Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
-Bu gün biz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq.
Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik.
Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir.
Biz Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik. Hesab edirəm ki, bu da çox əlamətdar hadisədir. Çünki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləmişdir. Biz isə çalışdıq və buna nail olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir.
Deyə bilərəm ki, 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə – inkişaf edən ölkələr arasında inkişafa görə isə, – bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, – Azərbaycan birinci-ikinci yerləri bölüşür. Bax, budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət.
Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq, əlbəttə, belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha da sevindirir, eyni zamanda, bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərmirik. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik.
Bir sözlə, hesab edirəm ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir. Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir. Bugünkü konfrans sayca 14-cüdür. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq qalaraq bu konfransı keçiririk. Burada mərkəzi, yerli icra orqanlarının rəhbərləri, aparıcı biznes qurumlarının nümayəndələri iştirak edirlər. Konfransın birinci hissəsindən sonra tədbir işinə davam edəcək. Əminəm ki, aparılacaq diskussiyalar və müzakirələr bu il ərzində görüləcək əlavə işlər haqqında fikir formalaşdırmağa imkan verəcək.
Əslində, biz regional inkişaf proqramlarını tərtib edərkən bölgələrdən rəylər aldıq. Bizim bu gün müzakirə etdiyimiz və 2014-cü ildə qəbul olunmuş üçüncü Dövlət Proqramı da yerlərdən gələn təkliflər əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq tərtib edilmişdir. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq.
2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz – Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər.
Bizim proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki biz 2004-cü ildə enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni, bizim inkişafımızı ləngidən xarici amillər idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansı qiymətə alacağıq?! Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Biz buna qısa müddət ərzində nail olduq. 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, bu gün necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik?!
Onu da deməliyəm ki, son 13-14 il ərzində yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir. Bu gün bizim 35 elektrik stansiyamız varsa, onların 26-sı proqram icra edilərkən tikilmişdir. O vaxt Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıbdır.
2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə, biz məşğulluğu təmin edə bilmişik. Müasir yol infrastrukturu yaradılır, bu proses davam etdirilir. Bu il görüləcək işlər haqqında danışacağıq və qarşıya məqsəd qoyulub ki, bütün yollarımız yüksək səviyyədə olsun, magistral, şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar.
Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır. Dörd su anbarı tikilmişdir. Xüsusilə, onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm. Tovuzçay, Göytəpə su anbarları tikilmişdir. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır. Çünki əfsuslar olsun ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək. Bu sahə də çox böyük investisiya tələb edən sahə idi. Hesab edirəm ki, bu sahədə əsas işlər görülübdür. Mən görüləcək işlər haqqında bir qədər sonra fikirlərimi bildirəcəyəm.
Beləliklə, deyə bilərəm ki, birinci proqramdan sonra əsas infrastruktur layihələri icra edildi. Mən çox şadam ki, biz bunu qısa müddət ərzində etdik. Mən həmişə çalışırdım ki, biz bunları vaxt itirmədən edək. Çünki bu, ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruridir. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Bu, bizim ölkəmizi böyük dərəcədə gücləndirmişdir, elə bir imkan yaratmışdır ki, bu gün Azərbaycanda istənilən sahəyə investisiya qoymaq istəyən qurumlar fəallaşır. İnvestisiya ancaq o yerə qoyulur ki, orada artıq baza infrastrukturu var. Əgər iş görmək istəyən hansısa investor görsə ki, işıq, qaz, su yoxdur, heç vaxt investisiya qoymaz. Yaxud da heç bir investor öz hesabına infrastruktur layihələrinə pul qoymaz. Bu, dövlətin işidir. Biz bunu daxili və xarici investorlar üçün görmüşük.
O ki qaldı daxili biznes qurumlarının fəaliyyətinə, deyə bilərəm ki, bu illər ərzində Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşmışdır. Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməmişdir. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, – bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb.
Son illər ərzində – 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni, artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə – 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik.
Hesab edirəm ki, bu da bir yenilik idi. Mən xatırlamıram ki, hər hansı bir ölkədə biznes strukturlarına dövlət tərəfindən, bax, bu formada yardım göstərilsin. Onu da qeyd etməliyəm ki, bizim təcrübəmizdən indi bir çox ölkələr istifadə edirlər və bizi nümunə kimi göstərirlər. Ona görə infrastruktur layihələri, onunla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması vahid bir proqram çərçivəsində uğurla icra edilir.
Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur.
Sosial infrastruktura gəldikdə, qeyd etməliyəm ki, son illər ərzində – 2004-cü ildən başlayaraq üç mindən çox məktəb tikilib və ya təmir edilmişdir. Altı yüzdən çox tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Ancaq bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilmişdir. Yəni, bütün sosial infrastruktur bloku da daim diqqət mərkəzində idi. Bu proses davam etdirilir. Bu ilin dövlət investisiya proqramında da sosial infrastrukturun yaradılması üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmuşdur.
Biz bu illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atmışıq. Azərbaycanda kosmik sənaye yaradılmışdır. Bizim artıq iki peykimiz var. Bu da yenilikdir, texnologiyadır, biznesdir. Əlbəttə ki, biz bu məsələlərə bu nöqteyi-nəzərdən yanaşırıq. Əgər həm müasir texnologiyaların inkişafı, həm kadr hazırlığı, həm də ki, kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir. Biz bu yolla gedirik və əminəm ki, o peyklərin hazırlanmasına, orbitə buraxılmasına qoyduğumuz bütün vəsait qaytarılacaq. Çünki artıq bunun biznes imkanları kifayət qədər genişdir.
Biz bu illər ərzində ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələri həyata keçirmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci illərdə istifadəyə verilmişdir. İndi ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bax, bütün bu infrastruktur layihələrini biz nəyə görə icra etmişik? Eyni zamanda, bu layihələr bölgədə yerləşən ölkələr üçün də xeyir gətirir, regional əməkdaşlığı dərinləşdirir, bölgədə, regionda sabitliyi möhkəmləndirir və əlbəttə ki, Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik. Baxmayaraq, bir çox qüvvələr var idi ki, bizə problem yaratmaq, bu layihələri əngəlləmək istəyirdilər. Alınmadı, çünki biz güclü siyasi iradə ortaya qoyduq və düşünülmüş siyasətlə, çox dəqiq siyasətlə bu strateji hədəflərə çata bilmişik.
Bu gün isə bu təbii dəhliz əsasında yeni bir qlobal layihəni – Cənub Qaz Dəhlizini icra edirik. Bu layihə də uğurla icra edilir. Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan yenə də bax bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı ona yaxın beynəlxalq konfransda, tədbirdə iştirak etmişəm. Bu tədbirlərdə əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Yəni, konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Qərar qəbul etdik ki, biz bunu özümüz öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular, əlbəttə ki, bu da məqbul bir haldır. Biz bunu alqışlayırıq. Əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır. Lakin bir daha onu demək istəyirəm ki, Cənub Qaz Dəhlizi bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, Azərbaycanın bu işdə liderliyi, fəal və əsas rolu ötən ilin fevralında Bakıda keçirilən ikinci Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yekun sənədində də göstərilib.
Bu layihə əlbəttə ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin icrasından sonra həm maliyyə imkanlarımız böyük dərəcədə artacaq, eyni zamanda, Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.
Yəni, son illər ərzində görülmüş bütün işləri sadalamaq çətindir. Mən sadəcə olaraq, əsas məqamları diqqətinizə çatdırıram. Ona görə ki, bu, bizim tariximizdir. Bunlar olmasaydı, bu gün biz gələcək planlarımız haqqında danışa bilməzdik. Azərbaycan o ölkələrdəndir ki, neftdən çox səmərəli və ağıllı şəkildə istifadə etmişdir. Mən xatırlayıram, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.
Onu da deməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək.
X X X
Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov və Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov çıxış etdilər.
Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi.