Noyabrın 30-da Qusar və Xaçmaz rayonlarında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 13 fərdi ev sahiblərinə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, evlərin təqdim edilməsi mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov çıxış edərək bildirib ki, bu gün respublika üzrə ümumilikdə 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub. Nazirlik tərəfindən mənzillə təminat proqramının davamı olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə Gəncədə 50 mənzil, 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) isə yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib.
Vüqar Behbudov bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Otuz ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan erməni faşizmi məhv edildi, ərazilərimiz öz azadlığına qovuşdu. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır və xalqımız bundan böyük iftixar hissi keçirir.
Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 1000-i bu kateqoriyadan olanlara verilib.
Bununla da indiyədək şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunan mənzil və fərdi evlərin sayı 8 min 558-ə çatıb.
Yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri qələbə sevinclərini bölüşüb, Ordumuzun uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyindən bəhs ediblər. Bu böyük qələbəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər. Daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər.