Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.
“İrs” rubrikasında Qarabağ muzeyləri ilə bağlı məlumatları ardıcıl olaraq təqdim edəcəyik.
Rahib Məmmədovun Xatirə Muzeyi
Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədovun Xatirə Muzeyi Qarabag savaşı zamanı işğal altında olmayan yeganə mədəniyyət mərkəzidir. Lakin müharibənin ən şiddətli vaxtlarında muzey hərbi qospital kimi istifadə edildiyindən onun yerləşdiyi bina hazırda yararsız vəziyyətdədir…
Rahib Məmmədov haqqında, o cümlədən muzeyin yaranma tarixindən direktor İntiqam Əsədovun dediklərindən:
– 1987-ci ilin fevral ayında qonşu Gürcüstan respublikasında havaların isti keçməsi, qarın üzərindən güclü yağışın yağması regionda təbii fəlakətə səbəb olur. Nəticədə Kür çayının bir qolu sayılan Rioni çayı məcrasından çıxır. Çayın yaratdığı ilk faciə Çaladidi kəndində baş verir. Respublikada fövqəladə vəziyyət elan olunur. Su basmış ərazilərdən əhalin çıxarılmasına hərbi hissələr cəlb olunur. Batumi şəhər Xerçal qəsəbəsində yerləşən motorlaşdırılmış hərbi hissədən xilasetmə işlərinə cəlb edilmiş dörd ədəd zirehli maşınları (BTR ) idarə edən əsgərlərin arasında azərbaycanlı Rahib Məmmədov da olur. Yolda xilasetmə işlərinə səfərbər edilmiş “BTR”-lərdən birinin mühərriki nasazlayır. Çaladidi kəndinə çatdıqdan sonra acınacaqlı və dəhşətli vəziyyəti görən daha bir “BTR” komandası suya girməkdən imtina edir. Qalan iki BTR-dən birini Rahib Məmmədov idarə edirdi. Digərinin heyətində isə mayor Kurşakov və leytenant Aleksandr Ksenefontov olur. Beləliklə, xilasetmə işlərinə başlanılır. Çaladidi kəndinin aşağı hissəsindən keçən dəmiyol xətti suyun axarının qarşısını alması vəziyyəti bir qədər də gərginləşdirmişdi. Rahib Məmmədovun idarə etdiyi “BTR”lə su basmış kəndə birinci girişi nəticəsində çoxlu kənd sakinini xilas etmək mümkün olur. Lakin dəmiryol xətti və onun yaxınlığında inşa edilən körpünün altında selin gətirdiyi ağaclar suyun qarşısını aldığından onun səviyyəsi bir qədər də artır. İkinci gedişdə leytenant Ksenofontovun idarə etdiyi BTR-in pəri ağaca ilişərək qırılır. BTR işlək vəziyyətini itirdiyindən suda batmağa başlayır. Bunu görən Rahib Məmmədov kənd sakinlərini düşürüb təcili olaraq əsgər yoldaşlarını xilas etməyə tələsir. Çox çətin olsa da Ksenefontovun idarə etdiyi BTR-i xilas edir. Ancaq suyun səviyyəsi artmaqda davam etdiyindən xilasetmə işləri çətinləşir və hərbçilər mümkün təhlükəni əsas gətirərək xilasetmə işlərini dayandırmaq istəyirlər. Lakin kənddə hələ də adamların qaldığını görən Rahib Məmmədov mayor Kurşakov və leytenant Aleksandr Ksenefontovla birgə yenidən kəndə gəlir və qalan səkkiz nəfəri “BTR” in üzərinə yığaraq xilas edir. Qayıdan məqamda suyun səviyyəsi daha da artdığından Rahib Məmmədovun BTR -i idarə etməsi çox çətinləşir. Belə gərgin məqamda üstəlik BTR-in lüləsi korpünün üst örtüyünə ilişir və zərbədən əyilir. BTR suyun axınının əksi istiqamətində ilişdiyindən Rahib nə qədər çalışsa da vəziyyətdən çıxa bilmir. Su isə artıq BTR-in lyükundan icəri dammağa başlayır. Bu zaman daha bir bədbəxtlik də baş verir. Belə ki, zərbələrdən içəridə olan mayor Kurşakovun ayaqları sınır. Bu məqamda Rahib Məmmədov BTR-in üzərində olanlara özlərini quruya atmağı əmr edir. Özü isə bir anlıq BTR-ın lyükün açıb çıxmaq istərkən su şırnağı texnikanı yuxarı çırpır və Rahib Məmədov “BTR”-lə körpünün dəmiri arasında qalır. Leytenant Ksenofontovun dediyinə görə, məhz suyun təsirindən “BTR” sanki quruya atılır. Lyukdan çıxarkən Rahib Məmmədovun qan içində olduğunu görürlər. Həkim briqadası gələn zaman Rahib artıq keçinibmiş…
Keçmiş SSRİ rəhbərliyi Rahib Məmmədovu bu fədakarlığına görə, ölümündən sonra “Qızıl Ulduz” ordeni ilə təltif etmişdi.
1987-ci ilin mart ayında 40 gün ərzində Ağdam RPK-nın o zamankı birinci katibi işləmiş Sadıq Murtuzayevin təşəbbüsü ilə Rahib Məmmədovun vaxtilə oxuduğu məktəb üçün yeni bina inşa edilir. Əvvəlcə məktəbin bir hissəsində qəhrəmana həsr edilmiş guşə, sonra ictimai əsaslarla muzey fəaliyyətə başlayır. Məktəbdə fəaliyyət göstərən muzeydə eksponatların toplanması və ziyarətçilərə onların təqdimatının yükünü məktəbin tarix müəllimi Məzahir Məhərrəmov çəkirdi.
18 may 1990-cı ildə, muzeylər günündə, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə muzeyə rəsmi status verilir. 1992-1997-ci illər arasında muzey müvəqqəti olaraq fəaliyyətini dayandırmış, 1998-ci ildən başlayaraq mədəniyyət ocağının fəaliyyəti yenidən bərpa olunmuşdur.
Hazırda muzeyin fondunda 1776 eksponat vardır. Muzeydə bu gün 330 eksponat nümayiş etdirilir. Muzeyin binası bərbad vəziyyətdə olduğundan eksponatların ən qiymətililəri Bakıdakı “İstiqlal” muzeyinin fondunda saxlanılır.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru