Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
1951-ci il sentyabrın 18-də Bakı şəhərinin Ramana kəndində anadan olub. Ömrünün kamillik dövrünü yaşayan bu müdrik insanın rəngarəng həyat, yaradıcılıq yolu ilə tanışlıq olduqca maraqlı idi.
Beləliklə, müsahibimiz adlı-sanlı sənət əsərləri ərsəyə gətirən, ömrünün ən gözəl illəri Bakı və bölgələrimizin gözəlləşməsinə vəsilə olan Əmirxan Məmmədvəliyevdir. O, kino lenti kimi həyatını ardıcıllıqla, bütün təfərrüatı ilə gözünün önündə canlandıraraq maraqla danışırdı. Yaratdığı eskizlərin, şəkillərin yerləşdiyi alboma baxdıqca simasında bir sevinc, təbəssüm yaranırdı. Bu insanın öz sənətinə necə böyük məhəbbətlə yanaşdığı onun simasının bütün cizgilərində hiss olunurdu. Böyük həvəslə o günləri yada salırdı. İstədim ki, öz sənətini ürəkdən sevən bu işgüzar insanı siz də tanıyasınız. Hekayəmizin qəhrəmanı olan Əmirxan müəllimin ömür yolunu necə var elə də qələmə aldım…
– Əmirxan müəllim, uşaqlıq, məktəb, tələbəlik illərini necə xatırlayırsınız?
– Uşaqlıq illəri…. Saf, təmiz illəri hər dəfə xatırladıqca içimdə qəribə bir hiss yaranır. Uşaqlığımız neft buruqları arasında keçib. Neft qalıqlarının üzərində yaranan göyqurşağı, Ramananın tinləri, əzəmətli qalası, tarixi abidələrini unutmaq mümkün deyil. Bakı elə Bakıdır, amma Ramanaya gəldikdə isə bütün ifadələr susur, çünki bura doğma torpaq, vətəndir. O ki, kəndin girəcəyində səni qarşılayan Ramana qalası, neft iyi olur, bax o qoxu mənə parfümdür (gülür).
– I sinfə 198 saylı orta məktəbdə getmişəm. 8 illik məktəb həyatını, ilk müəlliməm Gülsüm Şirəliyevanı və o illəri heç unuda bilmirəm. Bakıxanovda Pionerlər evi var idi. Elə o zamandan rəsm çəkməyə həvəsim yaranmışdı. VI-VII siniflərdə oxuyarkən Bakıxanovdakı Pionerlər evinə dərnəyə yazıldım. Dərnəkdə bizə Əhməd müəllim dərs keçirdi. Rəsm çəkməyin incəliklərini bizə öyrədirdi. 1966-cı ildə VIII sinfi bitirən kimi sənədlərimi Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin Heykəltaraşlıq fakültəsinə verdim. Elə həmin il Rəssamlıq məktəbinə daxil oldum. Qrupumuz 9 uşaqdan ibarət idi. Müəllimimiz heykəltaraş Kamal Ələkbərov idi. 28 May küçəsində kilsə var idi. İndi oranı Orqan zalı ediblər, orada bizim emalatxanamız yerləşirdi. Heykəlləri orada hazırlayırdıq. 1970-ci ildə Rəssamlıq məktəbini İcraçı rəssam, “Rəsm və rəsmxətt müəllimi” ixtisası üzrə bitirdim. Sonra ali təhsil almaq üçün sənədlərimi Repin adına Leninqrad Rəssamlıq Akademiyasına verdim, lakin müsabiqədən keçə bilmədim. Bakıya qayıdıb, elə həmin il sənədlərimi Politexnik İnstitutunun Memarlıq fakültəsinin axşam şöbəsinə verdim. Yaxşı qiymətlərlə instituta daxil oldum. Səhər işləyib, axşam oxuyurdum. İnstitutda Hacıbala Rəcəbov adlı bir rəsm müəllimimiz var idi. Bir gün mənə dedi ki, sənin digər tələbələrdən fərqin odur ki, yaxşı rəsm çəkmək qabiliyyətin var. Mən də dedim ki, rəssamlıq məktəbini bitirmişəm. İnstitutu 1976-cı ildə bitirdim.
– Universiteti bitirəndən sonra və yaxud universitet illərinizdə ilk işiniz harada olub?
-Sinif yoldaşım Balababanın atası Zabratda 75 nömrəli məktəbdə direktor işləyirdi. Mənə dedi ki, bizdə rəsm və rəsmxətt müəllimi yeri boşdur, gəl işlə. 1971-ci ildə Zabratda məktəbdə işləməyə başladım. Ancaq maaşı az olduğu üçün işləyə bilmədim. Ona görə də bir ildən sonra o işdən çıxdım. 8-ci kilometrdə 2 nömrəli Bakı Elektrik üzrə Quraşdırma İdarəsi var idi. Atam orada sürücü işləyirdi. Müdirə demişdi, o da məni rəssam kimi işə götürdü. 2 il orada işlədim.
Deyəsən, 1972-ci il idi. Həyatımda yeni bir dövr başladı. İnstitutun II kursunda oxuyurdum. Müəllimim Hacıbala Rəcəbov məni Rəssamlar İttifaqının nəzdində Bədii Yaradıcılıq Kombinatına mozaika ustası kimi işə düzəltdi. İnstitutun II kursundan təqaüdə çıxana kimi orada işlədim. Düz 44 il.
– 44 il qəlbi sənətlə döyünən insan üçün az zaman deyil. Bu zaman kəsiyində çoxlu işləriniz olub. Lakin ilk iş heç bir zaman unudulmur. İlk işinizlə bağlı xatirələrinizi bizimlə bölüşərsiniz?
– İlk işim 1972-ci ildə Azərbaycan Nəşriyyatının fasadındakı mozaika olub. Oktay Şıxəliyev və Hacıbala Rəcəbovun eskizi əsasında böyük bir mozaika yığdıq. Onu da sizə deyim ki, Azərbaycanda mozaikanın əsasını qoyan, mozaika sənətinə yeni üslub gətirənlərdən elə birincisi Oqtay Şıxəliyev olmuşdur. O, monumental mozaikanın əsasını qoyub. Mozaik zolağın yan tərəflərdən hündürlüyü yeddi, uzunluğu isə on metrə çatan relyefli mozaik lövhələr – kitab səhifələri şəklindədir. Sol tərəfdə qəzet, sağ tərəfdə isə kitab çapının tarixi süjetli-rəmzi şəkildə öz əksini tapmışdır. O zaman mozaika yığan iki nəfər idik. Daha sonra rəngli şüşələrdən vitraj düzəltməklə məşğul oldum.
– Dünyada ikinci, MDB ölkələri arasında ilk və yeganə olan Ağdam çörək muzeyinin mozaikasını hazırlamısınız. Necə oldu ki, bu işi sizə tapşırdılar?
Bu mozaikanın təkrarı heç yerdə yoxdu, heç olmayacaq da. Amma bundan yaxşısı olacaq inşallah (gülür). Bu yaxınlarda müəllifi Nurəddin Mehdixanlı olan Virtual Qarabağ layihəsinə baxarkən Ağdam Çörək Muzeyinin virtual təsvirlərini gördüm. Bir an özümü yenidən Ağdamda hiss etdim. Nurəddin müəllimlə əlaqə saxladım və bildirdim ki, muzeyin mozaikasını mən hazırlamışam.
Ağdam Çörək Muzeyindən əvvəl, 1980-ci ildə Mirzağa Qafarovun eskizi əsasında Ağdam rayonunun girəcəyində Uzundərə adlanan yerdə (red. indi ora Şəhidlər xiyabanıdır) sahəsi 120 kv.m olan açılmış kitab formasında mozaika hazırlamışdıq. 1980-ci ildə 3 nəfər heyətlə – Vidadi Məhərrəmov, Kamal Aslanov, bir də mən Ağdama getdik.
Ağdamın katibi Sadiq Murtuzayev idi. O, Azərbaycanda ən çox katib işləmiş şəxsdir. Hardasa 33-35 il . Maşınla dəyirmanın yanından keçirmiş, dəyirman da çox baxımsız olub. 1900-cü ildə tikilmiş köhnə dəyirman imiş. Bir müddət sonra Rusiyanın İzvestiya qəzetində yazı çıxıb ki, Almaniyada Çörək Muzeyi açılıb. Sadiq Murtuzayev deyib ki, Almaniyada Çörək Muzeyi var, bizdə niyə olmasın! Sonra həmin dəyirmanın yerində Çörək Muzeyi tikiblər. MDB ölkələri arasında ilk belə muzey yaranıb.
İndi isə mövzuya geri dönüm. Necə oldu ki, mənə bu işi tapşırdılar. Deməli, 1982-ci ildə işdən evə gəldim. Rəhmətlik atam dedi ki, Ağdam rayonunun I katibi Sadiq Murtuzayev sənin dalınca adam göndərib. Mən də dedim ki, yəqin Ağdamın girəcəyində yığdığımız mozaika ya sökülüb, ya da zədələnib. Məni onu təmir etmək üçün çağırıblar. Həmkəndlim rəhmətlik Qafur Həsənovla birlikdə Ağdama gəldik. Katib bizi muzeyin yerləşdiyi yerə apardı. Ağdam Çörək Muzeyində əvvəl bir rəssam işləmişdi, lakin katib onun işindən narazı qalmışdı. Çörək muzeyinin fasadında rəngli sünbüllərdən gözəl bir mozaika hazırladıq. İkimərtəbə ev hündürlüyündə olan mozaikanın ortasında şəbəkə, sağ tərəfdəki hissə bir az ensiz, soldakı isə bir az enli idi. Bu mozaikada milli rəmzlərimizlə yanaşı, günəş, torpaq, su, bitki, yəni həyatın 4 ünsürü və insanlar əks olunmuşdu. 1983-cü ilin noyabrında muzeyin açılışı oldu. Ondan sonra Ağdamda 50 nömrəli peşə məktəbinin həyətində də mozaika yığmışıq.
– Bildiyimizə görə, mozaika üçün xüsusi daşlara ehtiyac var. O daşları haradan əldə edirsiniz, yəni daş parçalarını necə o formaya gətirirsiniz?
-İdarəmizə smalta daşları (red. rəngli daşlar) gəlirdi. Ukraynadan gələnlər böyük qutularda idi. Ölçüsü 15×9-a olurdu, Rostovdan gələnlərin isə ölçüsü daha böyük idi. Ukraynadan gələnlər daha yaxşı doğranırdı. Daşları doğramaq üçün bizim xüsusi alətlərimiz olurdu. Alətləri Zavod MM-də sifariş edirdik. Xüsusi çəkicdən istifadə edirdik ki, daşı düzgün doğrayaq. O daş da kvars qumla piqment qatışığından hazırlanırdı. Birinci dəfə Rusiyada Lomonosov tərəfindən ixtira edilib. Sonra özünün emalatxaları olub, elə orada mozaika işləri görülüb.
– Bakıda, bölgələrimizdə və Azərbaycan hüdudlarından kənarda işləriniz olub. O işlər barəsində bizə danışardınız.
– 1975-ci ildə eskizi Oqtay Şıxəliyev və Hacıbala Rəcəbova məxsus olan əsərlərdən biri də Bakı Məişət Kondisionerləri Zavodunda mozaik kompozisiya idi.
Bayıl qəsəbəsində mədənlər arasında fəhlələrə aid Dərin Dəniz Özülləri Zavodunun fasadındakı mozaikanı yığmışam. Bu mozaikanın eskizini Nüsrət Hacıyev vermişdi. 1990-cı illərin ortalarında İsa bəy Hacınskinin Qız qalası yaxınlığındakı mülkünün mozaikasını işləmişəm. Qəbələdə Mədəniyyət sarayının mozaikasını yığmışam. Alatavada mebel fabrikində, Bilgəhdə Kordiologiya sanatoriyasında, Bakı Metrosu Deposunun üzgüçülük hovuzu üzərində Zöhrab Mütəllibovun eskizi əsasında yığılan mozaikanı misal çəkmək olar. Mikrobiologiya İnstitutunun içərisində də bir mozaika hazırlamışam. 1959-1969-cu illərdə Azərbaycan SSR-in I katibi olmuş Vəli Axundov o zaman Mikrobiologiya İnstitutunun rəhbəri idi.
1988-ci ildə isə eskizi Oqtay Şıxəliyevə məxsus olan keçmiş Ozon zavodunun həyətində (red. indiki İctimai TV) mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş məkanda mozaik bədii tərtibatın əsasında gözəl bir əsər yarandı. “Yallı” adlanan bu kompozisiyanın məna və məzmunu elə əsərin adının daşıdığı süjet, fiqur, atribut və müxtəlif ayrıntılarla zəngin idi. Bu kompozisiyanı düzəldəndə eskizi necə varsa elə də divara köçürdük. Lakin yanlarında boş yer qaldı. Özümdən əlavələr edib mozaikanı tamamladım.
1982-ci ildə Gəncə şəhəri Şəmkir yolu üstündə Xatirə parkında eskizi Fikrət İbrahimova məxsus mozaika yığdım. Tovuz rayonunun Əlimərdanlı kəndində kəhrizin qarşısında eskizi Adil Şıxəliyevə məxsus bir aşığın və üzümçülərin mozaikası hazırlamışdıq.
2006-cı ildə Oqtay Şıxsəliyev və Şamil Buksayevin tərtibi əsasında ən böyükmiqyaslı işim Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ikinci mərtəbəsində idman oyunlarının təsviri olmuşdur. Ümumi sahəsi 1500 kv.m olan dairəvi divardakı mozaikadır. Bunun digər işlərdən fərqi o idi ki, miniatür üslubla mozaikanın sintezi əsasında yaranmış unikal bir sənət əsəri idi. Ən maraqlı işlərimdən hesab edirəm. Bu işi 4 ilə tamamlaya bildik.
Digər bir işim isə Lənkəran rayonunda olub. 80-ci illərin əvvəllərində respublikada məhsul bayramları keçirilirdi. Həmin vaxt Lənkəranda İdman Məktəbinin açılışı olmalı idi. Onun divarında xalça eskizi yığmaq tapşırılmışdı. Özü də qısa bir vaxtda. O dövrdə Lənkəran şəhər Partiya Komitəsinin katibi Dilruba Camalova olub. Çox gözəl bir insan idi. Bizim üçün lazımi şərait yaratdı və işi vaxtında bitirdik.
1984-cü ildə Baykal-Amur Magistralında yerləşən Ulkan qəsəbəsində də işimiz olub. Mən dostum Zöhrab Mütəllimovla burada məktəbin 2 divarı, uşaq bağçası, bir də klubun divarında rospis rəsm (red. rənglə işləyəndə mozaika rospis adlanır) hazırladıq. Qəşəng də alındı.
– Qeyd etdiyiniz kimi çoxlu katiblərlə görüşmüsünüz. Bu görüşlər içərisində ən maraqlısı hansı olub?
– Çox maraqlı görüşlərim olub. Bir deyil, bir neçə maraqlı görüşlərimiz baş tutub. 1982-ci ildə Gəncə şəhərində Şəmkir yolu üstündə Xatirə parkı salınanda Həsən Həsənov Gəncədə I katib işləyirdi. Sonra Bakıya 26-lar rayonuna dəyişdirildi. Katib dedi ki, şair M.Ş.Vazehə aid mozaika hazırlamalıyam. Mənə tapşırdı ki, Vazeh haqqında oxuyum. Vazeh Tiflis şəhərində “Divani hikmət məclisi” yaratmışdı. Mozaika belə olmalı idi: Ortada ayaq üstə Vazeh dayanıb, ətrafında M.F.Axundov, Qasım bəy Zakir, İlya Çavçavadze, A.A.Bakıxanov,F. Bodenştet təsvir olunmalı idi. Yan divarda Kirovabada (red. o dövrdə Gəncə belə adlanırdı) aid açıqca, o biri divarda isə kitabın üz qabığının şəkli qoyulmalı idi. Bu layihə hazırlanarkən çoxlu sayda jurnalistlər müsahibə almağa gəlirdi. Katib onlara deyirdi – “Vazeh haqqında nə bilirsiz?”. Dayanıb susurdular. Onda katib üzünü mənə tutub deyirdi: “Əmirxan, başla danışmağa”. Bir gün katib mənə dedi ki, istəyirəm oraya mən də bir daş qoyum. Vazehin papağını tamamlayan son daşı o qoydu.
Maraqlı görüşlərimdən biri də Tovuz rayonunun Əlimərdanlı kəndində olub. Kəhrizin yanında bir aşığın, bir də üzümçülərin mozaikasını hazırlamalı idik. Həmkəndlim Qafur Həsənovla bir yerdə işləyirdik. Bir gün bizə 500-lük lampa lazım oldu, tapşırdıq, ancaq gətirmədilər. İşin qızğın vaxtında yanımızda bir maşın dayandı və oradan 2 nəfər düşdü. Onlardan biri bizə yaxınlaşıb işlərin necə getməsi barədə soruşdu. Qafur birdən qayıtdı ki, dayı, bizə 500-lük lampa lazımdır. Yanındakı irad tutub dedi ki, “Adam da katibə dayı deyər”. Qafur yenidən qayıdıb dedi: “Katib dayı, bizə 500-lük lampa lazımdır”. Katib güldü və dedi: “O hardan bilsin ki, mən katibəm”.
Bu kənddə Qədir kişi adlı bir aşıq var idi. Qoca kişi olduğu üçün dedim şəklini gətir, ona baxıb mozaikanı düzəldək. Elə də etdik.
H.Əliyevlə də maraqlı söhbətlərimiz olub. Bir gün xəbər gəldi ki, bəs H.Əliyev BAM-a (Baykal-Amur Magiatralı) gəlir və sizinlə görüşəcək. Bizə tapşırdılar ki, yalnız rus dilində danışmalısız. H.Əliyev gəldi, salam verdi. Zöhrab dedi ki, “əleyküm salam”. H.Əliyev bir mənə, bir də Zöhraba əl verdi. O, hal-əhval tutandan sonra – “bu işlərdən Bakıda niyə hazırlamırsız? Bakıda da belə işlər görün”,- dedi. Sonra başladı rusca danışmağa, vəziyyətimizlə maraqlandı.
BAM-da Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlılar işləyirdi. Heydər Əliyev birdən belə bir söz dedi: ” Burada işləyirsiz ola bilər ki, rus qızları ilə evlənəsiz. Ancaq uşaqlarınıza azərbaycanlı adları qoyun”.
– Ən son işiniz nə olub?
– Son işim generalımız, Milli qəhrəman Polad Həşimovun mozaikasıdır. Deməli, qərar çıxdı ki, Xətai rayonunda yerləşən Naximov adına küçənin adını Polad Həşimovun adına küçə ilə dəyişəcəklər. Həmin küçədə park da salınacaq. Xətai Rayon İcra Hakimiyyətinin başçısına məktub yazdım ki, neçə illik mozaika ustasıyam, eşitdim bu qərar çıxıb, generalımızın portretini hazırlamaq istəyirəm, parkda divara vurarsız. Cavab gəlmədi. İşə başlamışdım, daşlarını tapıb davam elədim. Sonra portretin şəklini sosial şəbəkələrdə paylaşmışdılar. Generalımızın ailəsi də bu şəkli görübmüş. Mənimlə əlaqə saxladılar. 2021-ci ilin noyabr ayında qələbəmizin bir illiyinə həsr olunmuş Zəfər sərgisi oldu. Elə hazırladığım Polad Həşimovun mozaikasını da sərgiyə verdim. Sərgidə nümayiş olunandan sonra mozaikanı generalımızın ailəsinə bağışladım.
– Hər hansısa səbəbdən sökülmüş işləriniz olubmu və yaxud sökülmüş işlərə qarşı münasibətiniz necədir?
– O qədər mənim elə mozaikalarımı söküblər ki… . Heydər Əliyev prospektində Ayaqqabı fabriki var idi. Onun qarşısında böyük mozaika yığmışdım. Onu sökdülər. Sonra Bərdədə Xalça fabrikinin divarında mozaika yığmışdım. Bu yaxında xəbər tutdum ki, fabrik yanıb. Ümumiyyətlə, sökülmüş işlərin yerinə yenidən bərpa işləri aparılmalıdır. Müəllifin yaratdığı eskizlər əsasında yenidən bərpa edilə bilər. Əgər müəllif dünyasını dəyişibsə peşəkarlara üz tutmaq lazımdır. Şəhərimizdə belə sökülən işlər çox olub. Bakı Slavyan Universitetinin binasının fasadındakı mozaikanı misal çəkmək olar.
– Əmirxan müəllim, bəs necə oldu ki, siz birdən-birə mozaika ustası olmaq qərarına gəldiniz. Rəsm çəkmək, heykəltaraş qabiliyyəti olmaqla yanaşı mahir mozaika ustasısınız. Bu arzu, istək nədən rişələnib qol-qanad açdı?
– Atam Qurban kişi 8-ci kilometrdə 2 nömrəli Bakı Elektrik üzrə Quraşdırma İdarəsində sürücü işləyirdi. Əslən tatar olan bir iş yoldaşının mərmərdən portretini hazırlayıb, ad günündə ona hədiyyə verdi. Məndə bu hadisədən sonra mozaika sənətinə böyük maraq yarandı. Mozaika ustası olmasaydım, indi bəlkə ən məşhur heykəltaraşlardan biri idim.
– Əsl sənətin yaşı olmadığı kimi, əsl sənət adamları üçün də yaşın elə bir önəmi yoxdur. Onların yaşı yaratdıqları sənət əsərlərinin yaşı qədər həm qədimdir, həm də gənc. Əmirxan müəllim, bu yaxınlarda 71 yaşınız tamam oldu. Dahi musiqiçi Üzeyir Hacıbəyov ilə eyni gündə doğulmusunuz. Bu xoş təsadüf bəlkə də sizin incəsənətə bu qədər meyil etməyinizə səbəb olub. Ömrünüzün müdrik dövründəsiniz. 70 yaşı geridə qoyub, 71 yaşa keçdiniz. Hansı hissləri keçirirsiniz?
– Bu yaşımda nə arzulaya bilərəm. İstəyirəm sağlıq, əmin-amanlıq olsun. Gücüm çatdıqca yeni işlər, yeni layihələr hazırlayım. Doğma Ramana kəndimi həmişə belə abad, belə gözəl görüm. Qismət olsa, Ramanada da layihələr görmək istəyirəm. Ramana şəhidi kapitan Qurbanov İmran İlqar oğlunun mozaikasını hazırlamaq ən böyük istəyimdir.
Bu yaşımda başqa nə arzulaya bilərəm ki…
– Əmirxan müəllim, mərkəzimizin bütün əməkdaşları adından Sizə cansağlığı arzu edirik. Şəhərimizi, bölgələrimizi gözəlləşdirən bu cür sənət əsərlərini yaratmağa davam edəsiniz. Daima yaşayıb, yaradın. 71 yaşınızda sizə rənglərin bütün çalarlarını arzu edirik.
Səadət Hüseynzadə