Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər iştirak ediblər.
Milli musiqi sədaları altında təşkil olunan mərasimdə cüdoçulara gül dəstələri təqdim olunub.
Son 10 ayın gərgin məşq prosesləri ilə keçdiyini bildirəm Elmar Qasımov mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. “Rio-2016”nın gümüş mükafatçısı deyib: “Braziliyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Buna baxmayaraq üçrəngli bayrağımızı Rioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir”.
Cüdoçu qeyd edib ki, ən əsası yarışı zədəsiz başa vurdum. Qarşıda yeni sınaqlar var. Üzərimdə var gücümlə çalışıb növbəti yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəyəm.
On gün istirahətdən sonra yenidən məşq prosesinə start verəcəyini bildirən Rüstəm Orucov növbəti hədəfinin gələn il Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları olacağını söyləyib. “Keçirdiyim dörd görüşdə asanlıqla qələbə qazandım. Ən çətin görüşüm yaponiyalı rəqibə qarşı final oyunu oldu. Qazandığım nailiyyətə görə, öz şəxsi məşqçimə təşəkkürümü bildirirəm”, – deyə cüdoçumuz vurğulayıb.
XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur.
Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb.
Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edir.
XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.