Təhsil eksperti Qoşqar Məhərrəmov ilə bugünkü təhsil problemlərini müzakirə etdik.
– Koronovirus pandemiyası bir çox sahələrə təsir etdi. Koronovirus pandemiyası və onun nəticəsində ortaya çıxan problemlər bizim təhsilə nə dərəcədə təsir göstərdi?
– Bu üç ay təhsil alanlara da, təhsil verənlərə də çox güclü təsir göstərdi. Məsələn, məktəbəqədər təhsil alan uşaqların əksəriyyəti təhsilini davam etdirə bilmədi. Çünki kiçik yaşlı uşaqlar kompüterin qabağında otura, yaxud onlayn dərsə diqqətini verə bilmir və beləcə, məktəbəqədər təhsil bu dövrdə, demək olar ki, “bitirildi”. Nisbətən özəl təhsil verən məktəblərdə, kurslarda bu tədrisi davam etdirməyə çalışdılar, çünki valideynlər pul ödəmişdilər, ona görə zorla da olsa uşaqları kompüter qabağında oturmağa məcbur etdilər.
İbtidai siniflərdə təhsil məsələsi necə oldu… Həqiqətən, çox enerjili, təşəbbüskar müəllimlər var. Aprel ayında Təhsil Nazirliyinin təşəbbüsü ilə “virtual.edu.az” saytı açıldı, ondan qabaq, martın 19-da isə teledərslər başladı. Amma bundan qabaq da martın 3-də bütün məktəblərdə dərslər dayanan kimi təşəbbüskar müəllimlər “zoom” proqramında işləməyi öyrənib şagirdlərinə dərs keçməyə davam etdilər. Beləliklə, ibtidai siniflər bu dövrdə daha az zərər gördü.
Yuxarı siniflərə baxanda görürük ki, abituriyentlər bundan emosional olaraq çox təsirləndi. Niyə? Çünki onlar ali məktəblərə hazırlaşmalıdırlar, amma düşündülər ki, onlayn dərslərin elə də faydası yoxdur, müəllimlər onlayn yaxşı dərs öyrədə bilməz, ona görə də gözləməyə başladılar, bəlkə hər şey qaydasına düşdü. Bir müddət sonra gördülər ki, heç nə dəyişmir, bəziləri onlayn dərslərə başladı. Bir faktdır ki, ali məktəblərə hazırlaşan abituriyentlərin çoxu tək məktəbə ümidli deyil. Yəni məktəb deyə bilmir ki, abituriyentin universitetə girməsi mənim uğurumdur. Nəticədə, kurslar, repetitorlar onlayn dərslər təklif etməyə başladılar.
Abituriyentlər necə olacaq, necə imtahan verəcəyik, ali məktəbə necə girəcəyik deyə çox stress keçirdilər. Qeyri-müəyyənlik insanı stress hala gətirir. Həmçinin, xaricdə oxumaq istəyənlər üçün SAT, İELTS, TOEFL imtahanları ləğv olundu. Təsəvvür edin ki, bir ilini itirən abituriyentlər var: onlar sentyabrda dərsə başlamalı idilər, lakin imtahan keçirilmədiyi üçün vaxt itirdilər. Artıq oktyabrın 3-də SAT imtahanına gedəcək, bundan sonra həmin balla xaricə müraciət edəcək və bundan sonra nə vaxt çağırsalar, o zaman dərsə başlayacaqlar. Yəni abituriyentlər çox əziyyət çəkdilər.
Bəs ali təhsilə baxanda nə görürük. Bəzi universitetlər onlayn təhsilə çox tez adaptasiya olundu, müəllimlər dərsləri onlayn keçməyə başladılar. Lakin dərslərə tələbələrin hamısı qoşuldumu? Bəzi tələbə dedi ki, kənddəyəm, yaylaqdayam, filan yerdəyəm, internetim yoxdur və beləcə, dərsdən kənarda qaldı. Həmin tələbə bildirir ki, mən axı bu şəkildə hazırlaşıb universitetə daxil olmamışam, üz-üzə, əyani dərs üçün bura gəlmişəm, mənim evdə onlayn dərs üçün imkanım yoxdur. Nəticədə, xüsusilə regionlarda dərs prosesindən kənarda qaldılar. Mənə deyirlər ki, ali məktəblərin hamısında dərslər keçirilib. Mən də deyirəm ki, ali məktəblər axı tək Bakı ilə bitmir. Regionlarda ali təhsil müəssisələri dərs keçmədilər.
– Amma təhsili davam edir, yəni axırda hansısa qiymətlər yazılacaq və tələbə növbəti kursa keçəcək.
– Bəli, imtahana çağıracaqlar, beləcə məzun olacaq və yaxud da yuxarı kursa keçəcəklər.
Koronovirus dövrü gözlənilməz bir hal olmasına baxmayaraq, Təhsil Nazirliyini burada uğurlu bir tərəf kimi düşünürəm, amma nazirliyə bağlı orqanların isə dəyişilməyə, transformasiyaya reaksiya vermək baxımından gecikdiyini düşünürəm. Əgər ali məktəb bu adaptasiyada sürətli olarsa, həyatda qala bilər. Yəni dəyişən reallığa uyğunlaşa, həmin sürətə uyğun olaraq dəyişə bilirsənsə, o zaman həyatda qalacaqsan. Əks halda, nəticə yaxşı olmayacaq. Dünya dəyişir, transformasiya olur. Biz də dəyişməliyik.
– Ümumiyyətlə, bu koronovirusla əlaqədar olaraq hansısa bir proqnoz irəli sürmək çətindir. Yəqin ki, dünyada gedən prosesləri izləyirsiniz. Bu təkcə bizi yaxalamayıb, yalnız bizim problem deyil. Sizcə, bu proses nə qədər davam edəcək? Azərbaycanın, dünyanın təhsil ekspertləri nə proqnozlar verirlər? Tutaq ki, sentyabrda dərslər davam edəcək?
– Təsəvvür edin ki, Kembric Universiteti 2020-2021-ci il tədris ilində bütün mühazirələri onlayn keçəcək. Artıq bu barədə qərar verilib. Yəni hər şey qaydasına düşsə belə, tələbələri mühazirə oxumaq üçün universitetə çağırmayacaqlar. Mühazirəyə qulaq asmaq üçün nəyə görə məktəbə gəlirsiniz? Oturun evdə qulaq asın.
Vəziyyət əgər belə davam etsə, mənə elə gəlir ki, Azərbaycanda sentyabrda məktəbləri aça bilməyəcəyik. Hal-hazırda dünyadakı gedişat onu göstərir.
– Bəs onlayn təhsil real təhsili, ümumiyyətlə əvəz edə bilər?
– Onlayn təhsil real təhsili qətiyyən əvəz edə bilməz. Yəni burada ünsiyyətin özünün rolu böyükdür, təcrübələr, laboratoriya işləri, seminar məşğələləri, diskussiyalar var; şagird şagirddən, şagird müəllimdən öyrənir.
– Həm də axı sosiallaşma məsələsi də var. Bir var evdə kompüterin qabağında oturmuşam, bir də var ki, məktəbə gedirəm, tənəffüsdə uşaqlarla qaçıram, oynayıram və s. Yəni bu mənada evdən dərsə qoşulmaq geriyə addım deyil?
– Sanki hərdən əsəbiləşəndə, işlər düz gətirməyəndə günahlandırmağa birini axtarırıq. Uşaqlarımız da, biz də evdəyik, hərdən deyinirik ki, uşaqlar bizi işləməyə qoymur, dərs oxumurlar, bizi narahat edirlər və s. Amma başqa bir variant, alternativ yol da yoxdur axı. Əgər uşaqlarımız məktəbdə xəstələnsə, günahkar biz olacağıq, ona görə də dövlət lap əvvəldən təhsil müəssisələrini bağladı.
Hal-hazırda özəl təhsil biznesi çöküb. Kurslar deyir ki, imkan verin, sosial məsafəni qorumaqla tələbələrə dərs keçək, bağlanmayaq. Amma artıq üç aydır ki, kurslar, tədris mərkəzləri işləmir və kirayə vermək məcburiyyətindədilər.
– Obyektlərin mütləq əksəriyyəti kirayədədir.
– Artıq kurslarını satışa çıxaranlar var. Əgər siz biznesinizi əyani təhsilə görə tənzimləmisinizsə, onlayn təhsildə sizin o qədər kadra, partaya, sinif otağına da ehtiyacınız yoxdur.
– Bəlkə heç binaya da ehtiyacınız yoxdur.
– Ona görə də bütün kursların itkisi böyükdür. Həm də müəllim işlədən sahibkar nə qədər deyə bilər ki, sənin maaşını verə bilmirəm. Onlayn təhsil əyani təhsilin yerini verə bilmir. Çünki müəllimlər də onlayn təhsili hələ tam bilmirlər: onlayn təhsildə interaktivlik necə təmin olunacaq, qiymətləndirmə necə aparılacaq, uşaqlar dərsə nə dərəcədə cəlb olunacaq… Şagirdlər buna öyrəncəli deyil, valideynlər də hazır deyil…
Tutaq ki, XIV əsrdə heç kim heç kimi qınamazdı ki, niyə oxumursan və yaxud dövləti qınamazdılar ki, niyə təhsil vermirsən. Çünki kütləvi bir təhsil sistemi yox idi. Oxumaq istəyən özü oxuyurdu; gedirdi alimin yanına, dizini yerə qoyub oxumağa başlayırdı. Məsciddə, kilsədə, monastırda bir neçə il oturub təhsil alırdı. Hətta o zamanlar bu cür yol ilə elm öyrənənlər də var idi: biri alimə məktub yazırdı və sual verirdi, məktub iki aya alimə çatırdı, alimin yazdığı cavab da o qədər vaxta geri gəlib çıxırdı; beləliklə də həmin adam o məktublardan öyrənirdi. Alimlərin çoxlu məktubları var idi və o məktublardan kitab yığılırdı. Avropada, Asiyada belə kitablar var. O zaman bu şəkildə – məktubla distant təhsil də alırdılar. Bəlkə də distant təhsilin ilk forması məktublar olub.
Pandemiya hələ də davam edir, ona görə də təhsil bizim öz məsuliyyətimizə bağlıdır və biz də bunu başa düşüb özümüz özümüzü təlim yolunu hər hansı şəkildə öyrənməliyik.
– Demoqrafik əks-səda deyilən bir anlayış var. Tutaq ki, 1941-1945-ci illər müharibəsinin əks sədası vətəndaşı olduğumuz SSRİ-də 1960-cı illərdə hiss olundu. Müharibə dövründə insanlar həlak olmasa idi, ailə həyatı quracaqdılar, uşaqları olacaqdı və 60-cı illərdə həmin uşaqlar orduda xidmətə, yaxud instituta gedəcəkdi. Amma bu olmadı. Razılaşaq ki, Böyük Vətən müharibəsində həlak olan insanların əksəriyyəti hələ ailə qurmamış gənclər idi və onların həlak olması nəticəsində demoqrafik əks-səda o dövrdə sezilməyə başladı. Bizim hazırda içində olduğumuz bu mərhələnin təhsildə əks-sədası mütləq olacaq. Bəlkə də vaxt gələcək, belə bir deyim olacaq ki, “sən, deyəsən, 2020-ci ildə institutu qurtaranlardansan.” Necə düşünürsünüz?
– 1990-cı illərdə sovet hökuməti dağıldıqdan sonra Azərbaycan ali məktəbləri hansı vəziyyətdə idi, hamıya məlumdur. O dövrdə, hətta yadınızdadırsa, ali məktəblər birbaşa diplom da satırdı.
– Yadımdadır, yeraltı keçidlərdə də satılırdı.
– Və yaxud kimsə ali məktəbə imtahana girmirdi, keçid balını toplaya bilmirdi, gedib Dağıstanda və ya Ukraynada hər hansı bir universitetə girirdi, sonra isə II və ya III kursdan köçürmə alıb gəlib Azərbaycanda II, III kursdan başlayıb təhsilini davam etdirirdi.
Beləliklə, həmin dövrün əks-sədası hal-hazırda məktəblərimizdə də hiss olunur. Necə? Məsələn, bəzi müəllimlər var ki, öz ixtisas fənnindən maksimum 60 bal üzərindən 10 bal toplaya bilib.
– Amma dərs deməyə davam edir.
– Uzun illər dərs də deyib. Bu insan öz ixtisasından 8, 10, 15 bal alır.
– Bəs niyə onları saxlayırlar?
– Artıq onlar müəllimdirlər. Verilmiş haqq hüquqi olaraq alına bilməz. Çünki bu insanlar ali məktəbdən diplom alıb, diplomunu da tanımışıq, yəni akkreditasiya olunub.
– Amma saxta diplomları tapırlar.
– Saxta diplomları ləğv etdilər. Saxta diplomu olanlar kim idi? Yəni diplom verən o ali məktəb akkreditasiya olunmayıb. Bir dəfə maarif şöbəsinin müdiri ilə etdiyim söhbətdən yadımda bir hadisə qalıb: deyirdi ki, məktəbdən uzaqlaşdırılan müəllimlər bizi məhkəməyə vermişdilər, məhkəmə də onları haqlı qəbul etdi, çünki bildirdi ki, onlara diplomu Təhsil Nazirliyi verib. Tutaq ki, insan hansısa belə institututun məzunudur, amma diplomunu Nazirlik özü verib. Beləliklə, həmin müəllimlər yenidən məktəbdə dərs deməyə davam etdilər. Maarif şöbələrinin müdirləri məhkəməyə dedilər ki, bu insanlar maksimum 60 baldan cəmi 5 bal toplayıblar, onlara necə dərs saatı verək. Gördülər ki, əllərindən bir şey gəlmir, Təhsil Nazirliyi tapşırdı ki, bu müəllimlərə dərs saatı cüzi miqdarda verilsin. Deməli, cüzi miqdarda da olsa, şagirdlər hal-hazırda hansısa çox zəif müəllimlərdən dərs alır. Onlara bəxtsiz şagird də deyə bilərik ki, həmin müəllimin sinfinə düşüb. Hazırda da bu dövrün abituriyentləri, tələbələri, ali məktəbdən məzun olan adamlar bu təhsil ilində məktəblərdə, universitetlərdə çox şey öyrənə bilmədilər.
İndiki dövrdə təhsilin çökməsi də, qalxması da mümkündür. Gərək uşaqlara aşılayaq ki, öyrənmək sənin öz məsuliyyətindir. Məktəblər bağlıdır, necə öyrənim sualının cavabı isə birdir: onlayn təhsil. YouTube-da, platformalarda məktəb dərsləri var.
Data analitikası, kompüter mühəndisliyi və s. kimi sahələrdə işləyən onlarla insan var ki, onlar bu ixtisaslara ali məktəblərdə yiyələnməyib. Çünki ali məktəblərin bu ixtisasları öyrədəcək kadrları yoxdur. Məsələn, DİA-nın məzunlarından bir neçəsini tanıyıram. Birindən soruşuram ki, hansı ixtisası qurtarmısan, deyir – menecmentlik. Menecmentliyi qurtarıb, amma möhtəşəm kompüter mühəndisidir. Deyirəm – bu necə olub, cavab verir ki, sınama və yanılma yolu ilə. Çünki kompüterə çox marağım var idi. Və indi dövr artıq elə bir dövr olacaq.
– Bizim bir dostumuz var, gözəl proqramçıdır. Deyir ki, institutda oxuyanda bütün dərslərə diqqət yetirirdim. görürdüm ki, onların bir qismi lazımsızdır. Ancaq mənim tələbə yoldaşlarım var idi, oxumurdular, hazırda da bir nailiyyət əldə edə bilməyiblər, amma onlar indi də o fikirdədirlər ki, vaxtında oxusaydılar, bəlkə də nəyəsə nail olardılar.
– Bizim bakalavr, magistr, doktorantura diplomlarımız, dosent elmi dərəcələrimiz yalnız dövlət orqanlarında işə yarayır. Özəl sektorda bunların bir mənası yoxdur. Məsələn, işlədiyim məktəbin İT mütəxəssisindən soruşdum ki, hansı ali məktəbi qurtarmısınız. Dedi ki, ali məktəbi yarımçıq buraxıb. Çünki görüb ki, orada aldığım dərslər onu qane etmir.
– Bilirsiniz, Harvard Biznes Məktəbinin məzununa bütün firmalar deyir ki, gəl bizdə filan vəzifədə işlə. Amma bizim formal xarakter daşıyan təhsilimizə onlayn sistem də zərbə vurdu.
– Artıq hər kəs başa düşməlidir ki, təhsil onun öz işidir, öz məsuliyyətindən asılıdır, heç kəs gəlib ona istədiyi təhsili verməyəcək. Özünə təhsil vermək yolu ilə təhsillənə bilən insanlar, onsuz da əvvəllər də qabağa keçirdilər. Formal təhsilin zəiflədiyi, zərbə aldığı bir zamanda özünü təhsil ilə öyrənən şagirdlər qabağa gedə biləcək. Mən zoom ilə onlayn dərs deyirdim. İşlədiyim orta məktəbin 8-ci sinfində 12 şagirdim var idi. O şagirdlərdən onlayn dərsə adaptasiya oluna bilən 1-2 nəfər çox qabağa gedəcək, onlayn öyrənməyə həvəs yoxdur və alınmır deyənlər isə daha da geriyə düşəcəklər.
– Tutaq ki, sentyabrda ənənəvi dediyimiz dərslər bərpa olundu… Şagird və tələbələr arasında fərq çox ciddi şəkildə özünü göstərəcək.
– Çox ciddi fərq olacaq. Dövlət təhsil müəssisələrində müəllimlər nə etməlidir? Bəlkə də müəyyən qədər fədakarlıq edib o uşaqlara əlavə dərslər verməlidirlər. Əgər həqiqətən də uşağın interneti, ya kompüteri olmayıb, valideynləri ilə yaylağa getməli, qoyun-quzuya baxmalı olubsa, evdə şəraiti yoxdusa, o uşaqlar ilə xüsusi əlavə məşğul olmaq lazımdır ki, təhsil ilə bağlı boşluğu qapatsın. Bilirsiniz də belə söz var ki, romanların çoxu qısadır, amma çox uzadılır. Bizim də dərs proqramına baxsaq, bəlkə də beş ilin riyaziyyatını bir ildə öyrətmək mümkündür. Ancaq yetər ki, uşaq özü də istəkli, motivasiyalı olsun. Azərbaycanda potensialı olan çoxlu gənclər var və həmin gənclər özünü təhsil yolu ilə çox qabağa gedirlər. Gənclər özlərini elə yetişdirməlidirlər ki, öz sahələrində axtarılan olsunlar. O zaman ondan soruşmayacaqlar ki, haradan məzun olmusan. Çünki dövr artıq sənəd dövrü yox, bilik dövrüdür.
Fuad Babayev, Mehman İbrahimov, 1905.az 16 iyun 2020-ci il