTƏDİKLƏRİNİ EŞİTMƏMİŞƏM
– Xarici ölkələrdə, səfərlərdə çox olursunuz. Ermənilərin qanuna iddiası varmı ?
– Yox. Çünki türklər bu gün qanun alətini çox inkişaf etdirib və bütün tədbirlərdə qanunun ifasına yer ayırlar. Bu gün qanunun ən çox inkişaf etdiyi ölkə Türkiyədir. Yunanıstandan, ərəb ölkələrindən Türkiyəyə qanunu öyrənməyə gələnlər çoxdur. 2012-ci ildə Türkiyədə keçirilən Qanun festivalı simpoziumunda 4-5 ölkədən qonaq qismində dəvət edilən iştirakçılar arasında idim. Orada Ermənitandan da iştirakçı var idi. Heç vaxt ermənilərin qanunu öz adlarına çıxmaq istədiklərini eşitməmişəm. Görünür bu türklərin qanunu çox güclü inkişaf etdirməsi ilə bağlıdır.
– Sizcə, bizim qızlar qanunu dünyaya uğurla təqdim edə bilirmi?
– Dünyaca məhşur musiqiçi Yoyomanın “İpək Yolu” layihəsində 3 il iştirak etmişəm. Alim Qasımov, İlham Cəfərov və mən. Həmin layihədə 55 ölkədən iştirakçı var idi. Layihədə Ermənistanı balaban ifaçısı təmsil edirdi. Sözümün məğzi odur ki, çox ölkələrdə olmuşam, qanun alətini tanıyan da var, tanımayan da. Həmişə insanların qanuna həvəsinin şahidi olmuşam. Biz həmişə qanunu milli alətimiz kimi təqdim etmişik. Ermənilərin iştirak etdiyi tədbirlərdə isə xüsusən. İstər Azərbaycan mədəniyyət günləri çərçivəsində, istərsə də Azərbaycanın müstəqillik günü ilə bağlı olan tədbirlərdə qanun ifa edən qızlarımız ölkəni layiqincə təmsil edib və qanunu layiqincə tanıdıblar. Və həmişə də təəssüratlar çox yaxşı olur.
– “İnci qızlar” ansamblı haqqında qısa məluat verərdiniz.
– “İnci qızlar” 2004-cü ildə öz təşəbbüsümlə yaradılıb. Asiya Tağıyevanın 70 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxış hazırlamalı idim. Onun arxivi ilə tanış oldum və düşündüm ki, qanun ifa edən qızlarımızın ola-ola niyə də bir ansambl yaratmayaq? Həm qanunu yaşatmış, həm də həmin tədbirdə layiqincə çıxış etmiş olarıq. Yəni ideya belə yarandı və biz qrup halına birləşdik. Yavaş-yavaş televiziyalara çıxmağa və tanınmağa başladıq.
– Təranə xanım, sizə bütün işlərinizdə uğurlar arzulayırıq!
Dadaş Musayev, Aynur Hüseynova
1905.az
24 oktyabr 2014-cü il