Naşir Rasim Müzəffərli portalımızın suallarını cavablandırır.
– Rasim müəllim, çox istərdik ki, müsahibənin gedişində Siz özünüz də bizi istiqamətləndirəsiniz, çünki elə məqamlar ola bilər ki, biz onu o qədər də yaxşı anlaya bilməyək. “Quran nəşrləri” nəşriyyatının yaradılması ideyası necə meydana çıxdı?
– Çox maraqlı məsələdən başladınız. Çünki bunun doğrudan da qəribə tarixçəsi var. Müxtəlif sahələrlə məşğul olub, hərlənib-fırlanıb atamın məşğul olduğu işə qayıtmağım həm də mistik bir təzahürdür. Atam iqtisadçı-jurnalist olub, nəşriyyatda, “Azərbaycan kommunisti” jurnalında çalışıb. Mən isə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişəm, elmlər namizədi və Azərbaycanda ictimai elmlər üzrə o vaxt ən gənc dosent olmuşam – 27 yaşımda. “Elmi kommunizm” fənnindən dərs deyirdim, hərçənd 1980-ci illərin sonlarında auditoriyaya girəndə “Antikommunizm dərsimizə davam edirik”, deyirdim. Məqsədim o vaxt tələbələrə düşünməyi öyrətmək olub. Sovet hökuməti dağıldıqdan sonra bizneslə məşğul oldum, bank sahibi oldum. 2002-ci ildə avtomobil qəzası keçirdim. Bütün bunları danışmaqda məqsədim var. Sümüklərim sınmışdı və məni demək olar ki, təzədən “yığdılar”. Mənə bir inyeksiya etdilər, pis təsir etdi və klinik ölüm keçirdim.
– El arasında “şoka düşdü” deyirlər.
– Bəli. Ola bilər ki, müxtəlif insanlar, xüsusən də ilahiyyatçılar üçün maraqlı ola biləcək bu hadisə haqqında gələcəkdə kitab yazım. Çünki belə bir təcrübəni bölüşməkdə fayda var. Şokun məğzi o idi ki, mənim ürəyim dayandı, ruhum bədənimdən ayrıldı. Klinik ölüm keçirənlərin danışdıqları əhvalatlar mənim də başıma gəldi. Mən özümə gələndə birinci sözüm belə oldu: “Mənə Qurani Kərim verin”. Bu intuitiv bir istək idi. Başıma gələnləri təhlil etməyə vaxtım olmamışdı. Əsas gəldiyim qənaət ondan ibarət idi ki, bu işlərin davamı olacaq… Gənc yaşlarımda mən istər öz kitabımın, istərsə başqalarının kitablarının nəşrində iştirak etmişdim. Amma buna naşirlik fəaliyyəti demək olmazdı. Yollar məni 2010-cu ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə gətirib çıxardı. İndi çoxları “Şərq-Qərb” Nəşriyyat Evi deyirlər. Amma o vaxt hələ bu adda qurum yox idi. “Şərq-Qərb” Nəşriyyat Evini mən qurdum – ASC-nin nəzdində. Əvvəl “Şərq-Qərb” ASC əsasən mətbəədən ibarət idi. Nəşr fəaliyyətinə başlamaqla, tədricən “Şərq-Qərb” adı brendləşdi. Elə bil ki, 2010-cu ildə tale məni atamın keçdiyi yola qaytardı. Hələ nəşriyyatda işə başlamamışdan öncə, başıma gələnləri yazıb çap etdirmək istəyirdim. Nəşriyyatda işləyəndə isə bu fikir möhkəm beynimə girdi. Amma ilk növbədə mövcud “Qurani Kərim” nəşrləri ilə naşirlik baxımından daha diqqətlə tanış olmalı idim. Mən “Qurani Kərim” oxuyanda məzmunla yanaşı, nəşr zamanı yol verilən səhvlərə diqqət yetirirdim. Bunlar əsasən korrektə, texniki redaktə səhvləri və üslub xətaları idi. Yazı-pozuya pedant yanaşma mənim xarakterimdə var.
– Yəni həm də perfeksionizm.
– Elədir. Amma naşirlikdə pedantlıq, vasvasılıq işin mütləq şərtidir və adama çox kömək edir. Siz də nəşriyyat fəaliyyəti ilə məşğulsunuz və bunları bilirsiniz. Məsələn, mən səhifəyə baxan kimi “probel” (ara məsafəsi) buraxıldığını və ya artıq olduğunu həmən görürəm. Bəlkə də sözlər fotoqrafik olaraq yaddaşımda qaldığından, orfoqrafik səhv diqqətimi çəkir. Ona görə də “Qurani Kərim”in müxtəlif tərcümə versiyalarında bunları görürdüm. Və düşünürdüm ki, nəşriyyat xətaları olmadan, keyfiyyətlə redaktə-korrektə olunmuş tərcümə ilə “Qurani Kərim” nəşr etmək necə də yaxşı olardı. Bax belə mücərrəd fikirlər beynimdən keçirdi. 2010-cu ildə nəşriyyatda işləməyə başlayandan bu fikirlər daha da konkretləşdi. Halbuki mən “Şərq-Qərb”ə tamamilə başqa funksiya ilə gəlmişdim. Bəzi yoldaşlar məni onlara təklif etmişdilər ki, maliyyəçidir, amma indi kreditlə məşğul olmaq istəmir, təklif etmişdilər ki, onların işinə yararlı ola bilərəm. Mən də “Şərq-Qərb”in başbilənləri ilə görüşəndən sonra, müəssisədə audit keçirdim, təkliflərimi də yazdım ki, hansı işlər görülsə, mənfəət artar və ya qənaət etmək mümkündür. Həmçinin, təklif etdim ki, ASC-də mövcud olan 3-4 nəfərlik nəşriyyat bölməsinin fəaliyyətini də gücləndirmək lazımdır. Təklif bəyənildi və bu iş mənim özümə tapşırıldı.
– Necə deyərlər, təşəbbüs sahibi onu icra etməklə cəzalandırılır.
– Dedim ki, edərəm, həm də yaxşı edərəm. 2010-cu ilin yanvarında “Şərq-Qərb” ASC-də müşavir kimi işə başlamışdım, sentyabr ayında isə əvvəlcə nəşriyyat bölməsinin rəhbəri təyin olundum, dekabrda bu bölmə Nəşriyyat departamentinə, 2011-ci ilin əvvəllərində isə “Şərq-Qərb” Nəşriyyat Evinə – ASC-nin strukturunda ayrıca bir quruma çevrildi. İlk növbədə bazis məsələlərini həll etdik, nəşr prosesini sistemləşdirdik və beləliklə, 3-4 nəfərlik bölmənin “Şərq-Qərb”də çalışdığım son dövrlərdə artıq 42 işçisi vardı. 5 il ərzində naşiri olduğum çap məhsullarının ümumi tirajı 5 milyon nüsxədən çoxdur. Nəşr etdiyimiz plakat, dəftər, broşür və s. istisna edilməklə, 1000-dən çox kitabın naşiri oldum. Elə bir səviyyəyə çıxmışdıq ki, ildə 300 kitab nəşr edirdik. Hazırda elmi işimlə əlaqədar akademik məzuniyyətə çıxmışam.
– Az qala günə 1 kitab düşür.
– Hətta istirahət və bayram günlərini çıxsaq, 1 kitabdan çox olur. Bütün bunlar işə düzgün yanaşma, nəşr işini düzgün qurma, təşəbbüslərə ASC-nin keçmiş sədri Abdulla Bədirxan tərəfindən verilən dəstək və qazandığım təcrübə sayəsində mümkün olub. Nəşriyyat Evinin tematik planında “Qurani Kərim”in nəşri yox idi. Lakin mən müvafiq insanlarla görüşüb danışırdım, nəşr konsepti üzərində düşünürdüm, “Qurani Kərim”in müxtəlif nəşrləri ilə tanış olurdum. İnternetdən də materiallara baxırdım. Mən hələ tələbə ikən Kraçkovskinin tərcüməsini oxumuşdum və düz-əməlli başa düşə bilməmişdim. 18-20 yaşlı bir gəncin Kraçkovskinin tərcüməsini oxuyub, başa düşməsi qəliz məsələdir. Məncə, insan fəlsəfə fakültəsinə mənim kimi 17 yaşında yox, bir az yetkinləşdikdən sonra daxil olmalıdır. Düşdüyüm avtomobil qəzasından sonra mənə verilən “Qurani Kərim” isə Poroxovanın tərcüməsində idi.
– Valeriya Poroxovanın tərcüməsi “Qurani Kərim”in rus dilində ən yaxşı tərcüməsidir, deyəsən.
– Kraçkovskinin tərcüməsi çox elmidir və orijinala daha yaxındır. Poroxovanın tərcüməsini isə ərəbcə mətnlə tutuşduranda, məsələn, bəzi sözlərin olmadığını görürsən. Ola bilsin ki, qafiyə, ahəngdarlıq naminə tərcüməçi həmin sözü başqa sözlə əvəz edib.
– Amma Poroxovanın tərcüməsində “Qurani Kərim”in ruhu var.
– Bəli. Orada şeiriyyat daha çox olduğundan, məncə, emosional olaraq daha təsirlidir, nəinki Kraçkovskinin, yaxud hətta Elmir Quliyevin tərcüməsi. Əlbəttə, bu mənim subyektiv fikrimdir, amma deyim ki, rus dilinə tərcümələr arasında Elmir Quliyevin tərcüməsi mənim daha çox xoşuma gəlir. Çünki, məncə, Elmir Quliyevin tərcüməsində həm Poroxovanın tərcüməsində olan emosionallıq, həm də Kraçkovskinin tərcüməsində olan elmilik var. Azərbaycan dilindəki tərcümələrə gəldikdə, biz “Quran nəşrləri” layihələri çərçivəsində Ziya Bünyadovun (akademik Vasim Məmmədəliyevin redaktəsi ilə), Əlixan Musayevin, Məmmədhəsən Qəmbərlinin (rəhmətlik Tarıyel Həsənovla birlikdə) və Nəriman Qasımzadənin tərcümələrinin hər birini yenidən nəşr etmək istəyirik. Nəriman Qasımzadənin hələ nəşr edilməmiş bədii cəhətdən çox təsirli yeni tərcüməsi də var. Nəriman Qasımzadənin köhnə tərcüməsində də bir şairanəlik, şeiriyyat vardı. Siz yəqin ki, bu tərcümələrlə tanışsınız?
– Əlbəttə.
– Ona görə də Poroxovanın tərcüməsi ilə tanış olandan sonra fikirləşdim ki, kaş “Qurani Kərim”in Azərbaycan dilində də şeiriyyətlə bir tərcüməsi olaydı. Amma Poroxovanın tərcüməsindən fərqli olaraq, orijinala daha yaxın bir tərcümə. Düşünürəm ki, Nəriman Qasımzadənin 2006-2007-ci illərdə işlədiyi və hələ nəşr edilməmiş tərcüməsi ilə daha yaxından tanış olmalıyam.
– Nəriman Qasımzadənin etdiyi ilk tərcümə mətni 1990-cı illərin əvvəllərində “Xəzər” jurnalında hissə-hissə çap olunurdu.
– Bütün tərcümələrə, o cümlədən Nəriman Qasımzadənin tərcüməsinə də yalnız naşir kimi və çox ehtiyatla yanaşmağa çalışıram. Bütün hallarda tərcümə mətninə naşir çox müdaxilə etməməlidir. Hər işin öz mütəxəssisi var… 2011-ci ildə mən birinci dəfə “Quran nəşrləri” ideyamı dilə gətirdim və bu haqda mərhum akademik Bəkir Nəbiyevlə danışdım. 2002-ci ildən beynimdə dolaşan bu ideya haqqında bundan əvvəl heç vaxt heç kəslə danışmamışdım. Özümü onu gerçəkləşdirməyə hazır və layiq bilmirdim. 2011-ci ilin sonlarında – 2012-ci ilin əvvəllərində Bəkir müəllimin “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabının naşiri kimi onunla tez-tez görüşürdük. Yeri gəlmişkən, bu kitabda Bəkir müəllim sənədlərlə Üzeyir bəyin özü haqqında Hacıbəyov yox, Hacıbəyli soyadı işlətməsini sübut etmişdi. Arxivdə işləyəndə yeni faktlar tapmışdı və bunları çap etdirmək istəyirdi. O kitabın nəşri mənim üzərimə düşmüşdü. Nəvəsinin faciəli ölümündən sonra bir neçə infarkt keçirməsinə baxmayaraq, xəstə-xəstə gəlirdi o vaxt rəhbərlik etdiyim Nəşriyyat Evinə. Çox tələsirdi, hazır kitabı görə bilməyəcəyindən qorxurdu. Bəkir Nəbiyev heç vaxt büruzə verməsə də, çox dindar adam idi. Ərəb, fars dillərini mükəmməl bilirdi və ibadət edirdi. Atasını 1930-cu illərdə dindarlığına görə güllələyib, ailəsini isə Qəbələdən Ağdaşa sürgün etmişdilər. Bəkir müəllim mənim qardaşımın qayınatası idi. Odur ki, ailəvi tədbirlərdə çəkdiyi misallardan, danışdığı əhvalatlardan, dini kəlmələrdən istifadə etməsindən imanlı olması başa düşülürdü. Elə mənim babam da Sovet quruluşundan ehtiyat edərək, ibadət etdiyini nəvələrindən gizlədirdi. Yalnız 1973-cü ildə o, rəhmətə gedəndən sonra bildim ki, babam gündə 5 dəfə namaz qılırmış… Bəkir müəllimə fikrimi deyəndə, niyyətimi çox bəyəndi.
– Yəni “Quran nəşrləri” nəşriyyatı yaratmaq niyyətinizi?
– Yox, o vaxt yalnız belə bir istəyim vardı ki, tərcümələrdən birini götürüb, öz fikirlərimdən istifadə edərək, “Qurani Kərim” nəşr edim. Çünki “Şərq-Qərb” “Qurani Kərim”ləri yalnız çap edirdi. Elektron fayllar hazır vəziyyətdə gətirilirdi və heç bir müdaxilə olmadan yalnız çap edilirdi. Əlbəttə, haradasa, kimlərsə onu redaktə və korrektə edirdilər, amma bu məni qane etmirdi. Elə texniki redaktəsi və dizaynı da. Baxırdım ki, istər Quranda, istər məsələn, Ömər Xəyyamın rübailərində, istərsə də məsələn, Şərq təbabətinə dair kitablarda eyni naxışlardan istifadə olunur. Biz bu ənənəni dəyişmək istəyirik. “Qurani Kərim”in dizaynına yeni yanaşmamızın formalaşmasına bir alman dostumuzun da təsiri olub. Belə ki, 2012-ci ildə Nəsiminin Alman dilinə tərcümə edilmiş şeirlərindən ibarət iki kitabını nəşr edirdik. “Şərq-Qərb” ASC-nin o vaxt sədri olan Abdulla Bədirxanın köməyi ilə Avropada tanınmış türkoloq, Azərbaycan, türk, ərəb, fars dilləri daxil olmaqla, 10-dan çox dil bilən, nəsimişünas-alim, Nəsimi şeirlərinin Alman dilinə mahir tərcüməçisi Mihael Hess ilə tanış oldum. Çox səmərəli əməkdaşlığımız başladı. Onun sətri tərcümə etdiyi şeirləri populyar Alman şairi Morritzen nəzmə çəkdi. Hesab edirəm ki, Nəsiminin almanca nəşri bizim ölkəmiz naminə gördüyümüz ən faydalı işlərdən biridir. Həmin kitablara Nəsiminin Alman dilinə ilk dəfə tərcümə olunmuş 120-dən çox şeiri daxil edilmişdi. Nəsimi əsərlərinin demək olar ki, hamısında Allahı vəsf edib.
– Tamamilə doğrudur.
– Həm də bunu mənə detallı şəkildə professor Mihael Hess izah etdi. Heydər Əliyev Fondunun yardımı ilə nəşr edilən bu kitabların illüstrasiyalarında Azərbaycan miniatürlərinə müraciət etmək, söyüd yarpaqlarının fonunda saçı üzünə tökülmüş qız siluetindən, başı dumanlı dağ şəkillərindən, budağa qonmuş bülbül, ləpələnən çay kimi ənənəvi illüstrasiyalardan istifadə etmək olardı. Lakin həmin nəsimişünas, türkoloq, Azərbaycan dilini də kifayət qədər yaxşı bilən Mihael Hess Heydər Əliyev Fondunun yardımıyla Bakıya gəldi və bizim ənənəvi dizaynla, illüstrasiyalarla tanış olduqdan sonra dostcasına, çox səmimiyyətlə mənə dedi: “Rasim, bunu yəqin sizə heç kim demir, amma bu tip naxışlara və illüstrasiyalara Avropada geridəqalmışlıq kimi baxılır. Ola bilsin ki, sizdə bu saçları söyüd budaqları kimi üzünə tökülmüş qız rəsmi poeziyanın işarəsidir, amma Avropada bu zövqsüzlüyə işarədir. Sizin üçün budağa qonmuş bülbül təbiətin rəmzidir, Avropada isə onu orta əsrlərdə qalmış Şərqin rəmzi hesab edirlər”. Klassik alman yazıçılarının kitablarının üz qabıqlarını İnternetdən mənə göstərdi. Beləcə Nəsiminin kitablarını modern dizaynda işləmək qərarına gəldik. İndi “Qurani Kərim”in nəşri ilə də bağlı vəziyyət eynidir, cildlərin rəngi dəyişsə də, dizayn əsasən dəyişmir. Hamısı təxminən eynidir. Quranın məntiqinə yaraşmayan, bəzək-düzək olmaqdan başqa heç bir məna daşımayan eyni naxışlar, eyni gül-çiçək, mənasız-məntiqsiz dizayn.
– Yeri gəlmişkən, onların bir çoxu elə “Şərq-Qərb”də çap olunub.
– Bəli, amma yalnız çap olunub, nəşr edilməyib, sadəcə, mətbəəyə təqdim olunmuş hazır fayllardan çap olunub. İçində də tez-tez bayaq dediyim yanlışlıq və xətaları görə bilərsiniz. Həm də yalnız orfoqrafik səhvlər yox, bir sıra hallarda həm də kobud nəşriyyat səhvləri var. Titul səhifəsi düzgün tərtib edilməyib, proporsiyalar gözlənilməyib. Mən bunun dərsini keçməmişəm, amma bunlar müvafiq kitablarda yazılıb. Mən indiyəcən belə kitabları əldə edib öyrənirəm. Təəssüf ki, belə kitablar yalnız xarici dillərdə olur. Yeri gəlmişkən, bu yaxınlarda ali məktəblər üçün kitab tərtibatı ilə bağlı Azərbaycan dilində bir dərsliyə rast gəldim. Yalnız üz qabığında azı 5 səhv var idi. Mən sırf orfoqrafik və texniki səhvləri nəzərdə tuturam, hələ tərtibatdakı zövqsüzlüyü və müəllif hüquqlarının pozulmasını demirəm. Təbii ki, bundan sonra həmin kitabı oxumağa, ondan nəsə öyrənməyə dəyməz. Beləliklə, bayaqkı söhbətə qayıdıram. Doktor Hess ilə məsləhətləşdikdən sonra düşündüm ki, axı “Qurani Kərim”də də eyni tipli tərtibat və mənasız naxışlar var.
– Bəs Siz həmin naxışları nə ilə əvəzləməyi təklif edirsiniz?
– Biz ilk növbədə tərtibata, dizayna məntiqlə yanaşmağı təklif edirik, xüsusən də, söhbət “Qurani Kərim” kimi Kitab nəşr edəndə. Biz üz qabığında Kufi xətti ilə sözləri ard-arda düzməklə naxışlar düzəltdik. Bildiyiniz kimi, “Qurani Kərim”də sözlərin və rəqəmlərin möcüzəsi var. Əvvəlki peyğəmbərlər fiziki möcüzələr göstərmişlər, amma Məhəmməd peyğəmbərin (s.ə.s) möcüzəsi sözdür. “Qurani Kərim”i dəxilsiz naxışlarla bəzəməyə nə ehtiyac var?! Quranın naxışı sözdür. Və biz sözlərdən naxışlar düzəltdik.
– Sizə elə gəlmir ki, Quran naxışlarının bir rəmzi mənası var? Ərəbcə bu naxışlar təzhib (qızıllamaq, bəzəmək) adlanır və “Qurani Kərim” tərtibatçısının Yaradana olan sevgi və hörmətini göstərir. Həm də sanki oxucunu söz gülüstanına çağırır, cənnətə dəvət edir.
– Siz cənnətin necə olduğunu haradan bilirsiniz? Mən hesab edirəm ki, cənnət elə deyil. Təbii ki, cənnəti mən də görməmişəm. Amma mənim fərz etdiyim odur ki, oradakı dəyərlər, meyarlar buradakı kimi deyil. Orada danışmaq yoxdur, duyub anlamaq var. Əlbəttə, mən də qəti heç nə deyə bilmərəm. Sizin dediyiniz də ola bilər, mənim dediyim də. Doğrusunu Allah bilir. Əsas məsələ Allahın bizə verdiyi “Qurani Kərim”ə Allahin bizə verdiyi məntiqlə yanaşmaqdır. Quran sözün möcüzəsidir. Ona görə də hesab edirəm ki, sözlə onu bəzəmək daha məntiqlidir, nəinki orta əsrlər rəssamının çəkdiyi naxışlarla bəzəmək. Mən elə indiki həyəcanla bu barədə mərhum akademik Bəkir Nəbiyevlə hələ 2011-ci ilin sonlarında danışırdım.
– Siz ancaq “Qurani Kərim”in tərcümələrini nəşr etmək istəyirsiniz, yoxsa ərəb dilində də Quranı nəşr edəcəksiniz?
– İlk nəşrimizdə hər səhifədə həm ərəb dilində mətn, həm də tərcümə mətni olacaq. Bu, yenilik deyil, belə nəşrlər çox olub. Gələcəkdə ayrıca ərəbcə və ayrıca Azərbaycanca nəşrlər etməyi də nəzərdə tuturuq. Təbii ki, bu da yenilik deyil. Amma nəşrimizdə İndeks bölməsinin olması etdiyimiz mühüm yeniliklərdən biridir. İndeks – tərcümə mətnində olan mövzular üzrə təsnifatdan ibarətdir və Azərbaycan dilində belə İndeks ilk dəfə nəşr olunacaq. “Qurani Kərim”də adları çəkilən ölkələr, şəhərlər, şəxslər, tayfalar, mələklər, bütlər, ibadətgahlar, dağlar, adları çəkilən bitkilər, meyvələr, tərəvəzlər, heyvanlar, quşlar, həşəratlar və sairə İndeksdə əks olunacaq. İndeks vasitəsilə oxucu istədiyi mövzunu tapa biləcək. Məsələn, kim bilmək istəsə ki, “Qurani Kərim”də boşanma, içki və ya vəsiyyət haqda nə yazılıb, müvafiq mövzunu seçib baxacaq və görəcək ki, bu haqda hansı surələrin hansı ayələrində yazılıb. “Qurani Kərim”in Azərbaycan dilində nəşrlərində belə İndeks heç vaxt olmayıb. Türk dilində olan nəşrlərdə İndeks var və onu bazis kimi götürmək istədim. Sonra gördüm ki, bizimki ilə üst-üstə düşməyən məqamlar var. Türkiyə nəşrləri üzərində böyük institutlar işləsə də onlarda da təəssüf ki, müəyyən texniki səhvlər var. Məsələn, bəzi hallarda ayələrin nömrələri səhv yazılıb. Biz isə çox ciddi şəkildə bunları yoxlayırıq. Əlbəttə, heç kəs səhvlərdən tam sığortalanmayıb. Mükəmməlliyə gedən yol sonsuzdur.
– Azərbaycan dini camesi – Qafqaz Müsəlmanları İdarəsi, teoloqlar, BDU-nun ilahiyyat fakültəsi ilə öz işinizdə təmas qurmusunuzmu?
– Təbii ki, müəyyən mütəxəssislərlə, alimlərlə, tərcüməçilərlə təmaslarımız olub və olacaq. Yerli və xarici məsləhətçilərimiz var. Geniş tərkibdə Redaksiya heyətimiz və işçi qrupumuz var. Rəsmi müraciətlər isə hələlik edilməyib. İlkin nümunəvi nüsxə yaxın vaxtlarda hazır olduqdan sonra, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də, Qafqaz Müsəlmanları İdarəsinə də, digər qurumlara da müraciət edəcəyik. Hesab edirəm ki, yeni nəşrə nə qədər çox ekspert nəzər yetirsə, işimizin xeyrinə olar. Əsas məqsədlərimizdən biri mütəxəssislərlə köməkləşərək, “Qurani Kərim” nəşrinin standartlarını yaratmaqdır. Bu standartlar müəyyən edilib təsdiq olunandan sonra, istənilən tərcüməni standart şablon çərçivəsində yüksək səviyyədə nəşr etmək mümkün olacaq. Bundan sonra oxucular həm də mövcud tərcümələri daha rahat tutuşdurmaq imkanı qazanacaqlar.
– Dünyada mühüm İslam mərkəzlərindən biri olan Əl-Əzhar Universiteti, İslamı öz Konstitusiyalarının əsası kimi qəbul edən İran, Pakistan kimi dövlətlər var. Axı ərəbcə Quranın nəşr standartları var. Məsələn, səhifə ayə ilə başlayıb, ayə ilə bitməli, hər səhifədə 15 sətir olmalıdır.
– Çox önəmli məqama toxunursunuz. Əvvəla, xüsusi vurğulamaq istəyirəm ki, mən ilahiyyatçı və ya tərcüməçi kimi deyil, yalnız naşir kimi danışıram. Əlbəttə, mənim müvafiq məsləhətçilərim və işçilərim var. Məsələn, onlardan biri kökü İordaniyadan olmaqla, hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində yaşayır və Quranı əzbər bilən hafizdir. Ən yaxın köməkçim və yeni nəşrin redaktorlarından biri məhz adını çəkdiyiniz Əl-Əzhar Universitetinin məzunudur. İnşaAllah, əməyi keçən bütün mütəxəssislərin adlarını nəşr məhsullarımızda görəcəksiniz. Digər tərəfdən, söhbət Quranın ərəbcə deyil, Azərbaycan dilində nəşrinin standartlarından gedir. Amma bununla belə, üzərində işlədiyimiz ərəbcə mətndə də nəşr nöqteyi-nəzərindən xırda texniki yanlışlıqlara yol verildiyi məlum oldu. Üstəlik, xarici məsləhətçilərimiz də təsdiq edirlər ki, bizim hazırladığımız İndeks geniş oxucu auditoriyası üçün olması baxımından, bəzi məqamlarda türkcə və hətta ərəbcə olan təsnifatlardan daha sistemli və daha anlaşıqlıdır. Nəşr standartları ilə əlaqədar daha bir neçə məqama toxunmaq istərdim. Bildiyiniz kimi, ərəbcə səhifələnmə ilə Azərbaycan dilində səhifələnmə həcm etibarilə üst-üstə düşmür. Bundan başqa, hesab edirəm ki, müvafiq qaydada təsdiqlənəcək standartlar təkcə tərcümə mətninin səhifələnməsini deyil, həm də üz qabığını, titul səhifəsini, kitabın mündəricatını, müqəddiməsini, texniki səhifələri, dizayn elementlərini və s. əhatə etməlidir. Onu da deyim ki, İndekslə yanaşı, yeni nəşrin əlavələrindən biri də Qısa izahlı lüğət olacaq və onun da standart nəşr formatına salınması faydalı olardı.
– Yeni nəşrdə daha hansı yeniliklər olacaq?
– “Qurani Kərim” kitabının hazırladığımız yeni nəşrində bəzi poliqrafik yeniliklər də nəzərdə tutulur. Məsələn, kitabda insan zəkasının məhsulu olan hissə (ön söz, İndeks, Qısa izahlı lüğət, texniki səhifələr və s.) 70-80 qramlıq adi ofset kağızda çap olunacaq və ağ-qara olacaq. Allah kəlamları olan ərəbcə mətn və onun tərcüməsi olan hissə isə fərqli kağızda və tam rəngli çap olunacaq. Allah nəsib etsə, gələcəkdə bir sıra başqa yeniliklər də etməyi düşünürük. Məsələn, gələcək nəşrlərdən birində tərcümə mətni ilə yanaşı, ərəbcə mətnin Azərbaycan latın qrafikası ilə tam transkripsiyasını (oxunuş qaydasını) da işləyib, kitaba əlavə etmək ərəb qrafikasını bilməyən oxucular üçün çox faydalı olardı. Sadaladığım bütün bu yeniliklər ərəb naşirlər tərəfindən də rəğbətlə qarşılanır və məni hətta dəvət etdilər ki, Abu-Dabidə ərəbcə yeni nəşr üzərində işləyim. Mən də dedim ki, buradakı işimi yarımçıq qoyub, gedə bilmərəm. İnşaAllah, qurtarandan sonra baxarıq. Maliyyə cəhətdən çətinliklərə baxmayaraq, bu günə kimi yeni nəşr üzərində ancaq öz şəxsi vəsaitimiz hesabına çalışmışıq. Sevindirici haldır ki, layihəyə cəlb etdiyimiz mütəxəssislərin çoxu, məsləhətçilər, ekspertlər, hətta dizaynerlər və başqaları tərəddüd etmədən təmənnasız işləyirlər.
– Söhbətimizin sonunda bir məsələyə də Sizin münasibətinizi bilmək istəyirik. Bu yaxınlarda elan olunub ki, məşhur Britanika Ensiklopediyası artıq kağız formatda çap edilməyəcək, yalnız rəqəmsal formatda olacaq. Bütün dünyada ənənəvi çap mətbuatının tənəzzülündən danışılır. Sizsə yalnız kağız format haqda danışırsınız.
– Elektron formatda “Qurani Kərim” nəşri ayrıca geniş bir söhbətin mövzusudur. Sizə bir misal çəkim. Bizim evə pianino ilk dəfə 1963-cü ildə alınıb, mənim 5 yaşım olanda. Mən həmişə zarafatla deyirəm ki, dünyada iki nəfər 5 yaşında pianino çalmağa başlayıb – Motsart və mən. Bir vaxtlar evlərdə pianino və ya royal geniş yayılmışdı. İndi isə daha ucuz, az yer tutan, yüngül, çoxfunksiyalı elektropianoya üstünlük verilir. Baxın, indi həmin şey kitabla da bağlı baş verir. Elektron kitab və elektropiano. Rahatlıq hər ikisində də var. Təbii ki, bu rahatlıq sayəsində elektron kitab ənənəvi kitabı sıxışdıracaq. Amma fortepiano və royal elit musiqi aləti kimi necə istifadə olunursa, məncə, ənənəvi kitab da hələ xeyli müddət istifadə ediləcək. Daha sonra nə olacağını isə deyə bilmərəm.
– Rasim müəllim, hazırda üzərində işlədiyiniz “Qurani Kərim” nə vaxt nəşr olunacaq?
– Bu gün gələcək planlar haqda çox danışdıq. Belə bir kəlam var, Allahı güldürmək istəyirsinizsə, ona öz planlarınızdan danışın. İnşaAllah, danışdıqlarım mənə nöqsan sayılmasa, niyyətim yeni nəşri bu ilin sentyabr-oktyabr aylarında yekunlaşdırmaqdır.
– Səbirsizliklə gözləyəcəyik.
1905.az
Müsahibə ilk dəfə 28 iyun 2016-cı ildə dərc edilib.