1905.az portalının “Diskussiya klubun”da bu dəfə biz “Qarabağ düyünü rus və ingilis dillərində” mövzusunu fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universiteti Avropaşünaslıq kafedrasının müdiri Sevda Axundova, Report.az portalı rus dili şöbəsinin təmsilçisi Cəfər Ağadadaşov, tərcüməçi Aygün Quliyeva, Xarici Dillər Universiteti, ingilis dili kafedrası, pedaqoq Elvina Baxışova, ingilis dili, sərbəst tərcüməçi Adil Bünyadla müzakirə etdik.
Fuad Babayev: Xoş gördük hər birinizi!
Qarabağ həqiqətlərini Azərbaycan dilində yayanda bilməliyik ki, bunu bizdən başqa heç kim başa düşməyəcək. Posstovet ölkələrində həqiqətlərimizi çatdırma dili əsasən rus, dünyada isə əlbəttə ki, ingilis dilidir. Necə bilirsiniz, bu dillərdə bizim hansı problemlərimiz var? Əvvəlcə orta statistik azərbaycanlının rus və ingils dili biliyi barədə danışaq.
Adil Bünyad: Cəmiyyətimizdə insanların rus dilini bilmə səviyyəsi getdikcə aşağı düşür. Bilənlər isə onu danışıq səviyyəsində bilirlər. Son 2-3 ildə məni Azərbaycan-ingilis dilindən başqa, Azərbaycan-rus dili tərcümələrinə də çağırırlar. Əvvəllər belə şey olmurdu. Bu da dil daşıyıcılarının sayının azalmasını göstərir. Texnologiyanın geniş imkanlarna baxmayaraq dil bacarıqları günbəgün azalır. Dili gözəl bilən gənclər də var. Amma onların sayı təxminən 5%-dir.
Elvina Baxışova: Bu il birinci kurslarla işləyirəm. Beynəlxalq Münasibətlər fakültəsinin müəlliməsiyəm. Əvvəllər tələbələr bizə ancaq 3-cü ixtisas qrupundan gəlirdilərsə son illər həm də 2-ci qrupdan gəlirlər. Ona görə də tələbələrin dil biliyinin aşağı olması dərhal hiss olunur. Təəssüf, bizim ən böyük problemimiz tələbələrin öz fikrinin olmamasıdır. Cümlə qurmaq üçün insanda fikir olmalıdır. Suallara ancaq “hə”, “yox” ilə cavab vermək olmaz. Rus bölməsi ilə Azərbaycan bölməsi arasında təəssüf, çox fərq var. Rus bölməsinin tələbələri daha komplekssiz və daha geniş dünya görüşünə malik olurlar.
İnternetdə Azərbaycanla bağlı ən elementar şeylər barədə məlumatlar yox səviyyəsindədir
Mən dilçiyəm. Biz dilçilərin üzərinə böyük yük düşür. Elə bu yaxınlarda Novruz ərəfəsi tələbələrə paxlava, səməni və s rəmzlərimiz barədə məlumat əldə etməyi tapşırmışdım. Onlar gələcəyin diplomatıdırlar, bizə xırda görünsə də dövləti təmsil etmək üçün çox önəmli bu detalları da bilməlidirlər. Tapşırığı verdim, amma bu haqda çox az məlumat tapdılar. Təəssüf, Azərbaycanla bağlı internetdə ən xırda şeylər barədə məlumatlar yox səviyyəsindədir.
Cəfər Ağadadaşov: Problemin kökü bu gündən başlamır. Sovet dönəmində rus dilində təhsil Azərbaycan dili ilə müqayisədə çox güclü idi. Sovet imperiyası dağıldı. Məntiqlə biz bundan sonra əsas vurğunu Azərbaycan dilinin tədrisinə qoymalı və dilin inkişafı üçün daha çox çalışmalı idik. Bəs nə baş verdi?! Bir türk var. Yoldaşı azərbaycanlıdır. Danışanda rus sözlərindən istifadə edir. Bəzən deyirəm sən nə danışırsan? Deyir ki, bilmi, uşaqlar işlətdiyindən o da işlədir. Yəni dilimiz öyrənmədikcə yad təsirlərə məruz qalır. Biz dilimizə hörmət etməli, onu qorumalıyıq. Uzun illər dünya klassikləri Azərbaycan dilinə tərcümə edilmədi. Bu da dilin inkişafını ləngitdi. Şəhərdə kitab oxuyan adama rast gəlmək nadir hadisəyə evrilib.
Adil Bünyad: Doğrudur, amma son 2-3 idə vəziyyət dəyişib. Azərbaycan dilində kitab çeşidlərinin sayı artır. Bu bazardır, kitabxana deyil. İnkişaf varsa deməli, tələb var. Bu, əlbəttə, sevindirici haldır.
Elvina Baxışova: Bu yaxınlarda Çingiz Abdullayevin bir müsahibəsini oxudum. Jurnalist sual verir ki, niyə Azərbaycan dilində ədəbiyyat oxuyanların sayı azdır? Dedi tərcümə olunsa oxuyarlar. Razıyam bu fikirlə. Bizdə tərcümə yalnız son illər inkişaf etməyə başladı.
Sevda Axundova: Müzakirə etdiyimiz mövzu ciddi problemdir. Problem əslində Azərbaycan dilindən başlayır. Gəlin, görək Azərbaycanda dilimizi akademik səviyyədə bilənlərin sayı neçə faizdir? Bu statistikanı biləndən sonra xarixi dillərə keçmək lazımdır. Bakı Slavyan Universitetinin bu sahədə atdığı ciddi addımlar var. Hələ keçmiş rektor Kamal Abdulanın vaxtından bizdə belə bir tendensiya var: rus dili bölməsini bitirənlər Azərbaycan dilində fikrini heç olmasa düzgün ifadə etməlidir. Bundan əlavə, sessiya vaxtı tələbəyə 5 kitab verilir. Müxtəlif dillərdə. Tələbə verilən 5 kitabı oxumalıdır. Və aidiyyatı kafedralar sessiya zamanı tələbələri yoxlayır. Bu tendensiyadan sonra gözəl nəticə əldə etməyə başladıq.
Universitetdə Polşa, Yunanıstan, Bolqarıstan, Çexiya, Ukrayna, Türkiyə və s ölkələrin mərkəzləri var. Bu ixtisasları bitirən tələblərin əksəriyyəti bu dillərdə sərbəst danışa bilirlər. Təəssüf, bizim əsas problemlərdən biri insanların Azərbaycanda doğulub yaşamasna baxmayaraq Azərbaycan dilini bilməmələridir. İrad bildirəndə də “evdə Azərbaycan yox, rus dilində danışırıq” deyirlər.
Fuad Babayev: Sovet dönəmində də belə idi. Azərbaycan dilini bilməyən azərbaycanlı bundan narahat olmurdu, amma rus dilini bilməyən azərbaycanlı bunu özünə dərd edirdi.
Başqa millətin dilini, mədəniyyətini həmişə özümüzkündən üstün tuturuq
Aygün Quliyeva: Problem insanlararın məsələyə yanaşmasındadır. Biz yad mədəniyyəti bilməkdən qürur duyuruq, özümüzünkünü bilməməkdən isə utanmırıq. Qınaq lazımdır. Rus dilini bilməyənlərini qınadığımız kimi öz dilimizi bilməyənləri də qınamalıyıq. Dilimizə hörmətdən başlamayıq inkişafa.
Fuad Babayev: Rus və ingilis dillərində Qarabağla bağlı məlumatların vəziyyəti necə, ürəkaçandır?
Cəfər Ağadadaşov: Biz həmişə rus və ingilis dillərində informasiya azlığından danışırıq. Amma əsas problemimiz Azərbaycan dilindən başlayır. Həqiqətlərimizi öyrənmək üçün Azərbaycan dilində doğru informasiya tapmaq çətindir. İnsanlar öz dillərinə, mədəniyyətlərinə güvənmirlər. Onlara elə gəlir ki, Avropada hər şey var, bizdə yoxdur. Bu da natamamlıq yaradır. Əgər sən azərbaycanlısansa öz dilini, mədəniyyətini, tarixini bilirsənsə o zaman sənin özünə inamın da olacaq.
Dağlıq Qarabağ məsələsinə gəldikdə isə biz həmişə reaksiya vermək mövqeyindəyik. Ermənilər nə isə yazır, biz də yazaq, nə isə etdilər biz də edək. Amma bu belə olmalı deyil. Məsələn, sovet təbliğatı Amerikanın hücum etməsini gözləmirdi. Özü hücum, müdafiə və s planlar hazırlayırdı. Qarabağ haqqında məlumat azdır. Heç kim baş verən hadisənin tarixi, detalları, səbəbi ilə maraqlanmaq istəmir. Məsələn, 31 Mart soyqırımın növbəti il dönümü oldu. Hamı bu haqda şablon, 10 cümlədən ibarət yazını yerləşdirdi internetə. Demək olar ki, heç kim bir tarixçiyə zəng edib, hadisənin səbəbi, nəticəsi, tarixi barədə bir şey öyrənmədi.
Aygün Quliyeva: Çünki saytlar reytinqə işləyir. Onlar üçün oxucu gətirən xəbərlər maraqlıdır.
Sevda Axundova: Dil mədəniyyətə və tarixə bağlıdır. O mədəni tarixi kateqoriyadır. Milli şüurun formalaşdırmasına universitetlərdə, məktəblərdə geniş yer ayrılmalıdır. Qarabağ bizim yaramızdır. Təbliğat səviyyəli aparılmalıdır. Televizya kanalları təbliğatla bağlı verilişlərə yer ayırmalıdır ki, nəticəsini yaxın gələcəkdə görə bilək.
Xocalı bizi bir millət kimi birləşdirə bilirmi?!
Cəfər Ağadadaşov: Qarşıdan 9 may Qələbə günü gəlir. Bu həm Rusiya, həm də keçmiş postsovet ölkələrini birləşdirən bir tarix, bir gündür. Yaxşı bəs, Xocalı bizi bir millət kimi birləşdirə bilirmi? Heç olmasa bir gün…
Adil Bünyad: Tanıtım məsələsi ilə bağlı bir məqamı qeyd etmək istəyirəm. Müxtəlif dillərdə yayımlanan saytların çox olması sevindirci haldır. Sayın çox olması hələ keyfiyyət demək deyil. Bəzən ingilis dilində mətni hazırlayırıq, düşünürük ki, bunu ingilis də başa düşəcək. Amma bu belə deyil. Adaptasiya məsələsini yaddan çıxarmaq olmaz. Bu iş maliyyə tələb etsə də yaxşı olar ki, məlumatı yaymazdan əvvəl onu dilin daşıyıcısına oxutduraq, redaktə etdirək. Çox xırda bir detalı diqqətinizə çatdırmaq istəyirəm. Turistlər üçün müxtəlif broşürlər, yol göstəriciləri çap edilir. Məsələn, Şəki sözünü xaricinin başa düşməsi üçün “Sheki” kimi yazırıq. Hesab edirik ki, bu oxunacaq. Amma tutaq ki, amerikalı turist amerikalının hazırladığı yol göstəricisinə baxır və o sözü “Şəki” kimi görür. Bunun da çox sadə izahı var: O bizim ölkəyə gələndə hər şey bizim “ə”, “ş” əlifbası ilə yazılacaq. Vaxtında baxır ki, bura gələndə çətinlik olmasın.
Fuad Babayev: Gəlin, təkliflərdən danışaq.
Cəfər Ağadadaşov: Vətənpərvərlik öz yerində, amma biz ilk növbədə özünü tərbiyədən başlamalıq hər şeyə. Əgər mən Azərbaycan vətəndaşıyamsa, problemimi bilməliyəm, cəmiyyətdə özümü düzgün aparmalıyam ki, sabah kimsə məndən bunula bağlı nə isə soruşanda üzünü çevirib getməsin.
Adil Bünyad: Xarici dillərə tərcümə etdiyimiz materialları mümkün qədər redaktə edib mətbuata yaymalıyıq.
Aygün Quliyeva: 1905.az portalının materiallarının rus dilinə tərcümələrini etmişəm. Məncə, universitet tələbələri sizin portala cəlb edilsə hər iki tərəf bundan xeyir görər. Uyğun ixtisaslarda təhsil alan tələbələr üçün bu çox maraqlı olar. Araşdırdığı materialların portalda yayımlandığı görəndə onlar da həvəslənər.
Sevda Axundova: Artur Çarlz Klarkın bir sözü var: “Bizim nəsil yaradıcıdan tamaşaçı nəslinə çevrilib, bunun qarşısını almaq lazımdır.” Bu, doğrudan da belədir. Biz gözləyirik ki, təbliğatı kimsə aparmalıdır, dövləti kimsə müdafiə etməlidir. Amma biz hər birimiz fəal olmalıyıq. Öz torpağımız, dilimiz, tariximizə sahib çıxmalıyıq. 26 fevral Xocalının növbəti il dönümündə Slavyan Universitetində 4-cü kurs tələbələri öz təşəbbüsləri ilə 12 dildə plaklatlarla “Xocalıya ədalət” flaşmobu keçirdilər və yutuba yüklədilər. Tələbələrimizin bu qədər həvəsli olduğunu bilmirdik. Yəni tələbələr nə isə etmək istəyəndə onlara şərait yaratmaq lazımdır. Şərait yaradanda hər iki tərəf bunun effektiv nəticəsini görür.
Cəfər Ağadadaşov: Dövlət də təbliğat işində aktiv olmalıdır. Biz dəstəksiz işin effektini 1 ilə görəcəyiksə, dövlət müdaxilə etsə onun effekini daha tez görərik.
Aygün Quliyeva: Amma biz təşəbbüs göstərməliyik ki, dövlət də dəstək olsun.
Fuad Babayev: Hər birinizə minnətdarıq.
Hazırladı: Aynur Hüseynova
1905.az
17 aprel 2015-ci il