Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci il may ayının 6-da fəaliyyətə başlamışdır. Qubadlı rayon ictimaiyyəti, qonaqlar, idarə və müəssisələr, məktəblilər tez-tez muzeyi ziyarətə gələr, eksponatlarla yaxından tanış olar, lazımi anlarda muzeyə öz köməkliklərini göstərərdilər.
Əhalinin köməkliyi nəticəsində muzeyin fondu daha da zəngiləşirdi.
Muzey fəaliyyətə başladığı dövrdən işğala qədər – 1993-cü ilə qədər burada altı mindən artıq eksponat qorunub saxlanırdı. Bunların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar vardı. Həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi.
Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanırdı.
Qubadlı sakinlərinin yaxından köməkliyi və muzey işçilərinin fəallığı sayəsində muzeydə müxtəlif mövzularda kütləvi tədbirlər keçirilməsi ənənə halını almışdı.
Eksponatlar müxtəlif şöbələrdə, guşələrdə nümayiş etdirilirdi.
1993-cü ildə rayon erməni silahlı qüvvələri tərəfindən işğal olunan zaman muzeydə sərgilənən altı mindən artıq maddi-mədəniyyət nümunəsi işğal zonasında qalmışdır. Hazırda onların taleyi məlum deyildir.
İşğaldan sonra 1998-ci ildən muzey Sumqayıt şəhəri 41-ci məhəllə, 28 may adına Mədəniyyət evində fəaliyyətini bərpa edib. Hazırda muzeyin fondunda 673 ədəd eksponat toplanmışdır.
Muzeyə 1980-ci ildən 1992-ci ilədək Məmməd Qalayev rəhbərlik etmişdir.
Hazırda bu vəzifəni Vaqif Babayev icra edir.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru