Qubadlı rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1933-cü ildə təşkil edilmişdir. Kiçik Qafqazın cənub-qərbində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 800 km2, əhalisi 35.7 min nəfərdir (01.01.2006). Mərkəzi Qubadlı şəhəridir.
Rayona Qubadlı şəhəri və Gödəklər, Əliquluuşağı, Sarıyataq, Xanlıq, Qayalı, Ləpəheyranlı, Abdalanlı, Dondarlı, Diləli Müskənlı, Saray, Mirlər, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtis, Zor, Aşağı Xocamusaqlı, Yuxarı Xocamusaqlı, Mehrili, Hal, Qəzyan, Məmər, Mollalı, Ballıqaya, Cərəli, Boyunəgər, Saldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Altınca, Əbilcə, Tatar, Qaraqoyunlu, Qiyaslı, Zilanlı, Kürd Mahrızlı, Seləli, Mahrızlı, Alaqurşaq, Muğanlı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xocahan, Tinli, Qılıcan, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Xocik, Mərdanlı, Balasoltanlı, Padar, Qaramanlı, Qaracallı, Qarağac, Qarakişilər, Başarat, Milanlı, Hat, Deşdahat, Armudlu, Çardaqlı, Tarovlu, Xələc, Əyin, Göyərçik, Bəxtiyarlı, Göyər Abbas, Cılfır, Seytas, Novlu, Gürcülü, Dovudlu, Qədirli, Məzrə, Eyvazlı, Teymur Müskanlı, Balahəsənli, Xıdırlı, Aşağı Cibikli, Yuxarı Cibikli, Xəliloba, Muradxanlı, Həkəri, İşıqlı, Xəndək, Məlikəhmədli, Qundanlı, Mahmudlu kəndləri daxildir. Səthi, əsasən, dağlıqdır. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayları arası) burada 450 m-ədək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq və inşaal materialları yatağı var. İqlimi, əsasən, mülayim isti quru subtropikdir. Orta temperatur yanvarda -4°C-dən l°C-yədək, iyulda 14- 26°C-dir. İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Heyvanları: canavar, tülkü, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qumsiçanı və s. Quşları: boz kəklik, turac, qırqovul, göyərçin və s. Qubadlı yasaqlığı rayonun ərazisindədir. Qubadlı kənd təsərrüfatı rayonudur. Əsas təsərrüfatı tütünçülük, taxılçılıq, üzümçülük, baramaçılıq və heyvandarlıqdır. Rayonda, həmçinin yağ-pendir, asfalt, beton, cihazqayırma, çörək zavodları, quşçuluq fabriki, daş karxanası, mərmər sexi və s. var. Rayonda 38 ümumtəhsil məktəbi, kitabxana, klub, 4 xəstəxana və s. var. Rayon ərazisində memarlıq abidələrindən mağara-ibadətgah (4 əsr), qalalar (5 əsr), türbələr (14 -17 əsr), məscid (19 əsr). körpü (1867) və s. qeydə alınmışdır. 31 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.865
Uzun müddət işğal altında qalan Qubadlı rayonu 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan Prezident İlham Əliyevin başçısı olduğu Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində azad edilmişdir. Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunub.
Qubadlı rayonunun işğaldan azad olunan yaşayış məntəqələri:
23 oktyabr–Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri;
25-26 oktyabr–Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri
28 oktyabr–Qiyaslı, Əbilcə, Qılıcan kəndləri;
30 oktyabr–Kavdadıq, Məmər, Mollalı kəndləri;
2 noyabr–İşıqlı, Muradxanlı, Milanlı kəndləri;
4 noyabr –Başarat, Qarakişilər, Qaracallı kəndləri;
7 noyabr–Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri;
9 noyabr–Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri.