Son zamanlar bir qrup, əsasən xaricdə yaşayan insanlar tərəfindən Azərbaycan dövlətinə, rəsmi şəxslərə qarşı söyüş və təhqirlər yazılır, qeyri-əxlaqi mübarizə üsulları tətbiq olunur. Bütövlükdə ölkə ictimaiyyəti, ziyalılar, media mənsubları bu kampaniyaya qarşı öz etiraz səslərini ucaltdılar. Hətta Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov da öz şəxsi Fasebook səhifəsindən bu problemlə bağlı iki dəfə öz münasibətini bildirib.
Biz də bir neçə media mənsubundan bəzi soydaşlarımızın sərgilədiyi söyüş isteriyasına qarşı münasibəti ilə maraqlandıq.
Vüqar Zifəroğlu (“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri): “Təbii ki, siyasi mübarizə apardığını iddia edən bir qrup şəxsin dövlətin və onun siyasi elitasının əleyhinə böhtan və etikadan kənar ifadələr işlətmələri qəbuledilməzdir. Məqsəd tək ölkəni nüfuzdan salmaq deyil, eyni zamanda siyasi müstəviyə küçə üslubu gətirməklə, hər cür dəyərləri hədəf almaqdır. Bu il seçki ilidir. Amma həm də türk-islam dünyasında gerçək demokratik dəyərlər əsasında qurulmuş Cümhuriyyətimizin yüz illiyidir. Bu bayram siyasi əqidəsindən asılı olmayaraq vətəninə sevgisi olan hər kəsdə milli bütünlüyümüzün simgəsidir. Hazırda həm də bu bütünlük hədəf alınır. Bizlər siyasi mədəniyyətin və siyasi əxlaqın nə olduğunu gözəl bilirik və xarici qüvvərin əlində oyuncağa çevrilən bir qrupun manipulyativ və əxlaqdan kənar rəyləri qəbul edilə bilməz”.
Ceyhun Əhmədli (jurnalist): “Söyüş dilinə keçmək siyasi mübarizədə aciz qalmağın göstəricisidir. Mühacir donu altında xarici ölkələrə sığınmış bir qrup azərbaycanlının ritorikasında müşahidə olunan bu neqativ halı isə mən ümumiyyətlə siyasi mübarizə adlandırmaqda çətinlik çəkirəm. Çünki burada bilavasitə hədəf Azərbaycanın dövlət simvollarıdır. Bu simvolları aşağılamaq, hansısa yolla təhqir etmək siyasi mübarizədə məqsədə çatmaq üçün vasitə hesab oluna bilməz. Bu cür hallar dövlətçiliyə qarşı qəsddir. Bir şəxsin siyasi baxışları onun Vətənə olan sevgisini qətiyyən azaltmamalıdır. Diqqət yetirin, ötən ay Xocalı soyqırımının növbəti ildönümü bütün dünya azərbaycanlıları tərəfindən qeyd olundu. Avropada yaşayan bəzi həmvətənlərimiz isə tədbirlər, piketlər, aksiyalar təşkil edərək bütün dünyanın diqqətini bu faciəvi hadisəyə kökləmək əvəzinə, sosial şəbəkələr üzərindən “canlı yayım” edərək Azərbaycan adına qara yaxma kampaniyası aparmağı üstün tutdular. Yaxud da, elə bu ay Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyan qanunsuz yolla ABŞ-a səfər etmişdi. Dövlətimiz üçün olduqca həssas olan bir məqamda ABŞ-da yaşayan bir qrup həmyerlimiz Saakyanın ABŞ-a səfər etməsinə və onun Konqres binalarından birində çıxış etməsinə etiraz etmək əvəzinə, əksini etdilər. Belə ki, onlar Saakyan Konqresdə çıxış edən zaman Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirərək, bir növ, düşmənin əlinə oynadı. Halbuki o etiraz aksiyası ABŞ Konqresinin qarşısında keçirilməli idi. Bir insanın siyasi baxışları onun milli heysiyyətini bu qədər öldürməməlidir. Doğrudan da vətənpərvərlik hissini itirmək qədər faciəvi bir şey ola bilməz!”
Elşad Məmmədli (Musavat.com saytının redaktoru): “Ölkəmizdən xeyli insan Avropaya gedib. Əksəriyyəti orada Avropa mədəniyyətini qavramağa, sivil insan olmağa çalışıb. Siyasi çevrədə olanları daha səviyyəli davranmağı üstün tutur. Mədəniyyətdən, əxlaqdan, sivilizasiyadan kəm bir neçə bəhs etdiyimiz “azərbaycanlı” isə tərbiyəsizlikləri ilə xüsusi seçilirlər. Necə deyərlər, meşə çaqqalsız olmur. Şübhə etmirəm ki, onlar kişilik, insanlıq ölçülərinə sığmayan davranışlarını hansısa ermənipərəst mənbədən maddi qidalanaraq sərgiləyirlər. Qəfildən 3-4 sırtıq simalı canlının ailə, uşaq, dövlət, millət dəyərlərinə bu dərəcədə həqarətlər yağdırmağa başlaması qətiyyən təsadüfi deyil. Heç şübhəsiz ki, belə murdar hərəkətləri etmək çox mühacirə təklif edilib. Lakin bunu qəbul edənlər çox az sayda olub”.
Fuad Hüseynzadə (Diaspor Jurnalistləri Birliyinin rəhbəri): “Bütün hallarda antimilli qüvvələrin heç bir siyasi etikaya uyğun olmayan bu addımları heç də içdən gəlmir. Onlar kimlərinsə sifarişini yerinə yetirirlər. Və hələ də anlamırlar ki, bu siyasi mübarizə yolu deyil. Əslində, onlar sələflərinin işini davam etdirirlər. Azərbaycanda müxalifətçi “Amerikanın usaqları”nın yolunu bu gün kobud şəkildə sosial şəbəkələrdə bir para tör-töküntü gedir. Dünyaya nisbi gözlə birtərəfli baxış olmaz. Çünki bunlar nə radikal, nə də rasional fikirli insanlardır. Onların vətənə sevgisi də, nifrəti də emosional şəkildədir. Sanki dünyanı emosional səviyyədə qəbul edirlər. Dedikləri də, etdikləri də əsasızdır. Söyüş “stategiyası” ilə də heç də istədiklərini normal olaraq ifadə edə bilmirər. Belələri bir növ “İŞİD”çilərə bənzəyirlər. Bunların da demək olar ki, beyinləri yuyulub və sonra sanki söyüşlə proqramlaşdırılıb. Daha sonra da Avropada “küçə müxalifətçiliyi” edirlər.”
1905.az