Suallarımızı Azərbaycan Respublikasının xalq artisti Ramiz Novruz cavablandırdı.
– Bir zamanlar Pedoqoji İnstitutda təhsilini yarımçıq qoyub İncəsənət İnstitutunda Adil İsgəndərovun rəhbərlik etdiyi kursa gələn Ramiz Novruzun bu günkü Azərbaycan teatrı və kinosuna münasibəti necədir?
– Bizim münasibətimizdən çox az şey asılıdır. Çünkü istənilən sahədə inkişafın olması əvvəl-axır maddiyyata bağlanır. Həm kinomuzda, həm də teartrda mövzular mənim xoşuma gəlmir. Ümumiyyətlə, teatrlarımızin repertuarı, çəkilən filmlərimiz məni qane etmir. Torpağında bu boyda hadisələr baş verən ölkənin teatrı, kinosu bu mövzuları əlində bayraq etməlidir. Mən bunu bir neçə müsahibəmdə də demişəm. Mütəmadi olaraq seriallara çəkilirəm və həmişə içimdə bir ağrı olur ki, nəsə bu, istədiyim deyil. Məşğul olduğumuz iş vətəndaşları, azərbaycanlı övladlarını çox da düşündürən məsələlər deyil. Bəzi kommersiya filmləri var, bunlar lazımdır. Amma bu boyda hadisələri, faciələri olan bir xalqın teatrı, kinosu bu məsələyə daha ciddi yanaşmalıdır. Teatr bu gün həmin mövzular barəsində nəsə demirsə, tamaşaçının dalınca düşürsə, onun istədiyi kimi olmağa çalışırsa, mənim kimi münasibəti olanları qane edə bilməz. Təbii ki, kinomuzda da uğurlu işlər, bəzi cəhdlər var. Vaxtilə “Fəryad” filmi çəkilib, sonra “Sarı gəlin” çəkildi, amma efirə getmədi. Son illərdə “Dolu” filmi çəkilib, mən şəxsən əsəri oxumuşdum, amma filmə heyran olmadım. Amma ən azı münasibət ciddi idi, maraqlı bir iş görməyə cəhd etmişdilər. Belə işlər var, amma bütövlükdə çatışmazlıqlar daha çoxdur. Halbuki dövlət tərəfindən hər cür şərait yaradılıb, hətta 10 illik proqram üçün vəsaitlər ayrılıb, əmrlər verilib. İndi qalır bunlardan düzgün istifadə etmək.
– Vaxtilə Sumqayıt teatrında general Şıxlınskini, kinoda general Həzi Aslanovu, kinoda və teatrda general Sisianovu, general Pompeyi canlandırmısınız. Rejissorlar Sizi boy-buxununuza, amiranə səsinizə görə general kimi görmək istəyirlər?
– Müşahidəniz düzdür. Bəlkə də oxşadırlar, daha inandırıcı alınır məndə. Sumqayıt teatrında ilk rollarımdan biri general Əliağa Şıxlinski oldu. Bu rollar mənə oxumaq, mütaliə etmək imkanı verib və böyük həyat təcrübəsi qazandırıb. Təbii, bu rollar üzərində işlədikcə, çalışırsan, o tarixi şəxsiyyət barədə ətraflı məlumat əldə edirsən. Mən Mircəfər Bağırovu oynayanda elə materiallara rast gəlmişdim ki… Görünür tarixi şəxsiyyətləri, generalları mənimlə işləmək rejissorlara daha asandır. Yeri gəlmişkən, mən vaxtilə idmanla da məşğul olmuşam, bəlkə də ilk nəzəri o cəlb edir, sonra təbii aktyor oyunu. Bizdə tarixi şəxsiyyətlər haqqında çox filmlər çəkilib, onların çox az hissəsi uğurlu olub. Mən tarixi şəxsiyyətlərlə bağlı filmlər çəkiləndə aktyorun hökmən həmin şəxsiyyətə oxşadılmasının tərəfdarı olmamışam. Bizdə böyük şəxsiyyərlər barədə kino çəkdikdə nədənsə çalışırlar ki, aktyor həmin şəxsiyyətə oxşasın. Hətta xaricdən, Rusiyadan və başqa yerlərdən aktyor də dəvət edirlər. Bəzən də elə olur ki, dəvət edilən aktyor həmin tarixi şəxsiyyətin ruhunu çatdıra bilmir. Hər hansı zəif bir aktyor rolunu oynadığı tarixi şəxsiyyətin ruhunu hiss etdirə bilsə, onu tamaşaçının yaddaşına həkk edəcək. Mən illərdən sonra aktyor olaraq özümə kənardan baxanda onu deyə bilərəm: rolunu oynadığım şəxsiyyət kimi düşünməyi bacarıram, bu çox vacibdir. Həmin insan kimi düşünməyi bacarırsansa, artıq alınır. Bu yaxınlarda teatrda Nadir şahı oynadım, başqa bir aktyorla dublyor idik. Tamaşa əvvəl birmənalı qəbul edilməmişdi. Amma əvəzində mən özümü nə qədər zənginləşmiş saydım. Biz Nadir şah haqqında nə bilirdik? Mən belə fikirləşirəm ki, bizim gənclərimiz bu şəxsiyyət barədə heç nə bilmirlər.
– Tarixi mövzu Ramiz Nozruz yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Hansı tarixi obrazı, qəhrəmanı tamaşada, kinoda canlandırmaq arzunuz var?
– Belə tarixi şəxsiyyətlərimiz çoxdur. Azərbaycan ədəbiyyatında çox böyük rollar var ki, arzulayırsan, istəyirsən. Mən bəzi təcrübəli aktyorların müsahibələrini oxumuşam. Deyirlər ki, istədikləri bütün rolları oynayıblar. Əgər aktyor deyirsə ki, arzuladığı bütün rolları oynayıb, deməli, artıq tükənib. Həzi Aslanovu oynamışam, mən bilirəm ki, film onun həyatının heç 20 faizini, başına gələnlərin 10 faizini də əhatə etmir. Ancaq sovet dövrünün ideyalarına cavab verən qəhrəman portreti yaradılıb. Onun o qədər ağrıları, acıları, faciələri, dərdləri olub, başına o qədər işlər gəlib ki. Hətta bizim film də iki seriyalıq çıxmışdı, lakin onun bəzi yerləri kəsildi. Düzgün yazılmış tarix, düzgün yaradılmış obraz çox maraqlıdır. Tutaq ki, İbrahim xan faciəsi, yaxşı cəhətləri ilə verilsin, amma səhvləri də qeyd olunsun. Mənim arzuladığım, istədiyim obraz dolğun insan obrazıdır. Tarixi, böyük şəxsiyyətlərimiz çoxdur. Amma səhvi, üstün cəhətləri, ağlı, zəkası ilə əks olunsun, yəni kamil yazılmış bir əsər olsun. Bu əsəri yalnız mən oynayım, zalda alqışlansın deyə yox, qoy xarici rejissor, xarici aktyor da baxanda bu əsəri qoymağı, bu əsərdə oynamağı arzulasın. Mənim üçün Mirzə Cəlilin obrazları çox maraqlıdır. Məmmədhəsən əmi kimi personaj mənə görə, dünya ədəbiyyatında çox azdır.
– Küçədə çıxıb sual versək ki, siz müharibə qəhrəmanlarından kimi tanıyırsınız, insanların ağlına ilk olaraq Həzi Aslanov və Mehdi Hüseynzadə gələcək. Çünkü filminə baxıblar. Amerika müharibə filmlərində daha çox super qəhrəmanlar qabardılır. Sizcə, biz filmlərimizdə insan faciəsini göstərməliyik, yoxsa qəhrəmanlarımızı təbliğ etməliyik?
– Müharibə təbii birmənalı faciədir, istənilən ölkə, xalq, millət üçün. Minlərlə qəhrəmanlar barədə filmlər çəkilib, on minlərlə qəhrəman əsgər personajları yaradılıb. Bizdə də, Rusiyada da, Amerikada da çox gözəl filmlər çəkilib. Amma müharibə haqqında yaddaqalan film dedikdə, beş nəfərdən ikisi “Əsgər ata”sını xatırlayacaq. Çünkü birmənalı olaraq insan faciəsi haqqındadır. Müharibə haqqında bizdə çəkilən filmlərdən ən çox “Şərikli çörək” filmini sevirəm. Bu film insanlar haqqındadır. “Bizim Cəbiş müəllim” filmi də yaxşıdır, amma “Şərikli çörək” filmi tamamilə başqa bir ab-havadır. Mənə belə gəlir ki, müharibə haqqında filmlərdə insan faciəsini göstərmək lazımdır.
– “Xanuma” tamaşasındakı knyazla, “Cavad xan” filmindəki Sisianovu müqayisə etdikdə görünür ki, siz müxtəlif səpkidə obrazlar yaratmısınız. Bəs sizin özünüzü rahat hiss etdiyiniz amplua hansıdır?
– Çox məşhur bir söz var: “Darıxdırıcı janrdan başqa bütün janrlar yaxşıdır”. Nə edirsən et, maraqlı ol, inandır, inandırıcı ol. Mən “ştamp”dan qaçmağı xoşlayan adamam. Son illərdə dalbadal üç seriala çəkildim – biznesmen, polis rəisi, prokuror rollarında. Artıq gördüm ki, insanları bezdirə bilərəm, başqa bir komediya janrında seriala çəkilməyə qərar verdim. “Xanuma”da oynamağı özüm istədim. Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etdim, rejissor kimi tamaşaya qoydum. Orada da komik rol ifa etdim. Aktyorun ən böyük qazancı zal üzərində öz hakimiyyətini hiss etməsidir. Mənim üçün uğur odur ki, faciə janrında oynadığım tamaşada da, komediyada da tamaşaçı ifamı yaxşı qəbul edir. Açığını deyim ki, ampluadan qorxmuram. Oynadığım böyük rollarda elə bir rolum olmayıb ki, dublyorsuz olsun. “Vaqif” tamaşasında Ağa Məhəmməd şah Qacar rolunda Məlik Dadaşovla, Azərpaşa Nemətin tamaşaya qoyduğu Elçinin “Mənim sevimli dəlim” tragikomediyasında Siyavuş Aslanla, “Nadir şah” tamaşasında Məmməd Səfa ilə, “Xanuma” tamaşasında Cəfər Namiq Kamal ilə dublyor idim. İstər komediya, istər tragikomediyada bütün böyük rollarım dublyorla olub, heç zaman da bundan qorxmamışam.
– Seriallar aktyorlar üçün sadəcə qazanc mənbəyi olmaqdan qurtula bilib, yoxsa elə o funksiyanı yerinə yetirir?
– Əslində deyim ki, serillar aktyorlar üçün böyük qazanc mənbəyi də deyil heç. Bəli, bir az nəfəs genişliyidir, doğrudan da aktyorların əlindən tutur. Amma Türkiyədə də belə oldu, əvvəl-əvvəl çox zay, heç kimə lazım olmayan seriallar çəkildi, sonradan isə yavaş-yavaş ciddiləşdi, hətta Latın Amerikası ölkələri seriallarını televiziyadan sıxışdırıb, çıxardılar. “Möhtəşəm yüz il” səviyyəsinə kimi gəldilər. Ümidvaram ki, bizdə də belə olacaq. Artıq işıq ucu görünür, istedadlı aktyor və aktrisalar üzə çıxır. Bu il artıq mənim üçün yavaş-yavaş ciddiləşmə dövrünə keçib, çünkü çox böyük məmnuniyyətlə bizim gənclərin oynadığı “İmtahan” filminə baxa bilirəm. Çəkilən seriallarımızda demək olar ki operator işi inkişaf Birdən-birə dünyanın heç bir yerində şedevr yaranmır. Hər il əgər bir, iki babat serialımız olsa, beş-altı aktyor formalaşsa, yaxşıdır. Seriallar nəfəs dərməyə imkan verdi. Aktyor üçün serial həm də qazanc yeridir, amma aktyor da vicdanlı olmalıdır, çalışmalıdır sadəcə qazanc kimi baxmasın, həm də yaradıcılığını, imkanlarını inkişaf etdirsin, öz peşəsinə hörmət etsin.
– Ramiz müəllim, dərs deyirsiniz?
– Üç ilə yaxın dərs dedim. 1996-1997-ci illərdə, bir az çətin dövr idi. Universitetə ümumiyyətlə, gələnlər az idi. Məsələn, Türkiyədə aktyor sənətinə qəbul üçün iki yüz yer ayrılıbsa, dəfələrlə çox adam sənəd verir və şeçim imkanı genişdir. Amma bizdə valideynlər övladlarının bu sənəti seçməsini istəmirlər, çünkü Azərbaycan balaca ölkədir, aktyorların vəziyyətini görürlər. Bizdə on beş nəfər qəbula on iki nəfər sənəd verir. Bir neçə ildir, serialların başlamasının da köməyi oldu, artıq gənclər həvəsli gəlirlər. Mən indi seriallarda gördüyüm cavanları universitetdə dərs deyəndə görmürdüm. Bir il səhnə danışığı, iki il aktyor sənətindən dərs dedim. Artıq bezirdim, məlahətli, boylu-buxunlu uşaq yox idi, həvəs də yox idi bəzilərində, aylarla dərsə gəlmirdilər. Ona görə gördüm ki, bu iş mənlik deyil. Sonralar dəvət etdilər, amma seriallar, çəkilişlər olduğuna görə dərs deməyi qəbul etmədim. Adil İsgəndərov deyirdi ki, ustad hər gün dərsində olmalı, uşağın günlük qayğısı ilə onu formalaşdırmalıdır ki, azərbaycanlı kimi düşünən adam yetişdirəsən. Aktyorluq isə istedaddır, yoxdursa, ona artıq istedad vermək olmaz.
– Əvvəllər Azərbaycan Akademik Milli Dram Teatrının ən epizodik rollarının ifaçısının da adını hamı əzbər bilirdi. Amma indi belə deyil. Sanki 50-60 yaşlı aktyorlarla arxadan gələnlər arasında bir boşluq nəzərə çarpır.
– İstedadlı uşaqlar var. Amma teatrın adındakı akademik sözünün birinci funksiyası ondan ibarətdir ki, öz yaradıcılığı ilə başqa teatrlara nümunə olmalı, yol göstərməlidir. Bütün teatrlara baxmalı, gənc aktyorlar, rejissorlardan xəbər tutmalı, hətta rüşeym halında olan maraqlı eksperimentləri görüb, gətirib özündə formalaşdırıb, peşəkar səviyyədə təqdim etməyi bacarmalıdır. Bizdə bu ənənə itib. Əvvəllər belə idi ki, teatrın baş rejissorları İncəsənət Universitetinə gedib, bütün kurs tamaşalarına baxırdı, onların içərisindən Şəfiqə Məmmədova, Amaliya Pənahova kimi gələcəyin aktrisalarını seçib gətirirdi. Bir ara teatrda belə bir zəncirvari proses var idi – Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Barat Şəkinskaya, Hökumə Qurbanova, sonra gəlirdi Səməndər Rzayev, Hamlet Xanızadə, Həsən Turabov, daha sonra isə Firəngiz Mütəllimova, Ramiz Novruz, Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Səidə Quliyeva və s. Təəssüf ki, 1988-ci il hadisələrindən sonra, Ağasadıq Gəraybəylinin, daha sonra Həsən Turabovun, Hamlet Xanızadə, Səməndər Rzayev kimi aktyorların vəfatından sonra bir boşluq yarandı. Yalnız indi-indi formalaşır. Bizdə bir dövr vardı – Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, Mehriban Ələkbərzadə, Azərpaşa Nemət, Bəhram Osmanov tamaşa hazırlayıb, qoyurdu. Teatr belə olmalı deyil. Beş estetika, beş ayrı düşüncəli adam teatrı apara bilməz. Teatrı bir adam aparmalıdır. Ona görə də deyirdilər: Mark Zaxarovun teatrı, Tovstonoqov teatrı, Tofiq Kazımov teatrı, Mehdi Məmmədov teatrı. Bir xətt olmalıdır və həmin xəttə uyğun olan rejissorlar da gəlib yavaş-yavaş buna qoşulmalıdır. Onda küll halında repertuar da yaxşı olur. Yoxsa bu gün biri gözəl bir əsər qoyacaq, insanlar gəlib bəyənəcək, sabah isə başqa bir rejissorun zay bir əsərini gördükdə, elə həmin insanlarda teatr haqqında mənfi fikir yaranacaq. Elə olmalı deyil. Bu mənada sistemdə bir az qırıqlıq əmələ gəldi və təbii o dövrdə gəlməli olan aktyor nəsli də birdən-birə dayandı, bu gün bəzən səhnədə gördüyümüz qeyri-peşəkar danışıqlı, diksiyası, plastikası, rəqsi olmayan aktyorlar da hansısa yollarla teatra düzəldi. Onlar həmin dövrün məhsuludur. Mən hətta bu yaxınlarda analiz etdim, teatrda aktyorların 30-40 faizi mədəni-maarif fakültəsini bitirib, aktyor məktəbi, ustad görməyib, hansısa yolla gəlib teatra düzəlib. Düzdür, içlərində istedadlı, bacarıqlı, formalaşmış, sözünü demiş aktyorlar da Amma ölkənin bir nömrəli teatrı belə olmalı deyil.
– Sonda gəlin, planlarınızdan danışaq. Teatrda və kino ilə bağlı hansı planlarınız var?
– Kinoda “Cavid ömrü”, “Cavad xan” filmlərində çəkilmişəm. Ən axırıncı çəkildiyim film “Şər qarışanda” idi. Film çox uğurlu olmadı, amma rolum mənim üçün çox maraqlı, gözlənilməz rol idi, manyak müəllimi oynayırdım. Ondan əvvəl Rusiyada 4 seriyalı “Sui-qəsd” filmində çeçen komandirini oynadım, böyük rol idi. Hələlik konkret gözlədiyim, çağrılacağımı bildiyim elə bir film yoxdur. Teatrda təbii ki, planlar var. Krımovun “Odnoklassnik” əsəri tərcümə edilib, tamaşaya qoyulacaq. O əsərdə xoşuma gələn bir rol var. Əlif Cahangirli və Anar adlı rejissorlar tamaşaya qoyacaq, Azərpaşa Nemətin tələbələridir, bədii rəhbər yəqin ki, elə özü olacaq. Repertuarda əsərlər var, amma mənim olacağım və xoşladığım bu əsərdir. Seriala gəldikdə isə mənim “Xəzər” kanalı ilə iki illik müqaviləm var, həmin kanalda çəkilirəm, müqaviləmdə başqa kanalın serialında çəkilməyə icazəm yoxdur.
Gündüz Nəsibov, Təmkin Məmmədli, 1905.az