1905.az portalının suallarını atçılıq üzrə mütəxəssis, məşqçi və jokey Ramal Nadir cavablandırır.
– Ramal müəllim, necə oldu ki, atların təlimçisi oldunuz?
– Babam böyük at sevicisi idi. Çoxsaylı nəvələrin, nəticələrin içində bu estafeti davam edən mən oldum. Lakin atları yaxından tanıyandan sonra onlara qarşı məhəbbətim daha da artdı. Əslində bu sevgi və maraq hər bir azərbaycanlının qanında var. Sadəcə bir qədər atlara yaxın olmaq lazımdır. Bu yaxınlıq məni peşəkar atçılığa gətirdi. Sahəni elmi-praktik baxımdan dərindən öyrəndim. Uzun illər və zəhmət nəticəsində ippologiya elminə bələd oldum. Tanınmış məşqçilərin, ustaların yanında keçdiyim təlim və məşqlər nəticəsində atçılıq idmanının sirrlərinə yiyələndim. İndi də xatırlayıram, hər şey uşaqlıqdan – babam məni atın belinə qoyub gəzdirdiyi andan başlamışdı.
İndi məni fikir götürür, fikirləşirəm ki, görəsən bu rəqəmsal texnologiyalar əsrində bizim davamçılarımız at kimi milli sərvətimizə nə dərəcədə sahib duracaqlar?
Və dünyaya atçılıq mədəniyyətini yayan biz azərbaycanlılar öz atlarımızı unuda bilərikmi?! Bu düşüncələr ilə də mən atların təlimçisi oldum…
-Biz Qarabağ atları kimi misli bərabəri görünməyən sərvətimizdən istifadə edə bilirikmi?
– Cənubi Qafqazda ən çox at cinsinə malik olan ölkə Azərbaycandır. Azərbaycanın dörd milli cinsi vardır ki, bunlardan ən məşhurları Qarabağ və Dilbazdır. Digər iki cins Quba yorğası və Şirvan atlarıdır. Qərb ippoloji ədəbiyyatında Xəzər ponisi kimi təqdim olunan at cinsi də elə bizim Şirvan atlarıdır.
Qarabağ atlarının damazlıq “sxemi” olan bir at qrupu kimi, yəni konkret bir cins kimi formalaşması və inkişafı XVI əsrdən başlayaraq mərhələrlə baş verib.
İlk təşəbbüslər Nadir Şah Əfşarın tövlələrindən başladı və artıq çox qədimdən məlum olan yerli at populyasiyası bir az da təkmilləşdirildi. 1747-ci ildə Pənah Əli xan Qarabağa gəldi və xanlıq yaradaraq Nadir Şahın tövləsindən özü ilə gətirdiyi atlarla yerli atlardan tamamilə yeni və gözəl bir cinsin başlanğıcını qoydu. Elə o zamandan bu alovlu-qızılı atlara Xan sarıları deməyə başladılar. Onun ikinci məşhur adı isə “köhlən” oldu və el arasında “Qarabağ köhləni” kimi tanındı. Bu ikinci mərhələ idi.
Üçüncü mərhələ Çar Rusiyasının və İran Şahlığının Azərbaycan xanlıqlarını öz ərazilərinə qatdıqları dövrü əhatə edir ki, bu zaman da Qarabağ atları həm İranda, həm də Rusiyada qaldı. Lakin bu dövrdə Qarabağda xan nəslinin davamçılarından olan Mehdiqulu xanın əlində xan sarı köhlənləri hələ də qalmışdı. Sonralar bu təsərrüfatların çoxu Qarabağın komendantı V.Q.Madatov (Madatyan) tərəfindən ələ keçirilib, yaxşı atların çoxu Rusiyaya aparılıb. Çar Rusiyası dövründə Qarabağ atları Parisdə, Sankt-Peterburqda, Tiflisdə və digər şəhərlərdə keçirilən atçılıq sərgilərində medal və diplomlara layiq görülüb.
Dördüncü mərhələ isə Sovet İttifaqının dövrünə təsadüf edir. Bu dövrdə Ağdam Atçılıq zavodu yaradıldı və cinslə elmi-texnoloji səviyyədə damazlıq işi aparılmağa başlandı.
Beşinci dövr Azərbaycanın müstəqillik dövrüdür ki, bu dövrdə Qarabağ atları vətənpərvər atçılarımızın səyləri nəticəsində bu günə gəlib çatıb. Düzdür, bu gün Qarabağ atlarının sayı kifayət qədər deyil və cins azsaylı cinslər sırasındadır. Əgər vəziyyət belə getsə idi bu qiymətli cinsi itirə bilərdik. Həm fərdi təşəbbüskarların, həm də əlaqədar təşkilatların səyləri nəticəsində cins qorunub-saxlana bilmişdir. Artıq Azərbaycanın Qarabağ atları dünyanın bir çox yerində tanınır.
– Hər şeyi özününküləşdirməyə çalışan ermənilik Qarabağ atlarını da necə deyərlər inhisara almaq cəhdləri edirmi?
– Qarabağ atlarının ermənilər tərəfindən talanması hələ 19-cu əsrdən başlanıb. Çar Rusiyasının əsas atçı mütəxəsislərindən olan K.B.Diterixs bildirir ki, Madatovun zavodunun böyük bir ilxısı 1830-cu ilin yazında Qarabağdan Rusiyanın cənub quberniyalarına aparılıb. Bu atların əksəriyyəti (əsasən Baxmutda) satılıb. Göstərilir ki, bu atların içərisində təkcə madyanların sayı 200 baş olub.
Madatov erməni mənşəli idi və onun atası Vərəndə məliyi Hüseyin oğlu Şahnəzərin tövləsində mehtər işləyirmiş. Məlumdur ki, 5 məliklikdən biri – Vərəndə məlikliyi Pənah xana tərəf çıxmışdı. Şahnəzərin tövlələrində cins Qarabağ atları dururdu.
19-cu əsr mənbələri məlumat verir ki, Pənah xan Cavanşirin ölümündən sonra bu nəslin mülkiyyətində olan torpaq sahələri 130 kənd və oymağı əhatə edirdi.Bu ərazilərdə 2264 təsərrüfatın olması da göstərilir. Düzdür, bu təsərrüfatlarda qoyun,mal-qara daha çox yer tutsa da atların sayı kifayət qədər idi. Bu miras İbrahim xana keçmişdi. Lakin Qarabağ xanlığının süqutundan sonra Çar Rusiyası daxilində İbrahim xanın oğlu Mehdiqulu ağanın əlində bu təsərrüfatların yalnız 546 – sı (cəmi 28 kənd) qalır. Bu təsərrüfatların çoxu Qarabağın komendantı erməni əsilli V.Q.Madatov (Madatyan) tərəfindən zor və hiylə ilə ələ keçirilib.
Bu gün də ermənilər Qarabağ atlarını öz adlarına çıxmaq üçün çalışırlar. Axı at musiqi deyil ki, onu öz hazırladığın alətdə ifa edəsən və deyəsən ki, bunu mən yazmışam. Soruşan olar ki, Qarabağ atının damazlıq sənədlərini, reestr göstəricilərini, genetik “xəritə”sini ortaya qoya bilərsinizmi? Ermənilər Qarabağ atının cinsin özək kitabı olan hansı damazlıq dövlət kitabını ortalığa çıxara bilər?
Qarabağ atlarının yaradılması tarixi artıq ciddi ippoloqlara məlumdur. Bəzi ippoloqların əsərlərində isə Qarabağ atlarının mənşəyi süni surətdə təhrif edilir.
1843-cü ildə “Konnozavodstvo i oxota” jurnalının 17-ci nömrəsində dərc edilmiş bir məqalədə yazılır ki, türkmən atları ilə ərəb atlarından Qarabağ xanlığında çox yaxşı bir cins yetişdirilib. İngilis atları Qərbdə məşhur olduğu kimi, Qarabağ at cinsi də Şərq atları içərisində məşhurdur. Qarabağ atlarında türkmən atı cinsinin qanı iştirak etdiyi üçün onlar ərəb atlarından daha boy-buxunludur.
19-cu əsr müəlliflərinin göstərdikləri məlumatlarda heç zaman Qarabağ atının erməni cinsi olması qeyd edilməyib.
Bu uzaq tarix deyil. Əgər tutarlı mənbələri araşdırsaq 19-cu əsrdə Xurşidbanu Natəvanın xan atçılıq zavodunun yetirməsi olan “Xan” ləqəbli qarabağ atının 1967-ci ildə Parisdə keçirilmiş Ümumdünya atçılıq sərgisində böyük gümüş medala layiq görülməsini kimin adına yazaq? Bəs o dövrlərdə Qarabağda olmuş məşhur rus rəssamları V.N. Sverçkov və V.V. Vereşşaginin xan atçılıq zavodları barədə yazdıqları xatirələri necə, onları da bəlkə yalan kimi qələmə versinlər ermənilər… Baxın, Vereşşagin yazır: “Həyatımda gördüyüm ən gözəl atlar Şuşada Cəfərqulu xanın zavoduna məxsus idi. Mən heç bir yerdə belə atlar görməmişdim. Mən cins ayğırlardan birini canlı olaraq baxıb çəkdim”.
Bu gün milli mədəniyyətimizin bir çox elementlərini mənimsəmək cəhdləri kimi Qarabağ atlarının da özününküləşdirilməsi cəhdlərinə əsasən kütləvi informasiya məkanında rast gəlinir. Bir sıra saytlarda bu kimi cəfəng çağırışlara rast gəlmişəm. Bir atçı və tədqiqatçı kimi bunlara gülmüşəm. Saytlarda qoyulan at şəkilləri içərisində bircə baş da olsun Qarabağ atına rast gəlməmişəm. Ermənilərin əlində bir baş da olsun Qarabağ atı yoxdur. Qarabağda rast gəlinən hər hansı bir at Qarabağ cins atı demək deyil. Cinsin mütləq damazlıq özəyi və bunu ifadə edən rəsmi qeydiyyat kitabı, reestri olmalıdır. Qarabağ atlarının damazlıq reyestri də, 2 cildlik dövlət damazlıq kitabı da Azərbaycana məxsusdur və azərbaycanlı mütəxəssislər tərəfindən yazılib.
– Atçılıq sahəsində hansı işləri görə bilmişik? Təşkilatlanmalı, araşdırmaları nəzərdə tuturam.
– Atçılıq sahəsində son dövrlər bir sıra uğurlar əldə olunub. Düzdür, biz hələ Qərbi Avropa və Şimali Amerika ölkələrindən, inkişaf etmiş digər ölkələrdən geri qalırıq, lakin bir sıra böyük ölkələrlə müqayisədə inkişaf templəri hiss olunur. Sovet İttifaqı dağılandan sonra respublikada atçılıq məhv olmaq dərəcəsinə çatmışdı. Atçılıq çox çətin sahədir və onun bərpası üçün uzun illər, böyük vəsait və gərgin zəhmət tələb olunur. Cinsi minilliklər boyu yaratmaq, bir ilin içində isə məhv etmək mümkündür.
Atçılıq federasiyasının yenidən yaradılması, Atçılıq haqqında dövlət qanununun qəbul edilməsi və digər təşəbbüslər atçılıqda canlanma və inkişaf yaratdı. Həm milli atçılıq üzrə, həm də beynəlxalq cinslər üzrə assosiasiyalar, klublar, digər ictimai birliklər yaradıldı. Özəl sektorda həm milli atçılıqla, həm də beynəlxalq cinslərlə məşğul olan sahibkarlar meydana çıxdı. 2013-cü ildə Qarabağ atı üzərində oynanılan milli atüstü oyunumuz olan çövkənin qeyri-maddi irs kimi UNESCO-da qorunmağa ehtiyacı olan təxirəsalınmaz siyahıya salınması, Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Polo vətənə qayıdır” devizi altında beynəlxalq polo yarışının keçirilməsi, Britaniya kraliçası II Yelizavetanın yubileyində Azərbaycandan aparılmış Qarabağ atının nümayiş etdirilməsi Qarabağ atının dünyada tanınmasına bir töfhədir. 2014-cü ildə Respublika Prezidenti cənab İlham Əliyev Qarabağ və Dilbaz atlarının inkişafı üçün prezidentin ehtiyat fondundan yüksək məbləğdə pul vəsaiti ayrılması barədə göstəriş verib. Bu, Qarabağ atının inkişafında müstəsna rol oynayacaq.
Lakin Azərbaycan atçılığında elmi təminat zəifdir. Araşdırmalar, tədqiqatlar aparılmır. Bunları aparmaq üçün demək olar ki, kifayət qədər savadlı kontingent yoxdur. Təəssüf ki, biz Nizami Səfərov kimi mütəxəssisi itirmişik. Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının məzunu olan yeganə atçımız idi. Qarabağ müharibəsində şəhid olmuş Nizaminin atası Deputat Səfərov hal-hazırda da milli atçılıqla məşğuldur. Skryabin adına Moskva Baytarlıq və Biotexnologiyalar Akademiyasının məzunu olan Xəndan Rəcəbli də bu sahədə barmaqla sayılan milli kadrlarımızdandır.
Maliyyə və təşkilati çətinliklərə baxmayaraq müstəqil araşdırmalar, tədqiqatlar aparıram. Qarabağ atları barədə yazdığım monoqrafiya Azərbaycanın müstəqillik dövründə bu mövzuda yazılmış ilk kitabdır. Lakin bunlar azdır. Təbii ki, problemlər də var.
– Planlarınız necədir?
– Atçılıq sahəsində araşdırmalarımı, tədqiqatlarımı davam etdirəcəyəm. Bunun üçün xarici ölkələrdə yerləşən aqrar təhsil müəssisələrində təhsil almağı planlaşdırıram. Atçılıqla bağlı bir sıra fərdi proqramlar işləyib hazırlamışam. Onların reallaşdırılmasına çalışacağam. Təbii ki, sırada atçılıqla bağlı silsilə kitablar da vardır. Milli atçılıqla bağlı ictimai birlik yaratmaq ideyası da var gündəlikdə. Az araşdırılmış Quba, Şirvan, Kiçik Qafqaz atları barədə də araşdırmalar aparmağı planlaşdırıram. Hər halda onların da milli atçılığımızda əvəzsiz yeri var. Onu da deyim ki, Quba yorğası artıq bəzi Avropa ölkələrində tanınır və sevilir. Atlarla bağlı bədii yaradıcılıq işlərim də olacaq. Əslində arzular, planlar çoxdur. Onların bəziləri müəllif sirri olduğu üçün vaxtından əvvəl açıqlaya bilmirəm.
Fürsətdən istifadə edib Qarabağ atının qorunmasında, yetişdirilməsində zəhmət çəkmiş bütün şəxslərə və qurumlara atsevərlər adından təşəkkürümü bildirirəm!
Fuad Babayev, Dadaş Musayev, 1905.az