
Dünyaşöhrətli fotoqraf Reza Deqati Çin Xalq Respublikasının Hunan vilayətində keçirilən Beynəlxalq Foto Sənəti Federasiyasının (International Federation of Photographic Art – FIAP) 9-cu Foto Görüşü beynəlxalq foto tədbirinə əsas çıxışçı və mentor kimi dəvət olunub. Tədbir FIAP, Çin Foto Sənəti Cəmiyyəti, eləcə də Hunan vilayətinin Xarici İşlər İdarəsi və Mədəniyyət-Turizm Departamenti tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində Reza Deqati 15 gün ərzində 40 ölkədən, həmçinin Çindən olan 400-dən çox fotoqrafla birlikdə səyahət edib və öz təcrübələrini bölüşüb.
Tədbirin iştirakçılarından Rasha Al Abdali öz sosial media səhifəsində qeyd edir: “9-cu Foto Görüşü zamanı əfsanəvi fotojurnalist Reza Deqatinin mühazirəsini dinləmək şansımız oldu. Onun dərin və ilhamverici təqdimatı hər kəsi ovsunladı – işi bizi həm təsirləndirdi, həm ümidləndirdi, həm də güldürdü. 60 ildən çox davam edən yaradıcılıq yolunun hikməti bir anlıq hamını düşündürdü. Deqatinin insanlıq və dəyərlər haqqındakı mesajı bizə unudulmaz dərs verdi: sənət vasitəsilə insanlığın əsas prinsiplərini əks etdirərək güclü təsir yaratmaq və bu qarışıq dünyanı bir az da olsa daha yaxşı bir yerə çevirmək mümkündür”.
Çıxışında Reza Deqati müxtəlif ölkələrdə çəkdiyi fotoları və videoları təqdim etməklə yanaşı, xüsusi olaraq Qarabağ həqiqətlərini tədbir iştirakçılarına çatdırıb. Onun Qarabağla bağlı danışdığı hekayələr beynəlxalq fotoqraflar arasında böyük maraq doğurub. Reza Deqati çıxışında deyib: “Məni ən çox təəccübləndirən o oldu ki, Türkiyədən olan bir fotoqraf istisna olmaqla, digər 399 fotoqraf Qarabağ haqqında yalnız erməni rəvayətlərini bilirdi. Bu, Qarabağ həqiqətlərini yaymaq üçün hələ uzun yolumuz olduğunu göstərir. Amma əminəm ki, həqiqət qalib gələcək”.
Bu beynəlxalq platformada Reza Deqatinin çıxışı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımdır.