Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.
“İrs” rubrikasında Qarabağ muzeyləri ilə bağlı məlumatları ardıcıl olaraq təqdim edəcəyik.
Qurban Pirimovun xatirə muzeyi
Xalq artisti, tarzən Qurban Pirimovun ev muzeyinin yaradılması ideyası 1991-ci ilin sentyabrında Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülür və doqquz nəfərlik ştat vahidi təsdiq edilir. Muzeyin direktoru vəzifəsinə isə Fəxrəddin Hacıyev təyin edilir.
Eksponatların toplanılması o dövrdə çox çətin və mürəkkəb bir vaxtda həyata keçirilir. Tanınmış tarzən Qurban Pirimova aid şəxsi əşyalarının bir qismi əhalidə, bir qismi isə Azərbaycan Musiqi Tarixi Muzeyində saxlanırdı. Ağdam Mədəniyyət Şöbəsində yaradılan müvafiq qrup ilk olaraq görkəmli tarzənin doğulduğu Abdal-Gülablıda kəndindəki Məscidə yaxın olan mənzilinə baxış keçirmiş və yeni binanın tikinitisinə qərar vermişdir. Tarzənin bu istiqamətdə yerləşən həyətində boyu 12 metr və eni 6 metr olmaqla yeni muzey binasının inşasına başlanır. Bu bina tarzənin köhnə mənzilindən təxminən üç-beş metr aralıda idi. Çox tez bir zaman kəsiyində bina inşa edilərək təhvil verilir. Bundan sonra nazirliyin bərpaçı rəssamlar qrupu başda Bəhram Əliyev olmaqla muzeydə tərtibat işlərini həyata keçirir. Muzeyin girişində tarzənin əlində tar olmaqla xüsusi detallardan mum fiquru hazırlanır.
Qeyd edək ki, bütün bu proseslər 1991-ci ilin oktyabr-noyabr aylarında baş verirdi. Təşkilatçılar eksponat fondunun toplanılması zamanı ciddi problemlərlə üzləşsələr də, Q. Pirimovun yaxınlarının köməyi ilə tarzənin şəxsi əşyalarını yığmaq mümkün olur. Bu işdə tarzənin kürəkəni, görkəmli yazıçı Mirzə İbrahimovun danılmaz xidməti olmuşdu. O. muzeyin yaradılması ideyasını alqışlamaqla yanaşı, tarzənlə bağlı özündə olan bütün əşyaları muzeyə təqdim etmişdi. Tarzənin qohumu mərhum aktrisa Əminə Babayeva sənətkara məxsus stol, stul, hətta ölçüsü kiçik olan royalı da muzeydə sərgiləmək üçün təhvil vermişdi. Bundan əlavə olaraq Azərbaycan Musiqi Tarixi Muzeyinin direktoru Alla Axundova muzeydə olan bəzi əşyaları, o cümlədən onun həyat və yaradıcılığını əks etdirən şəkilləri, digər qiymətli əşyaları muzeyin eksponat fonduna keçirir. Tarzənin təsbehi, kostyumları, külqabısı, eynəyi muzeyin eksponat fonduna daxil edilir. Bu minvalla az müddət ərzində muzeydə 70-dən artıq müxtəlif adda qiymətli eksponat toplanır.
Muzey Abdal-Gülablı kəndində istifadəyə verilsə də, orda eksponatların nümayişi az müddət mümkün olur. Ermənistan silahlı dəstələrinin daimi olaraq kəndi atəşə tutmaları muzeyin eksponat fondunun yerdəyişməsinə səbəb olur.
Muzey sonradan Ağdam şəhərindəki keçmiş “Lenin” küçəsində, əvvəllər “Pioner evi”, sonralar kitabxana kimi fəaliyyət göstərmiş birmərtəbəli binaya köçürülür. Kitabxanaın bir hissəsində tarix-diyarşünaslıq muzeyi, digər tərəfində isə Qurban Pirimovun ev muzeyi fəaliyyətə başlayası olur. Hər iki muzeyin fəaliyyəti üçün tam şərait yaradılır.
Ermənilərin daim şəhəri və ətraf kəndləri atəşə tutmaları şəhərdə muzeyin fəaliyyətini sual altına qoyur. 1992-ci ilin martında isə döyüşlərin artması fonunda vəziyyət bir qədər də çətinləşir. Hətta bir neçə dəfə muzeyin binasının həndəvərinə düşən mərmi qəlpələri binaya və bəzi eksponatlara ciddi ziyan vurur. Bu səbəbdən Ağdam rayon mədəniyyət şöbəsinin müdiri Çimnaz Əliyevanın dəstəyi ilə Mədəniyyət Nazirliyinin razılığı əsasında muzeyin daşınması mümkün olan 30-dək eksponatı mərmi atəşi altından çıxarılır. Lakin əlli dən artıq qiymətli eksponat işgal altında qalır. Muzey hazırda fəaliyyət göstərimir.
Xatırlatma:
Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsr Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci il Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir. Q. Pirimov bir çox məşhur xanəndələri tarda müşayiət edib. O, 29 avqust 1965-ci ildə Bakıda vəfat edib.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru